Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2021 10:00

İnsanın ən böyük sərvəti sağlamlıqdır

Ümummilli liderimiz Heydər Əliyev daim səhiyyənin qayğısına qalır, bu sahənin davamlı inkişafı üçün lazım olan şəraiti yaradaraq qeyd edirdi: "Özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır." Böyük tarixi şəxsiyyətin tövsiyələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük sədaqətlə davam etdirir. Hərbi qulluqçuların sağlamlığını qorumaq isə ikiqat şərəfli və məsuliyyətlidir. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin tabeliyində olan Mərkəzi Stomatoloji Poliklinikanın əməkdaşları da bu vəzifəni məsuliyyətlə yerinə yetirirlər.
Silahlı Qüvvələrin baş stomatoloqu, Mərkəzi Stomatoloji Poliklinikanın rəisi, tibb xidməti polkovnik-leytenantı Samir Fətəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin orduya qayğısından, diqqətindən, həmçinin onun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan genişmiqyaslı islahatlardan, hərbi səhiyyənin müasir tələblər səviyyəsində qurulmasından və 44 gün davam edən Vətən müharibəsindən qürurla danışdı. Bu qələbəni bəşəri qələbə adlandırdı:
- Silahlı Qüvvələrimizdə ən müasir tələblərə cavab verən tibb müəssisələri mövcuddur. Poliklinikamızın yerləşdiyi bina yeni təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar daim yeniləri ilə əvəzlənir. Dərman ləvazimatları, ən yeni sarğı materialları üz və çənə sahəsində baş verən problemləri, ağız boşluğu və selikli qişada baş verən patalogiyaları aradan qaldırmaq üçün dərman preperatları vasitələri qeydə alınır, Tibb Baş İdarəsinin anbarından götürülərək xəstələrə tətbiq olunur. Burada çalışan savadlı, xeyirxah həkimlər hər an zabit və əsgərlərimizin sağlamlığının keşiyindədirlər. Biz zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, əsgərlərin, Vətən müharibəsi yaralılarının, ehtiyatda olan hərbçilərin, onların ailə üzvlərinin və mülki vətəndaşların da ambulator müayinə və müalicəsini aparırıq.
Poliklinika 4 əsas bölmədən - 3 yardımçı  bölmədən və diş texniki laboratoriyasından ibarətdir. Poliklinikada stomatoloji yardımdan əlavə dişlərin bərpası ilə də məşğul oluruq. Diş texniki laboratoriyasının tabeliyində 28 texnik fəaliyyət göstərir. Burada dişlər hazırlanıb  həkimlərə təhvil verilir. Müasir stomatologiyada mövcud olan hər bir işlə məşğuluq. Əməkdaşlarımız davamlı olaraq növbəli sistemdə 3-9 ay, hətta 1 il müddətinə Türkiyədə Gülhanə Tibb Akademiyasında kurs keçirlər. Onlar hər il, indi mövcud olan pandemiya dönəmində və müharibə zamanı mümkün olmasa da, öncəki illər qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərində, Avropanın mərkəzi şəhərlərində konfranslara, treninqlərə qatılaraq müasir stomatologiyada baş verən yeniliklərlə yaxından tanış olur və bu yenilikləri xəstələrimiz üzərində uğurla tətbiq edirlər.
Poliklinikada 19 zabit həkim-stomatoloq, 9 gizir və 16 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 100-ə yaxın mülki işçi müraciət edənlərin xidmətindədir. Müraciət edənlər ilk olaraq qeydiyyata alınaraq aparıcı-mütəxəssislərin baxışından sonra rentgen-diaqnostika olunur, hansı dişlərin müalicəyə, hansıların ortopedik müalicəyə ehtiyacı varsa, müalicəsi üçün müvafiq şöbələrə göstəriş verilir. Qısa müddət ərzində müraciət edən xəstələrin problemləri aradan qaldırılır.
Silahlı Qüvvələrin baş stomatoloqu qeyd etdi ki, stomatoloji sahədə icad olunan bütün yeniliklər burada da həyata keçirilir. “Ağız boşluğundakı bütün problemləri aradan qaldırırıq, cərrahiyyə, implant, breket, sümük və digər ambulator şəraitdə nə mümkündürsə, poliklinikada həyata keçirilir. Əməliyyat bloku lazım olan əməliyyatlar hospitalda həyata keçirilir. Bölgələrdə stomatoloji problemlər baş verən zaman aparıcı mütəxəssislər, stomatoloqlar, səyyar-stomatoloq mütəxəssislər oraya ezam olunaraq xəstələrin müalicəsi ilə məşğul olurlar.
Vətən müharibəsində həkimlərimiz böyük məsuliyyətlə, sutka ərzində fəaliyyət göstərdilər. Ali Baş Komandanın əmrinə uyğun olaraq 27 sentyabr 2020-ci ildə Poliklinika rəisi, ortopediya, terapeya bölmə rəisləri və şəxsi heyət ön xəttə ezam edilərək xidmətlərini orada davam etdirdilər. Bu dövrdə onlar yaralanmış döyüşçülərin üz-çənə nahiyəsində baş verən yaralanmalara ilkin yardım edərək müdaxilələr edib və yaralıların təxliyəsi ilə məşğul olublar. Bu işdə onlara Səhiyyə Nazirliyinin tabeliyində olan təcrübəli aparıcı üz-çənə cərrahları da köməklik ediblər. Üz-çənə hissəsindən yaralanmış döyüşçülər ilkin yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına, Səhiyyə Nazirliyinin üz-çənə cərrahiyyəsi kafedralarına təxliyə ediliblər”.
1993-cü ildən həkim kimi xidmətdə olan polkovnik-leytenant Samir Fətəliyev daha sonra dedi:
- Qətiyyətlə deyə bilərəm ki, yaralanan döyüşçülərin  üz-çənə nahiyəsində bütün travmalar, zədələr tam bərpa olundu. Uğurlarımızda təchizat mühüm əhəmiyyətə malik oldu. Buna görə dövlət başçımıza, ordu rəhbərliyinə minnətdarıq. Biz ən müasir avadanlıqlarla hərtərəfli təmin olunmuşuq.
İmplantalogiya və üz-çənə cərrahları cəmiyyətinin üzvü olan polkovnik-leytenant Samir Fətəliyev Avropanın mərkəzi şəhərlərindəki klinikalarda keçirilən konfranslarda diplomlarla təltif olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva əxlaq və mənəviyyat haqqında yazdığı kitabında "Yaxşı həkim, ilk növbədə, yaxşı insan olmalıdır. Əgər o, yaxşı insan deyilsə, yaxşı həkim də ola bilməz. Əgər yaxşı həkim insanı qiymətləndirməsə, onu başa düşməsə, onunla nəvazişli davranmasa, onun biliyinin nə qiyməti olacaq?" deyirdi. Peşəkar həkimin müraciət edən xəstələrin dərin hörmətini qazandığını hiss edərək demək istərdim ki, hər kəs öz peşəsinin güclü mütəxəssisi olmalıdır. Burada olduğumuz qısa zaman ərzində eşitdiklərimə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, tibb xidməti polkovnik-leytenantı Samir Fətəliyev həkimə xas olan bütün insani keyfiyyətləri özündə birləşdirən peşəkar  mütəxəssisdir və poliklinikada da belə bir mühit yaradılıb.
Qələbələrdən, Zəfər paradından danışarkən Samir həkim "Həm hərbçi, həm də həkim adı ilə qürurlanıram", - dedi.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"