Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

“Xalqımıza qələbə sevincini yaşadanların sırasında olmağımla qürur duyuram”

Bu gün Vətənimizin keşiyində dayanan, soyuqda-sazaqda qəlbi Vətən eşqi ilə döyünən, xalqımıza Böyük Qələbənin sevincini bəxş edən ordumuzla və onun şəxsi heyəti ilə hər bir azərbaycanlı qürur duyur. Zəfərin əldə olunmasında zəhməti olan oğullarımızdan biri ilə - əsgər İlkin Quliyevlə "N" hərbi hissəsində tanış olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Babək İbrahimov bildirdi ki, əsgər İlkin Quliyev xidmətə gəldiyi ilk günlərdən mərdliyi, cəsarəti, qorxmazlığı ilə seçilib.
Qalib ordunun əsgəri İlkin Quliyev hərbi xidmətə Ağdam rayonundan çağırılıb. Təcrübəli əsgərin xidmətini başa vurmasına sayılı günlər qalıb. O da digər əsgər yoldaşları kimi ordumuzun qələbəsi ilə başa çatan döyüşlərin qürurunu yaşayır. "İllərdir torpaqlarımızın işğaldan azad olunacağı günün həsrəti ilə yaşayırdıq. Düşmən ötən ilin sentyabrında yenidən genişmiqyaslı təxribata əl atdı. Bu təxribatın qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin illərdən bəri yaratdığı "məğlubedilməzlik" mifi qısa zaman ərzində darmadağın edildi. Düşmən hazırlıqlı, peşəkar və haqq mübarizəsinə qalxan Azərbaycan əsgərinin gücü qarşısında tab gətirə bilmədi. Ağır itkilər verərək bütün istiqamətlərdə geri çəkilməyə məcbur oldu. Onlar öz silah-sursatlarını ataraq döyüş meydanından qaçdılar. Hər ötən gün düşmənin istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdə idi. Onlardan fərqli olaraq ordumuzda böyük ruh yüksəkliyi var idi. Azərbaycan əsgəri daha da irəli getməyi, düşməndən qisas almağı düşünürdü. Hücuma keçdikcə, torpaqlarımızı işğaldan azad etdikcə qələbə əzmimiz daha da artırdı. Ən mühümü isə o idi ki, ordumuz döyüşləri  müasir döyüş taktikası ilə həyata keçirirdi."
- Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərtləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Bu gün işğaldan azad olunan tarixi torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
44 günlük Vətən müharibəsində əsgər İlkin Quliyevin əmisi oğlu Tural da iştirak edib. O, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərimizin qanının yerdə qalmadığını bildirən əsgər bizə onu da dedi ki, onların qisası düşməndən layiqincə alınıb. "Onlar torpaqlarımızın azadlığını öz canlarından üstün tutdular. Əbəs yerə deyilməyib: “Torpaq, uğrunda ölən varsa, Vətəndir”. Biz bu qələbəyə görə şəhidlərimizə borcluyuq. Çünki bu şanlı tarixi qanları hesabına onlar  yazdılar. Mübariz İbrahimov, Polad Həşimov, Çingiz Qurbanov, Tural Quliyev kimi şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, həyat və döyüş yolları gələcək nəsillərə örnək olacaq."
"Xalqımıza qələbə sevincini yaşadanların sırasında olmağımla qürur duyuram. Fəxr edirəm ki, xidmət müddətim hər bir Azərbaycan vətəndaşının arzusu olan torpaqlarımızın işğaldan azad olunmasına təsadüf etdi. Başda Müzəffər Ali Baş Komandanımız olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm", - əsgər İlkin Quliyev dedi.
Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən güclü ordusu olan Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandanımız siyasi arenada, ordumuz döyüş meydanında bir daha təsdiqlədi. Vətənə övladlıq borcunu layiqincə yerinə yetirən, torpaqlarımızın keşiyində ayıq-sayıqlıqla xidmət edən əsgər İlkin Quliyev kimi igid oğullarımız Vətən müharibəsində qazanılan Böyük Qələbənin sevincini yaşayırlar.

Elçin İMANOV, "Azərbaycan Ordusu"