Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

“Azərbaycan Ordusu gücünü düşmənə də, dünyaya da nümayiş etdirdi”

Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.  44 günlük müharibədə ordumuz yeni bir tarix yazdı. Müstəqil, bütöv Azərbaycan Respublikasının tarixini.
Qazanılan qələbə ordumuzun bölmələrinin qarşılıqlı fəaliyyəti, hərbi qulluqçularımızın yüksək hazırlığı nəticəsində əldə olundu. Peşəsinin sirlərinə dərindən sahib olan hərbi qulluqçularımızdan biri də Vətən müharibəsinin iştirakçısı əsgər Elvin Əliyevdir. Söhbət əsnasında öyrənirik ki, Elvin hərbçi olmağı ilə fəxr edir. Peşəsinin vurğunu olan hərbi qulluqçu ona təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərindən danışanda gözləri gülür. O bildirdi ki, minaatanlar düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. "Bu vəzifəyə təyin olunmamışdan əvvəl müvafiq kursu bitirdim. Təhsil müddətində komandirlərim minaatan silahının döyüşlərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdılar. Buna görə də praktiki dərslərdə müxtəlif koordinatlar üzrə atış çalışmalarının keçirilməsinə, tez bir zamanda minaatanın atışa hazır vəziyyətə gətirilməsinə üstünlük verirdilər. Çalışırdılar ki, tutduğumuz vəzifənin bütün sirlərinə dərindən yiyələnək, hər an döyüşə hazır olaq."
- Üzərində dayandığımız torpaq bizimdir, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu sözünə davam etdi. - Biz də onu düşməndən azad etməliydik. Çox sevinirəm ki, Vətən müharibəsində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələ bildim. Bizim üçün bu müharibə olum, ya qalım müharibəsi idi. Ölkə rəhbərliyi uzun illərdir münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Düşmənin törətdiyi vəhşiliklərin acısını çəkmək çətin olsa da, xalqımız sülh istəyirdi. Münaqişə danışıqlar yolu ilə həll olunmadığına və qəsbkarların təxribatları davam etdiyinə görə əks-hücum əmliyyatına  ehtiyac yarandı. 44 günlük müharibədə Azərbaycan xalqı, Azərbaycan Ordusu gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.
Güllə səsi əsgərimizə kiçik yaşlarından tanışdır. O, düşmənlə təmas xəttində yerləşən Tovuz rayonunda böyüyüb. "Qarabağ müharibəsi illərində erməni işğalçılarının xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında çox eşitmişəm. Dostlarım arasında doğma el-obasından didərgin düşənlər də az deyil. Vətən həsrətinin nə olduğunu onlardan öyrəndim. Döyüşlər başlayan zaman əsgər dostlarım da müxtəlif istiqamətlərdə düşmənə qarşı vuruşurdular. Rayonlarımız, kəndlərimiz azad edildikcə onları təbrik edir, qələbə gününü bir yerdə qeyd etməyi arzulayırdım."
- Müharibənin bitməsinə baxmayaraq, sayıqlığımızı itirmirik, - deyə əsgər Elvin Əliyev bildirdi. - Düşmən döyüş meydanında məğlub olsa da, çirkin niyyətlərindən əl çəkməyəcək, həmişə əlverişli fürsət axtaracaq. Ancaq onların növbəti təxribatı bir xalq kimi mövcudluğunu sual altına qoya bilər.
Əsgər Elvin Əliyev cəsur, mərd və qorxmaz əsgərlərimizdən biridir. O da əsgər yoldaşları kimi Vətənimizin müstəqilliyini, xalqımızın azadlığını hər şeydən üstün tutur.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"