Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Tariximizin şərəfli anlarını yaşadıq

Rayonlarımız işğaldan azad olundu. Vətən müharibəsi, qazanılan qələbə  tariximizin ən şərəfli anlarını yaşatdı. 44 gün ordumuzun qələbəsinə inamla ötüşdü - döyüşlər, qələbə...
Ermənilər 28 ildən bəri davam edən atəşkəs rejimini böyük təxribatlar törətmək məqsədi ilə pozmuşdu. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başlamışdı. Torpağını, xalqını sevən cəsur oğullar cəbhə bölgələrində erməni işğalçılarına qarşı vuruşurdu. Vuruşurdu ki, uzun müddət erməni tapdağında qalmış torpaqlarımızı azad etsin. Uzun illər yurd-yuvasının həsrətini çəkən insanlar doğma ocaqlarına dönsünlər. Vətən müharibəsi tarixin səhifələrinə də elə bu şəkildə, bu formada, bu biçimdə düşəcək. Azərbaycan Ordusunun zabit və əsgərləri döyüş əmrini məsuliyyətlə, şərəflə yerinə yetirirdilər. Həmin günlərdə yaşanan tarixi hadisələri gələcək nəsillər daim hörmət və ehtiramla xatırlayacaqlar!
Həmişə təəssüf hissləri keçirirəm ki, gözəlliyinə şeirlər həsr olunmuş, mahnılar bəstələnmiş Şuşanı görməmişəm, o yerlərin havasını udmamışam, suyundan içməmişəm, heyrətamiz təbiətini seyr etməmişəm. Sentyabrın 27-də başlanan döyüşlər ordumuzun üstünlüyü ilə davam edirdi. Əsgərlərimiz uğurlu döyüşləri ilə bizi sevindirirdilər. Şuşanın da azad ediləcəyinə inanırdıq və bu inamla da mənim Şuşaya gedəcəyimə gümanım vardı.
İstər Şuşa uğrunda vuruşan hərbçilərimizdən də, istərsə də burada doğulub böyümüş insanlardan da, oranın səfasını görənlərdən də Azərbaycanın musiqi beşiyi olan bu gözəl şəhərin ünvanına yalnız və yalnız məhəbbət və sevgi dolu sözlər eşidirdim. Bu sözləri dinlədikcə Şuşaya sevgi və məhəbbətim bir az da artırdı. Təkcə mən yox, demək olar ki, hamı Şuşanı görmək arzusu ilə yaşayırdı. Xalqın Şuşa sevgisi, Şuşa məhəbbəti artdıqca artır, kükrədikcə kükrəyirdi. Bu sevgi dünyanı heyrətləndirirdi. Kükrəyib daşan bu sevginin, bu istəyin qarşısını heç kim və heç nə ala bilməzdi. Şuşa işğaldan azad edildi.
Qırx dörd gün doğma Qarabağımızın azadlığı uğrunda qanlı döyüşlər getdi. Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Böyük uğurlar və zəfərlər qazanıldı. Hazırda Azərbaycanın bayrağı işğaldan azad edilmiş şəhər və kəndlərimizdə dalğalanır. Bu qürurverici mənzərələri seyr etdikcə qəlbimiz iftixar hissi ilə dolur. Xalqımızın ən böyük arzularından biri işğaldan azad edilmiş başqa şəhərlərimiz kimi Şuşaya da qalibiyyət bayrağının sancılması idi.
Qəlbimdən süzülə-süzülə ağ vərəqlər üzərinə düzülən bu cümlələri yazmağa məni həvəsləndirən sosial şəbəkələrdə gördüyüm maraqlı bir mənzərə oldu. Həmin mənzərə bir anlıq da olsa, mənə neçə illər əvvəl baş vermiş qanlı-qadalı hadisələri xatırlatdı: Ermənilər 1993-cü il oktyabrın 29-da Zəngilanı işğal edəndə rayon camaatı düşmənə əsir düşməmək üçün Arazı keçməli oldu. Neçələri gur sularda boğuldu. Bir günün, bir anın içində həm doğma ocaqlarını, həm də yaxınlarını itirmək Zəngilan camaatına ağır dərd oldu.
Sosial şəbəkələrdəki gördüyüm mənzərə ağrı-acılarla dolu olan anları bir daha yadıma salanda, yaralarımın qaysağı qopdu. Ordumuzun hissələri Cəbrayıl istiqamətində irəlilədikcə, hərbçiləri ilə bərabər, burada qanunsuz məskunlaşıb yaşayan ermənilər də qorxularından qaçdılar, həm də işğal edilmiş ərazilərimizdən quru yolla deyil, Arazdan keçərək İran ərazisi ilə Mehri tərəfə qaçırdılar.
Bu, tarixin yazısı idi...
Doğrudan da, tarix təkrar olunurmuş. Zəngilanlılar da Arazı iyirmi səkkiz il əvvəl məhz oktyabr ayında keçmişdilər. İndi ermənilər də Arazı həmin ayda keçirdilər. Fərq burasındaydı ki, azərbaycanlılar ata-baba yurdlarından qaçqın düşmüşdülər, ermənilərsə doğma ocaqlarından deyil, heç vaxt özlərinin olmayan və heç vaxt da olmayacaq Azərbaycan torpaqlarından qaçırdılar.
İllər idi ki, qaçqınlar doğma ocaqlarına dönəcəkləri günü həsrətlə, intizarla gözləyirdilər. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı uğurlar və zəfərlər insanlarda dədə-baba yurdlarına qayıdacaqlarına böyük inam yaradırdı. Ordumuzun qələbələri və zəfərləri artdıqca bu inam da boy verib böyüyürdü. Sanki illərin zülmət qaranlıqlarından güclü bir işıq doğulub parlayırdı. Bu işığın şöləsi heç vaxt, heç zaman sönməyəcək.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"