"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi, eyni zamanda, xalqımızın qələbə əzminin bir daha əyani təsdiqi oldu. 44 gün davam edən Vətən savaşında xalqımızın vətənpərvər, hünərli oğulları qəhrəmanlıq tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edərək, 30 illik həsrətə son qoydular. Döyüşlərdən zəfərlə qayıdıb qazi adını şərəflə daşıyan Vətənin belə mərd oğulları ilə görüşüb söhbət aparmaq və onların cəbhə təəssüratlarını qələmə almaq çox qürurvericidir.
Vətən müharibəsi qazisi zabit, Mayıl Şahbazov "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunanların sırasında onun da adının olduğunu deyir. Xidmətinin qiymətləndirilməsinə görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirən zabit söylədi ki, Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında onun da azacıq əməyinin olmasından böyük fərəh hissi keçirir:
"Özüm haqqında qısaca məlumat verərək deyim ki, Cəlilabad rayonunun Seyidbazar kəndində doğulub böyümüşəm. Vətənə, torpağa bağlılıq mühitində tərbiyə almışam. Valideynlərimdən, müəllimlərimdən hər zaman vətənpərvərlik mövzusunda söhbətləri maraqla dinləmişəm. Birinci Qarabağ savaşında döyüşən, canından keçən şəhidlərimiz haqqında çox danışılırdı. Belə bir mühitdə tərbiyə alan gəncin yolu fikrimcə, yalnız hərbidən keçməli idi. Həmin vaxtlarda mənim kimi bir çox gənclər şərəfli olduğu qədər də müqəddəs olan hərb yolunu seçdilər. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldım. 2004-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşmə kursunu bitirib Azərbaycan Ordusunun zabit heyətinə daxil oldum. Xidmət etdiyim dövrlərdə hər zaman torpaqlarımızın erməni silahlı birləşmələrinin işğalından azad etmək üçün Ali Baş Komandanın döyüş əmrini gözlədim. Torpaq namusdur, qeyrətdir. Torpaq heysiyyatı hər birimizin qəlbindədir. Onu düşmən işğalından azad etmək hər bir ölkə vətəndaşının vicdan borcudur. Bizlər isə hərbi qulluqçu olduğumuzdan bu bizim həm vicdan, həm də vəzifə borcumuzdur. Şükürlər olsun, biz həm vicdan borcumuzu, həm də vəzifə borcumuzu layiqincə yerinə yetirdik. Düşmən əlində əsir olan tarixi torpaqlarımızı azad etdik. İkinci Qarabağ müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı. Çox sevinirəm, həm də qürurluyam. Vətən müharibəsinin digər qaziləri ilə birlikdə ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradında iştirak etdik. Vətən müharibəsinin böyük qələbəsini bizə yaşadan şəhidlərimizə borcluyuq. Vətənin azadlığı naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların adı, əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq."
Vətən müharibəsi qazisi, leytenant Nurlan Hüseynov isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Erməni faşistləri ilə döyüşdə ağır yaralanan və şərəfli qazi adını qürurla daşıdığını deyən Nurlan 1998-ci il fevralın 26-da Naxçıvan Muxtar Respublikası Culfa rayon Bənənyarlı kəndində anadan olub. Nurlan bizimlə söhbətində bildirdi ki, onda da hərbə maraq hələ orta məktəb illərindən yaranmağa başlamışdı. "Nə vaxtsa hərbi forma geyinəcəyimi düşünürdüm. Sənədlərimi Heydər Əliyev adına Hərbi Liseyə verdim. Yüksək göstəricilərlə liseyə qəbul olundum. 2012-2015-ci illərdə burada təhsil aldım. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Məktəbdə hərb sənətinin sirlərinə dərindən yiyələndim. Qazandığım nəzəri və təcrübi biliklər, təlimlərdə yüksək nəticələrim mənə döyüş meydanında düşmənlə savaşda çox gərəkli oldu. Ermənistan ordusunun "yenilməzlik" mifini darmadağın etdik. Hər birimiz böyük ruh yüksəkliyi ilə döyüşürdük. Düşmənin gözünü açmağa imkan vermirdik. Ordumuzun əsgər və zabitlərinin döyüş əzmi, iradəsi düşməni demək olar ki, müharibənin ilk günlərindən sarsıtmışdı. Ali Baş Komandanımızın qətiyyətli addımları, xalqımızın ordunun yanında olması, cəmiyyətimizin müharibəyə, Böyük Qələbəyə köklənməsi bizi daha irəlilərə aparırdı. Erməni vandalları tərəfindən işğal olunan torpaqlarımız kənd-kənd, oba-oba azad olunurdu. Mən Kəlbəcər, Füzuli, Hadrut istiqamətlərində döyüşmüşəm. Vətən müharibəsinin iştirakçısı, qazisi olmağımla çox qürurluyam. Xalqımızın xoşbəxt, firavan gələcəyi naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların qisasını biz aldıq. Erməni faşistlərini torpaqlarımızdan iti qovan kimi qovduq. Bu gün ay-ulduzlu bayrağımız bütün işğaldan azad edilən ərazilərimizdə dalğalanır. Eşq olsun, Müzəffər Ali Baş Komandana! 30 ildən sonra rəşadətli ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”.
"Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülənlərdən biri də Vətən müharibəsi qazisi, gizir Rəşad Novruzovdur. Ağdərə və Murovdağ istiqamətində döyüşdüyünü, müharibənin elə ilk günlərindən bölmələrinin düşməni ağır itkilərə məruz qoyduqlarını deyən Rəşad əsgərlərimizdə olan yüksək vətənpərvərlik ruhundan danışdı. "Hər birimiz ölümün gözünə dik baxaraq irəliləyirdik. Strateji əhəmiyyətli yüksəklikləri, yaşayış məntəqələrimizi düşmən işğalından azad etdikcə daha da ruhlanırdıq. Erməni əsgərləri isə döyüşdən qaçırdılar. Ordumuz düşmənin minlərlə canlı qüvvəsini, ağır texnikasını məhv etdi. Haqq işi uğrunda apardığımız mübarizədən qalib çıxdıq."
Quba rayonunun Alpan kəndində doğulub böyüdüyünü deyən Rəşad əmisi Nurəli Novruzovun Birinci Qarabağ müharibəsinin veteranı və qazisi olduğunu bildirdi. "Əmim də 1992-1993-cü illərdə Kəlbəcər, Ağdam, Zəngilan istiqamətlərində döyüşüb. Bu döyüşlər barədə onunla saatlarla söhbət aparardıq. Mən həmişə döyüş ruhunda xidmət aparmışam. Ali Baş Komandanımızın irəli əmrini səbirsizliklə gözləmişik. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli ruhunu özünə qaytardı. Ordumuzun gücü düşmənə göz dağı oldu. Təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Vətən müharibəsi xalqımızın Böyük qələbəsi ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün mərd, igid oğullara Allahdan rəhmət diləyirəm. Qoy onların ruhu şad olsun. Xalqımıza bu qələbə sevincini Vətənimiz uğrunda canından keçən şəhidlərimiz yaşatdı. Şəhidlərimizin xatirəsini qəlbimizdə əbədi yaşadacağıq."
Xalqımıza qələbə sevincini yaşadan oğullardan biri də "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunan Vətən müharibəsi qazisi, əsgər Qafur Həsənovdur. O, 2001-ci ildə Masallı rayon Göyəçöl kəndində anadan olub. Qorxmazlığı ilə seçilən, idmanda əlbəyaxa döyüş təcrübəsini hələ orta məktəbdə oxuduğu zaman dərindən mənimsədiyini deyən cəsur əsgərimizin bizə söylədiyinə görə hərbi xidmətə başladığı elə ilk günlərdən silahlardan istifadə qaydalarını da öyrənməkdə çətinliyi olmayıb. Pulemyotun sirlərinə qısa müddətdə yiyələnib. "Mən də Azərbaycan əsgəri adını hər zaman uca tutaraq, içdiyim Hərbi anda sadiq qalmışam. Torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın döyüş əmrinə hazır olmuşam. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldıq. Biz döyüşürdük, erməni əsgəri isə qorxurdu, silahını, texnikasını atıb qaçırdı. Biz Böyük Qələbəmizi döyüş meydanında qazandıq. Ərazi bütövlüyümüzü döyüşərək bərpa etdik. Vətən müharibəsində iştirakımla qürur duyuram. Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralandım, qazi oldum. Vətən sağ olsun. Artıq uzun illər işğal altında qalan torpaqlarımızdan yağı ayağı kəsilib. Erməni faşistlərini torpaqlarımızdan iti qovan kimi qovmuşuq. Düşmən döyüş meydanında təslim oldu. Zəfər bizimdir. Ölkə Prezidentinin "Qarabağ Azəbaycandır və nida işarəsi",- deyə söylədiyi fikri Azərbaycan əsgərinin döyüş devizinə çevrildi.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"