Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Bizi döyüşdən-döyüşə aparan Vətən sevgisi idi

Tarix boyu dövlətlər arasında müharibələrin, faciələrin şahidi olmuşuq. Bütün müharibələr mahiyyətcə eynidir. Ancaq müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. Öz yurd-yuvalarını qorumaq üçün canlarını fəda edərək müqəddəs zirvəyə - şəhadətə yüksəlmək, adlarını tarixə yazaraq milyonlarla insanın yaddaşlarında iz buraxmaq hər bir insanın arzusu olmuşdur. Azərbaycan əsgəri üçün də Vətən,  torpaq qarşısında öz borcunu sonadək layiqincə yerinə yetirmək ən ümdə vəzifə olub. Azərbaycan torpağı saysız-hesabsız igid oğullar yetişdirib. Belə oğullardan biri də Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək "Cəsur döyüşçü" medalına layiq görülmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəcəb Teymurovdur. Komandirlərinin dediyinə görə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Rəcəb Teymurov qəhrəmancasına döyüşüb.  
Kiçik çavuş R.Teymurov sentyabrın 27-si erməni silahlı qüvvələrinin bütün cəbhə boyu başlatdığı genişmiqyaslı təxribata cavab olaraq ordumuz tərəfindən başlanan əks-hücum əməliyyatlarında ilk gündən uğurla iştirak edib.
"Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək hər zaman ən böyük arzum olub", - deyə kiçik çavuş söhbətə başladı:
- Ana Vətənimiz bizlərə hər şeydən doğma və müqəddəsdir. Onu qorumaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəsin bildiyi kimi illər öncə erməni silahlı qüvvələri dinc əhalimizə divan tutaraq əzəli torpaqlarımızı işğal etdilər. Təpədən-dırnağadək silahlanmış düşmən amansızlıqla körpə, qoca, qadın bilmədən hər kəsi qətlə yetirdi, minlərlə soydaşlarımızı el-obalarından didərgin saldı. Beynəlxalq qətnamələrə məhəl qoymadan öz işğalçılıq siyasətini davam etdirən düşmən sülh yolu ilə torpaqlarımızı geri qaytarmaqdan hər zaman boyun qaçırırdı. Mənfur düşmənin 27 sentyabr tarixində həyata keçirdiyi təxribat dövlətimizin və xalqımızın səbrinin son həddi oldu. Ali Baş Komandanımızın illərdir gözlədiyimiz "İrəli" əmri ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. Bizim bölməmiz də qarşıya qoyulan tapşırıq üzrə işğalda olan torpaqlarımızı azad etmək üçün düşmən üzərinə əks-hücuma keçdi. Düşmənin illərdir torpaqlarımızda qurduğu mühəndis maneələrini, onların müdafiə xəttini darmadağın edərək irəliləyirdik. Bizi döyüşdən-döyüşə aparan Vətən sevgisi idi. Suqovuşan kəndi uğrunda qızğın döyüşlər gedirdi. Təəssüflər olsun ki, döyüşlər zamanı düşmənin atdığı mərminin yanımda partlaması nəticəsində yaralandım. Döyüşə davam etmək, silahdaşlarımı döyüş meydanında qoyub çıxmaq istəməsəm də, bu, mümkün olmadı. Məni təxliyə edərək hospitala göndərdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sona kimi iştirak edə bilməsəm də, sevinirəm ki, hərbçi qardaşlarım bu savaşımızı uğurla sonlandırdılar.
Xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuzun belə igid oğullarını gördükcə qürurlanmamaq mümkün deyil. Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun gücü ilə illərdir həsrətini çəkdiyimiz  doğma torpaqlarımıza qovuşduq. Heç şübhəsiz ki, aylar, illər keçəcək, bu müharibə heç kəsin yaddaşından silinməyəcək. Çətin relyefli şəraitdə qısa zamanda qarşıya qoyulan döyüş tapşırığının layiqincə yerinə yetirilməsi ordumuzun yüksək döyüş hazırlığına sahib olmasının sübutudur. Ordusuna dayaq olan xalqın, xalqına arxalanan ordunun dəmir yumruqtək birliyinin nəticəsində əzəli torpaqlarımızı düşmən əsarətindən azad etdik. Döyüş meydanında məğlub olan düşmən anladı ki, onun qarşısında 90-cı illərdəki pərakəndə ordu deyil, vahid komandalıq altında birləşmiş, ən müasir silahlarla silahlanmış və ən əsası qəlbi Vətən sevgisi ilə alışıb-yanan əsgərləri olan nizami Azərbaycan Ordusudur.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"