Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Ölüm var ki, həyat qədər dəyərli...

Günlərin hamısı yadda qalmır. Elə əlamətdar, xüsusi dəyər daşıyan, müqəddəs günlər var ki, heç vaxt unudulmur. Vətən müharibəsində qazanılan qələbə kimi...
Sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan, 44 gün davam edən və işğal altındakı tarixi torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qüruru oldu.
Vətən və millət naminə canından keçənlərin fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Vətən müharibəsində sərhədlərimiz bütövləşdi, qəhrəmanlıq salnaməsi yazıldı. Bunun üçün yüzlərlə igid, mərd döyüşçümüz şəhid oldu. Şəhidlər xalqın tarixi yaddaşına həkk oldular. Qəhrəmanlıq nümunəsi yaradaraq milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. Vətənin əbədiyyət günəşinə çevrildilər.
Nuri Xəyal Şakir oğlu 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdu. Vüqar Rüstəmov adına tam orta məktəbdə təhsil almışdı. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdu. Aprel döyüşlərinin iştirakçısı idi. 2017-ci ildən "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. 2020-ci ilin 29 sentyabrında Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Xəyal Nuri Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Atası Şakir Nuriyev nə qədər kədərli olsa da, oğlunun Vətən uğrunda ölümünü təsəlli bilir.  Xəyal bu gün  təkcə ailəsinin deyil, bütün Azərbaycan xalqının qəhrəman övladına çevrilib. "Şəhidlər onları sevən milyonların qəlbinə köçür. Mən dekabrın 10-da keçirilən Zəfər paradını izləyərkən sonsuz qürur hissi keçirdim. Bir daha fəxr etdim ki, Qələbənin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Xəyalın da payı var".
Şəhid atası dedi ki, Xəyal uşaq yaşlarından mərdliyi, qorxmazlığı, vətənsevərliyi ilə seçilərdi. “Böyüyüb formalaşdıqca düşmən işğalında olan torpaqlarımızın, zülmlərə məruz qalan soydaşlarımızın qisasını almaq hissi ilə yaşayırdı. 20 Yanvar, Xocalı faciələrindən ürək ağrısı ilə danışardı”.
Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Şakir Nuriyev deyir ki, dövlət başçımız da, birinci xanım da şəhidlərimizi ehtiramla anır, ailələrinə xüsusi həssaslıqla yanaşırlar.
Oğlu haqqında danışarkən Lahidə ananın səsində əbədi ayrılığın qəhəri, kövrəklik fonunda  qürur da aydın hiss edilirdi. Şəhidin anası dedi ki, mən oğlumla fəxr edirəm. "Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Xəyal çox vətənpərvər, torpağını, xalqını sevən qeyrətli bir oğul idi. Uşaq yaşlarından yaşıdları ilə oynadığı oyunlarda ağacdan düzəltdiyi avtomatla "düşməni" məhv edər, "mən böyüyəndə düşmənlərimizi məğlub edən qəhrəman olacağam", - deyərdi. Aprel döyüşlərinin iştirakçısı idi. Lələtəpədə dalğalanan müqəddəs bayrağımızdan, Cocuq Mərcanlının abadlaşdırılmasından sevinclə, qürurla söz açardı. Müddətli həqiqi hərbi xidmətini ön xətdə başa vurub evə qayıtdıqdan sonra təsərrüfatla məşğul olsa da fikri orada - səngərdə qalmışdı. Heç cürə rahatlıq tapa bilmirdi...".
Xəyal valideynlərinin xeyir-duası ilə yenidən ordu sıralarında xidmətə başlayır. Vətən müharibəsində iki qardaşı da könüllü olaraq döyüşlərdə iştirak etmək üçün aidiyyəti qurumlara müraciət ediblər, lakin zərurət olmadığından onların bu istəyi həyata keçməyib. Xəyal daim vətənpərvərlik musiqilərinə qulaq asarmış, şəhidlərimizdən, göstərdikləri qəhrəmanlıqlardan danışarmış. Deyərmiş ki, Allah mənə də o ali məqamı qismət etsin. Anası “ay oğul, sənin nə yaşın var ki, belə danışırsan” deyəndə, anasına "Şəhidliyin yaşı olmur, ana!"
Xəyal Nuri Füzuli uğrunda gedən döyüşlərdə ürəyindən aldığı snayper gülləsi ilə şəhadətə yetişdi.
Şəhidin böyük qardaşı Vüqar qeyd etdi ki, Xəyalın üzü nurlu, əli çox bərəkətli idi. “Xidmətdən öncə təsərrüfatla məşğul olurdu. Əlini hara vururdusa, bol ruzi-bərəkət  hasil olurdu. Xəyal daim ailəsinə başucalığı gətirərdi. Qardaşım şəhadəti ilə də bizləri qürurlandırdı”.
İqbal dedi ki, şəhidlər seçilmişlərdir. Seçilmişlər ömrünü xalq üçün, Vətən üçün yaşayırlar.
Qardaşı  Əlisahib Vətən qarşısındakı müqəddəs borcunu Füzulidə verib. - Xəyalı ilk dəfə Füzuliyə mən aparıb tanıtmışdım, haradan biləydim ki, o, burada döyüşəcək, burada şəhid olacaq, - Əlisahib dedi.
Dörd qardaşın bir bacısı olan Elmira Xəyalla fəxr edir. Qardaşının qorxmazlığından, cəsurluğundan danışaraq dedi ki, Xəyal qısa ömür yaşasa da, əməlisaleh adam idi, Allah ona şərəfli ölüm verdi.
Xəyal gənc yaşında bənzərsiz bir ömür yaşadı. Düşünürəm ki, onun da ömrü digər şəhid ömürləri kimi Vətənimin insanlarından ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq - qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...
Qardaşı dünyaya yeni gələn körpəsinə Xəyalın adını verib...
Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına, aydın səmalarına bağışlamaqdı şəhidlik... Böyük şairimiz Səməd Vurğunun dediyi kimi: "Ölüm var ki, həyat qədər dəyərli"...  

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"