Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

Güclü dövlətimizlə, rəşadətli ordumuzla gəldik, Qarabağ...

Soyuq bir qış günündə ürəyimdə gizli qalan hisslərimi çözələyərək, beynimin bir küncündə özünə yer salmış xatirələrimi canlandıraraq Azərbaycan əsgərinin görüşünə gedirəm. Düşünürəm ki, əsgərlərimizlə Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfərini xatırlayacağıq. Rəşadətli ordumuzun Qələbə sevincini, o vaxt yaşanan qələbə qürurunu yenə birgə yaşayacağıq. Artıq bütün hisslərim və duyğularımla həmin görüşə köklənmişəm. Gedəcəyim hərbi hissənin şəxsi heyəti döyüşlərin birbaşa iştirakçısı olduğundan ürəyim sanki bir yelkənli gəmiyə çevrilib, məni görüşə daha tez çatdırmağa çalışır. Yol boyu öz-özümə verdiyim suallara cavab tapır, əsgərlərin xatirələrini beynimdə canlandırmağa çalışıram. Azərbaycan əsgəri ilə keçirəcəyim vaxtın, bölüşəcəyim düşüncələrin bənzərsiz həzzini duyuram.
Uzun bir yol arxada qalıb… Artıq hərbi hissədəyik... Dəli bir eşq havası var-gəl edir başımda… Dolub durmuşam. Sonsuz səssizliyi mayor Elsevər Hümbətovun "Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Vətən müharibəsi haqqı, ədaləti tapdaqdan qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün türk dünyası bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq" sözləri pozur, məni səssizliyimdən çıxarır və Azərbaycan əsgəri ilə söhbətə körpü salır.
Zabit söhbət zamanı onu da bildirdi ki, 44 gündə rəşadətli Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəcəb Teymurov isə qeyd etdi ki, Vətənin keşiyində dayanmaq onun üçün hisslərin ən alisinə çevrilib: "Fəqət bu ali hissi anlamından da çox yaşamaq lazımdır. Bu hissi yaşamadan fikir söyləmək doğru deyil. İndiki situasiyada bu hissi yaşamaq və xalq-ordu birliyindən doğan gücü gələcək nəsillərə daşımaq vacib şərtdir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etdi. Əsgərlərimiz yaxşı bilirlər ki, tarixi qələbə müqəddəs birlik nəticəsində mümkün oldu. Dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan Ordusu tarixi Qələbə qazandı.
Əsgər Kənan Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinin nail olduğu inkişaf nəticəsində möhkəm birlik əldə edildiyini əminliklə qeyd etdi. Bildirdi ki, Vətən müharibəsi bu birliyi daha da möhkəmləndirdi: "Əmin olduq ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də, heç kim bizim Vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Bizim qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub. 44 gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi və yenidən daha güclü alovlandı. Bir olduq. Birliyimizin fərqinə vardıq".
Əsgər Orxan Məmmədov qeyd etdi ki, xidmət etdiyi müddətdə  hərbçi vəzifəsinin sirlərinə dərindən yiyələnməyə çalışıb. "Əsgər kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələrək torpaqlarımızın azadlığı naminə vuruşdum. Göstərdiyim xidmətin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin Sərəncamıyla "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundum. Hərbi xidmətə gəldiyim gündən torpaqlarımızın azad edilməsində yaxından iştirak etmək arzusundaydım. Sevinirəm ki, arzum həyata keçdi".
Əsgər Emil Mütəllimov dedi ki, Mübariz kimi, Çingiz kimi qəhrəman oğullarımızın yolunun davamçısı olmaq və Şuşanı azad görmək ən böyük arzusu olub. "Arzuma çatdım. Suqovuşandan başlayan döyüş yolum Füzulidə, Daşaltıda, Şuşada davam etdi. Mən də "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına" görə medalları ilə təltif olunmuşam. Yaxşı bilirəm ki, müharibədə döyüş də var, şəhidlik də. Elə döyüşlər gedirdi ki, hər an şəhid də ola bilərdim. Hər birimiz Vətənə görə döyüşürdük, torpaqlarımız üçün döyüşürdük, ölümdən qorxmadan döyüşürdük".
"44 günlük döyüşlər XXI əsrin başlanğıcında Azərbaycan Ordusunun müasir müharibələrə xas olan ənənələrə daha yaxşı yiyələndiyini sübut etdi", - deyə əsgər Səddam Hüseynov söhbətə qoşuldu. - Daha yaxşı təlim keçmiş şəxsi heyətlə hücuma keçib müvəffəqiyyət qazandıq, dronlarla düşmənin yüzlərlə hərbi texnikasını məhv etdik, erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdıq - bütün bunlar döyüş meydanında ordumuzun döyüş taktikasını yeni elementlərlə zənginləşdirmək məharətindən xəbər verirdi. Biz əsgərlər Qarabağ torpağında Vətən müharibəsində son damla qanımıza qədər vuruşacağımıza and içmişdik. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusunun şəxsi heyəti ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddət ərzində darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində 8 noyabr - Zəfər gününü müəyyənləşdirdi.
Əsgər Robert Ağaverdiyev bildirdi ki, artıq bu gün ordumuzun döyüş imkanlarının gücləndirilməsi istiqamətində qarşıya qoyulan bütün vəzifələrin həyata keçirilməsinin nəticəsidir ki, şəxsi heyətimiz  əvəzedilməz şanlı tarix yazdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun regionda qüdrətli hərbi gücə çevrildiyi göz önündədir. Ordumuz gücünü qısa müddət ərzində azad etdiyi torpaqlarımızla sübut etdi.  
Əsgərlər Nicat Göyüşov, Nicat Yaqubov, Mühiddin Mirzalıyev qeyd etdilər ki, Azərbaycan əsgəri mərdlik, cəsarətlilik, qorxmazlıq və igidlik simvoludur. Bunun səbəblərindən biri Vətən sevgisidirsə, digər mühüm amil əsgərlərimizin ortaya qoyduğu vətənpərvərlik örnəyidir.
Bu sözlərin arxasında Azərbaycan əsgərinin düşmənə verdiyi göz dağı dayanır. İgid oğullarımız bu göz dağıyla demək istəyirlər ki, işğal altında olan torpaqlarımızı azad etdik, şəhidlərimizin qanını yerdə qoymadıq və düşmənin cəzasını verdik. Bu, həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi "…Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır", "…Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq" fikirlərinin təsdiqidi.
Qarabağ bizim üçün qürur yeridir. Çoxdandı o dağlara, əzəli yurdlarımıza - Qarabağımıza gedib-gələ bilmirdik. Vüqarımız, qürurumuz, baş tacımız, qeyrət qalamız olan o uca dağlar bizi səbirsizliklə gözləyirdi. Azərbaycan əsgərləri bu torpaqları geri qaytara bilməsəydi, babalarımızın ruhu bizi bağışlamazdı. Ona görə də son damla qanlarına qədər döyüşdülər və torpaqlarımızı azad etdilər. Xalqımızın onlara olan inamını, güvəncini doğrultdular. Azərbaycan əsgərinin sayəsində səninlə qovuşduq Qarabağım... Gəldik artıq, mütləq gəldik, güclü dövlətimizlə, rəşadətli ordumuzla gəldik...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR