Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Gənclər, mən sizə inanıram, güvənirəm

Böyük tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin kəlamları həmişə cəmiyyətin inkişafına xidmət edib, gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda formalaşmasının zəruriliyini xatırladıb və bu xatırlatma cəmiyyətin yerinə yetirməli olduğu vəzifələrdən hesab edilib.
Azərbaycanda nizami ordu quruculuğu böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider respublikada siyasi sabitlik yaratdı. Vətəndaş müharibəsinin qarşısını aldı. Bu, ordu quruculuğunun elmi əsaslarla inkişaf etdirilməsinə əlverişli şərait yaratdı. Qısa müddətdə orduda vahid komandanlığın təmin edilməsi də daxil olmaqla hərbi baxımdan gərəkli tədbirlər həyata keçirildi.
Bu prosesdə gənclər - hərbi xidmətdə olan gənclər də, mülki vəzifələrdə işləyən gənclər də olduqca fəal iştirak etdilər.
Son illərdə müxtəlif təyinatlı   təlimlər, silahlanmaya ən müasir hərbi texnikaların, uçuş aparatlarının daxil edilməsi ordunun şəxsi heyətinin döyüş hazırlığını yüksəltdi. Ali Baş Komandanın varisliyə sədaqət kimi ön xətdə, səngərlərdə əsgər və zabitləri dinləməsi, onlara tövsiyələr verməsi isə döyüş əzminin, qələbə ruhunun artmasında vasitə oldu.
2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələrinin irimiqyaslı təxribatının qarşısı qətiyyətlə alındı, Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla min hektarlarla ərazi ermənisizləşdirildi.
Azərbaycan Respublikasının Prezidenti sentyabrn 27-də xalqa müraciətində bildirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var...". Bu bəyanat Azərbaycan Ordusunun ədalətli müharibə apardığının təsdiqi oldu.
Vətən müharibəsi başladı...
Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı  Vətən müharibəsi kimi davam etdirildi. Ali Baş Komandan bu döyüşlərin mahiyyətini dünyanın aparıcı dövlətlərinə, işğalçı dövlətin havadarlarına "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!", "Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz..." kimi məntiqli, məfkurəvi bəyanat ünvanladı. Bu bəyanat Azərbaycan Ordusunun nə uğrunda döyüşdüyünü açıqlayırdı. Azərbaycan Ordusu Vətən naminə döyüşürdü. Azərbaycan Ordusu azərbaycançılığın yaşarılığı üçün döyüşürdü. Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşürdü. Azərbaycan Ordusu qaçqınların el-obasına dönüşü üçün döyüşürdü. Azərbaycan Ordusu şəhidlərin ruhuna gözaydınlığı üçün döyüşürdü...
Azərbaycan əsgəri döyüşlərin ilk günlərində düşmənin illərlə möhkəmlətdiyi müdafiə səddini darmadağın etdi. Bu, düşmənin müqavimətini silkələdi. Azərbaycan əsgərinin qətiyyəti, mərdliyi, cəsarəti düşmənin ordusunu döyüşdən yayınma həddinə çatdırdı. Yəni, düşmənin öz ordusunun əsgərləri də, xarici dövlətlərdən gətirdiyi muzdlular da döyüşdən yayınırdı. Ermənistan ordusu hər döyüşdən sonra ağır itkilərə məruz qalırdı. Azərbaycan əsgəri döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü, düşmənin əsgəri çarəsiz müqavimət göstərə-göstərə döyüşürdü, çarəsiz döyüşlərlə qaçırdı.
Azərbaycan Ordusu qələbə qazandı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!". Bu kəlmələr qələbəni ümumiləşdirdi. Bu müraciət xalqa gözaydınlığı oldu.
Dekabrın 10-da Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad Azərbaycan Ordusunun qalibiyyətinin tarixləşməsiydi. Bu paradda silahlanmaya yeni daxil edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş etdirildi. Bunlar Azərbaycan Ordusunun qüdrətinin nəyə istinad etdiyinin göstəricisi kimi izlənildi.
Vətən müharibəsində qələbə tarixi qələbədi. Dünya gördü ki, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə Azərbaycan Ordusunun Vətənə hesabatıdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir" fikirlərini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı tamamladı. Həm də türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Nə gözəl niyyətdi, nə gözəl qətiyyətdi, nə gözəl məhəbbətdi!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsində qazanılan qələbədən, gənclərin iştirakından, vətənpərvərliyindən, fədakarlığından söz açaraq dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".
2020-ci ildə Azərbaycan Ordusu bəşəri qələbəsini tarixləşdirdi. Azərbaycan Ordusunun qüdrətinə görə Azərbaycan ərazisində heç zaman səngər olmayacaq!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfərində hərbçilərə, deməli, cəmiyyətə məqamın qürurunu da çatdırdı: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Bu qürur Azərbaycanın  sabahlarının daha nurlu olacağına zəmanət kimi yaşanılır.
Azərbaycan Respublikasının Prezidenti çıxışlarının birində deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu fikir həm də Azərbaycanın güclü gənc nəslə malik olmasının fərəhidir, sevincidir, qürurudur. Bu nəsil, işğaldan azad edilmiş ərazilərimizdə də quruculuq işlərində böyük vətəndaşlıq duyğularıyla çalışacaq...

"Azərbaycan Ordusu"