Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Unudulmaz sərkərdə

Ümummilli lider Heydər ƏLİYEV: Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyaya tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır.

Qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. General Həzi Aslanovun şərəfli döyüş yolu xalqımıza, doğma Vətənimizə əbədi şöhrət qazandırıb. Ulu öndər Heydər Əliyev Həzi Aslanovun sərkərdəlik bacarığını belə qiymətləndirirdi: "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyaya tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır."
Artıq unudulmaz generalın anadan olmasından 111, döyüşlərdə qəhrəmancasına həlak olmasından  isə 76 il ötür. Hər il Azərbaycan Ordusunda görkəmli hərb xadiminin anım günləri keçirilir, məzarı ziyarət olunur, üzərinə əklillər qoyulur.
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 23-də Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda anadan olub. O, ilk hərbi təhsilini Bakıda yerləşən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində alıb. Bu hərbi məktəbin tanınmış məzunları general-mayor Akim Abbasov, Sovet İttifaqı qəhrəmanları Aslan Vəzirov, Ziya Bünyadov və qvardiya polkovniki Yusif Abdullayev H.Aslanovun fitri hərbi istedadından zaman-zaman söhbət açıblar.
Yüksək hərbi bacarığa malik olan H.Aslanov təhsilini Leninqradda davam etdirib. 1929-cu ildə hərbi xidmətə başlayan H.Aslanov Sovet-Finlandiya müharibəsində iştirak edib. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlandığı ilk günlərdə H.Aslanovun komandiri olduğu batalyon Lvov şəhəri yaxınlığında yerləşirdi. Komandir H.Aslanovun hitlerçilərə qarşı ilk döyüşü Zoluçevdə oldu.  Moskva ətrafındakı döyüşlərdə hərbi təşkilatçılıq bacarığı və şəxsi igidliyinə görə ona podpolkovnik rütbəsi verilir. İlk cəhdləri uğurlu alınan komandir-tankçının hərbi istedadı, qələbəyə olan sarsılmaz inamı 1942-ci ilin 15-19 dekabrında Stalinqrad uğrunda vuruşmalarda özünü bir daha parlaq surətdə göstərdi. Stalinqrad ətrafında gedən yay döyüşlərinin qızğın vaxtlarında podpolkovnik H.Aslanovun 55-ci tank polkuna komandir təyin olunması əmri imzalanır. 4-cü mexanikləşdirilmiş korpusun tərkibinə daxil olan bu polk yeni maşınlarla təchiz edilərək hər an hücum əmri gözləyirdi. H.Aslanov özünə xas olan tükənməz enerji ilə şəxsi heyəti və döyüş texnikasını bu əhəmiyyətli əməliyyata hazırlayırdı. Nəhayət, gözlənilən an gəlib çatdı. 1942-ci il noyabrın 19-da Sovet qoşunlarının Stalinqrad ətrafında tarixi əks-hücumu başlandı. İki gün ərzində bir neçə cəbhədən qoşunlar hərəkətə keçdi. H.Aslanovun polku podpolkovnik Diasamidzenin atıcılar polku ilə qarşılıqlı əlaqə şəraitində Satsa və Barmansk gölü rayonunda hücuma keçdi. O, döyüşün ilk saatı ərzində düşmənin 4 tankını, 5 minaatan batareyasını, 10 əl pulemyotunu, bir ağır topunu, 10 tankvuran tüfəngini darmadağın etdi. Keçirilən əməliyyatda yüzlərlə  faşist öldürüldü, 700 əsgər və zabit əsir alındı. Bu zaman general Volskinin rəhbərlik etdiyi korpusun hissələri Şimal-Qərb istiqamətində irəliləyib, noyabrın 21-də Abqanerova stansiyasına doğru hərəkət etməyə başladı. İki gün sonra tanklar Sovetski qəsəbəsinə daxil olub, noyabrın 23-də Cənub-Qərb cəbhəsinin hissələri ilə birləşdi. Bununla da düşmənin 300 minlik qoşun birləşməsinin dövrəsindəki nəhəng mühasirə dairəsi birləşdi. H.Aslanovun tankçıları hücuma keçənlərin, düşməni ölüm mühasirəsinə alan dairəni birləşdirənlərin ön sırasında gedirdi. 1942-ci ilin dekabrın ortalarında alman komandanlığı mühasirə dairəsini yarmaq məqsədilə inadkarcasına mübarizə aparırdı. Komandanlıq feldmarşal Paulyusa kömək etmək üçün Kotolnikovo rayonundan feldmarşal Manşteynin tank ordusunu tank taranına yeritdi. Digər hissələrlə yanaşı, Verxni Kumsk xutoru ərazisində düşmənin yolunu kəsmiş podpolkovnik H.Aslanovun polku da faşistlərin bu qoşun dəstələrinə doğru irəliləyirdi. Döyüşlər olduqca şiddətli xarakter almışdı. Çətin və təhlükəli olan ərazilərdə H.Aslanovun komandir tankı görünürdü. Beləliklə, bu döyüşdə fövqəladə manevr etmək bacarığına malik H.Aslanovun polku düşmənin 45 tankını darmadağın edir və 13-nü hərbi qənimət kimi ələ keçirir. Çoxlu top, minaatan, avtomaşın və digər döyüş texnikası məhv edilir. Düşmənin irəliyə doğru hərəkəti dayanır.
Komandanlığın döyüş tapşırığını nümunəvi yerinə yetirdiyinə, qəhrəmanlıq və şücaət göstərdiyinə, tabeliyində olan hissələrə bacarıqla rəhbərlik etdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 dekabr 1942-ci il tarixli fərmanı ilə şan-şöhrəti dillərdə gəzən həmyerlimiz Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
1943-cü ilin payızında 35-ci qvardiya tank briqadasının şəxsi heyəti aldığı yeni texnika ilə döyüşlərə hazırlaşdığı dövrdə polkovnik H.Aslanov Moskvada Zirehli Tank və Motorlu Qoşunlar Akademiyasına təhsil almağa göndərilir. Akademiyanı bitirmək ərəfəsində, 1944-cü il martın 13-də ona general-mayor hərbi rütbəsi verilir. Tank qoşunları qvardiya general-mayoru dünya hərb elmi tarixində "Cinahlardan zərbə" taktikasının mahir bilicisi kimi tanınmış sərkərdədir. O, döyüş ustalığını yorulmadan təkmilləşdirən müxtəlif taktiki üsulları cəsarətlə tətbiq edən, dünya hərb elminə yeniliklər gətirən qəhrəman komandirlərdən biri idi. O, cinahlardan qəfil zərbə endirmək ustası kimi şöhrət qazanmışdı. H.Aslanov "Pravda" qəzetində dərc olunmuş "Cinahlardan zərbə" adlı məqaləsində yazırdı: "Düşmənə qarşıdan zərbə endirmək nə qədər şirnikdirici görünsə də, mən cinahlardan zərbə vuraraq, düşməni məhv etməyi daha üstün tuturam. Düşmənin cinahlarını tapmaq və ona ən ağır yara ala biləcək yerindən zərbə endirmək heç də sadə iş deyildir, bu hər bir komandirdən çoxlu zəhmət, ixtiraçılıq, dözüm tələb edir".
General H.Aslanov döyüşçülərə tez-tez deyirdi: "Geciksən, döyüşü uduzarsan". O, özü heç vaxt gecikmirdi. Öz tabeliyində olanları da belə öyrədirdi.
Volqa sahillərindəki istehkam qarşısında mühasirəyə alınmış faşist qoşun birləşmələri təslim olduqdan sonra H.Aslanovun tankçıları 416-cı Azərbaycan Atıcı Diviziyasının döyüşçüləri ilə qarşılıqlı əlaqə şəraitində Taqanroq şəhərini azad edirlər. Qəhrəman komandir "Mius-cəbhə" döyüşlərindən sonra Aleksandr Nevski ordeninə layiq görülür.
H.Aslanovun tankçıları Kiyevin cənub rayonlarının, Kursk, Belorusiyanın torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə də qəhrəmanlıq nümunələri göstəriblər. Belorusiyanın paytaxtı Minskin azad edilməsində iştirakına görə H.Aslanovun briqadası Ali Baş Komandanlığın əmrində qeyd olunur. Onun komandiri isə II dərəcəli Suvorov ordeninə layiq görülür. Təkcə 1944-cü ildə H.Aslanovun adı Ali Baş Komandan İ.V.Stalinin qələbə münasibətilə verdiyi əmrlərdə 8 dəfə çəkilir.
General-mayor H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə materiallar müharibə illərində bu gün xalqımıza düşmən olan qüvvələr - ermənilər tərəfindən gizlədilmişdi. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı 1990-cı ildə verildi.
Görkəmli hərbi sərkərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri (Litva) yaxınlığındakı döyüşdə qəhrəmancasına həlak olub. Döyüşlərdə komandirlik rəşadətlərinə və şəxsi igidliklərinə görə o, 11 orden və bir sıra medallara layiq görülüb. O, Bakıda Dağüstü Parkda (Hazırda Şəhidlər xiyabanı adlanır) dəfn edilib.
Görkəmli alim, tanınmış ədib Mir Cəlal Paşayevin "Böyük vətəndaş" adlı yazısı qəhrəman həmyerlimizin şanlı döyüş yolundan və ölməzliyindən bəhs olunur. "Bütün gənc nəsil Həzinin şanlı həyat yoluna qibtə edir, onun həyatı ilə döyüş tərcümeyi-halı yüz minlərlə Tofiqlərə və Ariflərə ideal olacaqdır. Bu da Həzi üçün böyük xatirədir!.. Həzi böyük vətəndaş kimi öldü. O, böyük vətəndaş kimi də həmişə xalqımızın qəlbində yaşayacaqdır."   
General-mayor Həzi Aslanov əsl zabit və böyük vətəndaş adını şərəflə daşıdı. Xaqımızın qəhrəman oğlunun şanlı döyüş və həyat yolu Azərbaycan Ordusunun şəxsi heyətinə, gələcək nəsillərə ən böyük örnəkdir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"