Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - böyük şairimiz Məmməd Araz belə deyib. Bunu vətəndaşlıq şərti bilirik. Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə elan etmədən müharibəyə başlayanda özünü "vətən daşı" bilən vətəndaşlar Vətənin müdafiəsində dayandılar. Havadarlarından maddi və hərbi dəstək alan Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Azərbaycan xalqı və dövləti heç vaxt düşmənin bu işğalı ilə barışmadı. Xalqımızın qeyrətli, mərd, cəsur oğulları düşmənə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdilər. Bu illər ərzində millətimiz şəhidlikdən keçsə də, ərazi bütövlüyünü bərpa etmək üçün döyüşdü.
Polkovnik-leytenant Rəşid Tinayev də Vətən müharibəsi kimi tarixləşən əks-hücum əməliyyatının - 44 günlük döyüşlərin iştirakçısı olub.
Zabit Rəşid Tinayev Zaqatala rayonunun Ələsgər kəndində doğulub.
Hələ 1993-cü ilin dekabrın sonunda Ağdərə yaxınlığında, Suqovuşan kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə bəstəboy, əsmər bir çavuş, çiynində pulemyot, düşmənə atəş aça-aça cəsarətlə irəliləyirdi. Zərrə qədər qorxusu yoxuydu. Komandiri olduğu manqanın önündə getməsi əsgərlərin qələbə ruhunu yüksəldirdi. O, çavuş Rəşid Tinayev idi...
Birinci Qarabağ müharibəsində Tərtərin müdafiəsində gedən döyüşlərdə Rəşid Tinayev də dəfələrlə fərqlənmişdi. Onun bacarıqlı döyüşçü olduğunu hərbi hissə komandiri yaxşı bilirdi və gələcəkdə onu ordu sıralarımızda zabit görmək istəyirdi.
Bir gün Rəşidi hərbi hissənin qərargahına çağırdılar və o, 1995-ci ilin mayında Türkiyə Respublikasının Kara Harb Okulunda (Quru Qoşunları Məktəbi) hərbi təhsil almağa göndərildi.  
2000-ci ildə Türkiyədə hərbi təhsili başa vuran gənc leytenantın ikinci xidmət dövrü başladı. Xidmətini ön xətdə yerləşən hərbi hissələrin birində davam etdirdi...            
Vətən müharibəsində onun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu...
Oktyabrın 5-də zabit Rəşid Tinayev tabeliyində olan bölmələri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilməsi uğrunda gedən gərgin döyüşlərdə iştirak etdi. Hadrutun ermənilərdən təmizlənməsində onun komandiri olduğu bölmələr də fərqləndi. Tuğ kəndi yaxınlığındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisinin qəlpələrindən ağır yaralandı.
Zabit Rəşad Tinayev bədənindən və hər iki ayağından çoxsaylı qəlpə yarası alıb. Cəsur zabit deyirdi ki, tezliklə sağalıb xidmətimi davam etdirəcəm.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı alanlar sırasında polkovnik-leytenant Rəşid Tinayevin də adı var...
 
Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"