Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2021 11:16

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına

Bugünkü gənclik müharibə illərində böyüyüb, formalaşıb. Ailədə də, məktəbdə də müharibə, döyüşlər, şəhidlik, şəhidlər haqqında söhbətlər eşidirdik, qəzetlərdə məqalələr oxuyurduq. Yəni, bugünkü gənclik müharibədə qazanılacaq qələbə arzusunun ifadəsi olan ovqatla formalaşıb. Biz təkcə Məlikməmmədlər, Ağ atlı oğlanlar haqqında nağıllar eşitmədik, biz həm də Vəzirlər, Yusiflər, Əliflər, Ramizlər haqqında gerçəkləri eşitdik. Eşitdiklərimiz bizim Vətən sevgimizi daha da yüksəltdi. Vətən müharibəsində iştirak edən döyüşçülər sələflərinin qəhrəmanlığını davam etdirməklə döyüşdülər, onların döyüş yolunu zəfərlə tamamladılar.
Ermənistanın Azərbaycandan ərazi iddiası müharibəyə səbəb oldu.
Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün ədalətli müharibə aparırdı. İşğalçı və işğala məruz qalan dövlətlər arasında ikitərəfli atəşkəs razılığı olsa da, Ermənistan buna məhəl qoymur, təmas xəttində, dövlət sərhədində yeni ərazilər işğal etmək niyyəti ilə təxribatlar törədirdi. Düşmən 2020-ci il sentyabrın 27-də müxtəlif silahlardan, artilleriyadan istifadə etməklə müxtəlif istiqamətlərdən hücuma keçdi. Ordumuzun hissələri düşmənin hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Bu, Vətən müharibəsinin başlanğıcı oldu...
Ordumuz düşmənin müdafiə səddini darmadağın etdi. Döyüşə-döyüşə yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad etdikcə düşmən geri çəkilir, mövqelərdən qaçırdı. Ordumuz BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin az qala 30 ilə həll etmədiyi problemi 44 günə həll etdi. Dünya ictimaiyyəti bu döyüşlərə heyrətini gizlətmədi. Rusiya mətbuatında da bizi qürurlandıran informasiyalar dərc edilib. "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun təqdim etdiyi informasiya bu qəbildəndir: "Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən öyrənilir".
Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediklərini ictimaiyyət işğala ölüm hökmü bildi. Gənclər bu qüruru düşüncələrinə, düşüncələrindən ürəklərinə, yəni, varlığına, yaşantılarına hopdurublar. Əvvəlki illərdə hərbi xidmətə gedən çağırışçıları "İnanıram ki, Ali Baş Komandanın döyüş əmrini sən də qəhrəmanlıqla yerinə yetirənlərin sırasında olacaqsan!" tapşırması ilə uğurlayardılar. İndi gözəl ovqatla, həsrətsiz, intizarsız ovqatla, "İnanıram ki, işğaldan azad edilmiş torpaqlarımızı da göz bəbəyi kimi qoruyacaqsınız!" kəlmələriylə yola salırlar.
Şuşanın işğaldan azad edilməsi, bu möhtəşəm qələbə ordumuzun qüdrəti kimi tarixləşdi. 8 noyabr Zəfər günü kimi qeyd ediləcək. Bu günün mahiyyəti gənclərin dünyaduyumunun daha da genişlənməsində, vətənpərvərlik hisslərinin güclənməsində, azərbaycançılıq əsasında daha mətinliklə formalaşmasında əhəmiyyətli olacaq. Çağırış yaşlılar hərbi xidmətə bu günün mahiyyətini dərk edib gedəcəklər, yəni, onlar torpaqlarımızı işğaldan azad edən əsgərlərin layiqli davamçıları olacaqlar...
Azərbaycan Respublikasının Prezidenti Şuşada hərbçilərlə görüşündə azərbaycanlı gənclərin dövlətçiliyimizdə xidmətlərini yüksək dəyərləndirərək dedi: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Bu fikir böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin  "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm sabahıdır, həm də ümididir" fikrinin məntiqi davamı olmaqla hər bir gəncin həyatında daha yaxşı oxumaq, daha yaxşı işləmək, daha yaxşı xidmət etmək məsuliyyətidir. Azərbaycan gəncləri bu məsuliyyəti azərbaycançılıq ideologiyasının tərkib hissəsi bilir...
Şuşa "Mən azərbaycanlıyam!" deyənlərin hamısının ruhunun şəhəridir.
Şərq musiqisinin tədqiqatçısı V.Vinoqradovun bir fikrini xatırlayıram: "Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır". Şuşanı Qafqazın konservatoriyası adlandırırlar. Mir Möhsün Nəvvabın musiqi dünyasına, Sadıxcanın tarı bugünkü səviyyədə təkmilləşdirməsinə də bələddirlər, Cabbar Qaryağdıoğlunun, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Rəşid Behbudovun səsinə də, Üzeyir Hacıbəyo-vun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun dünyanı heyran edən bəstələrinə də. Dövlət başçısının belə bir şəhərdə əsgərlərlə görüşü də, çıxışı da biz gənclərin Şuşanın timsalında Vətən sevgimizi kükrətdi...
Şuşada "Xarı Bülbül" festivalı bərpa ediləcək. Bu festival təkcə bir musiqi, bir incəsənət tədbiri olmayacaq, bu festival həm də Azərbaycan musiqisinin bəşəriliyinin təsdiqi kimi izləniləcək. Dövlət başçısının Şuşada hərbçilərlə görüşündə çıxışı tarixi çıxışdır. Bu tarixi çıxış biz gənclərin də düşüncələrini bir daha Vətənə, dövlətə, dövlətçiliyə sədaqət hisslərinə köklədi...
Biz gənclər də Vətən müharibəsində qazanılan müqəddəs qələbənin dövlətçilik tariximizdə əhəmiyyətini müqəddəslik mərtəbəsində yaşadanların sırasında olacağıq!..
Şəbnəm BEHBUDZADƏ

***


Daim hərbi mundir görmüşəm, Vətən, torpaq, müharibə, döyüş, şəhidlik kəlmələrini uşaqlığımdan eşitmişəm. Televiziya verilişlərinin birində zəngilanlı ananın fəryadını eşidəndə bu fəryadı bütün qaçqın analarının fəryadı bilmişdim. O fəryadı indi də unuda bilmirəm. Vətən kəlməsinin müqəddəsliyini bəlkə də onda daha duyğusallıqla dərk etmişdim...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri böyük təxribatlar törətmək niyyətiylə torpaqlarımıza hücum etdi. 2016-cı ilin aprelində təmas xəttindən, 2020-ci ilin iyulunda dövlət sərhədlərimizdən hücum edən, böyük itkilər verərək geri çəkilən düşmən bu dəfə müxtəlif növ silahlardan, artilleriyadan istifadə etməklə hücum etdi. Hərbi bölmələrimiz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin xeyli döyüş texnikası, canlı qüvvəsi məhv edildi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başladı...
Azərbaycan Ordusunun şəxsi heyəti döyüş əmrini yüksək döyüş əzmi, qələbə ruhu ilə yerinə yetirdi. Döyüşçülər, həqiqətən də, qəhrəmanlıq üçün döyüşmürdülər, qəhrəmanlar kimi döyüşürdülər. Döyüşün işğalı sonlandırmalı döyüş olması üçün döyüşürdülər. Hansı məqalədəsə oxumuşdum: valideynləri Qubadlıdan olan əsgər döyüşlərarası fasilədə döyüşçü yoldaşlarına deyib: Qubadlı uğrunda döyüşlərdə iştirak etməsəm, bağrım yarılar. Əsgər həmin döyüşdə şəhid  olub. Bu və bu kimi faktlar təsdiqləyir ki, döyüşçülərimiz qələbə üçün döyüşüblər. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamaq üçün döyüşüblər. Qaliblərin sələfləri Vətənin müqəddəsliyini müqəddəs xidmətləriylə yaşadacaqlar...  
Vətən müharibəsi başlayanda minlərlə gənc döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edildi, buna görə bütün arzulayanların hamısı döyüşlərə cəlb edilmədi. Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra ölkə başçısının sərəncamı ilə döyüşlərdə fərqlənənlər sırasında səfərbərliyə cəlb edilən gənclər də var.
Düşmən ciddi müqavimət göstərsə də, ordumuz onun müdafiə səddini darmadağın etdi.
Müqaviməti davam etdirməyə gücü çatmayan düşmən geri çəkilməyə başladı. Döyüşçülərimiz döyüşə-döyüşə Suqovuşanı, Cəbrayılı, Qubadlını, Şuşanı işğaldan azad etdilər. Noyabrın 8-i Zəfər günü kimi tarixləşdi...
Açıq-ürək əməliyyatından sonra özünə gələn əsgərin həkimə ilk sualı "Həkim, mən neçə günə sağalaram? Döyüşçü yoldaşlarımın sırasına qayıda biləcəmmi?" olub. Bu söhbəti eşidənlər necə duyğulanmaya bilər? - Azərbaycan əsgəri yüksək döyüş hazırlığıyla bərabər, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olub...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşündə dedi: "Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına".
Bu birlik ordu ilə xalqın birliyidir və onun nəyə qadir olduğu 44 gün çəkən Vətən müharibəsində təsdiqini bir daha tapdı. Bu birlik gənclərin gücü ilə həmişə daha da möhtəşəm olub.
Şuşada çıxışında ölkə başçısı dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Bu gənc nəsillə - həmyaşıdlarımla qürur duyuram. Vətən müharibəsinin iştirakçılarıyla da, onlara mənəvi dəstək verənlərlə də.  
Azərbaycan gəncliyi Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə quruculuq işlərində böyük vətəndaşlıq məsuliyyəti ilə iştirak edəcək, ölkə başçısının qeyd etdiyi birliyi bir daha nümayiş etdirəcəkdir. Dünya ictimaiyyəti görəcək ki, azərbaycançılıq torpaqlarını işğaldan azad etdiyi kimi, erməni vəhşiliyinin nəticələrini aradan qaldırmağa da qadirdir...
Azərbaycan gəncliyi böyük vətəndaşlıq məsuliyyətiylə təsdiqləyəcək ki, birlik qüdrət deməkdir...
Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyası