Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

“Biz qalib ordunun əsgəriyik!”

Hərbi hissədə polkovnik-leytenant Rüstəm Məmmədov söhbət zamanı bildirdi ki, xalqımız ordusu ilə qürur duyur. "Yuxarı komandanlığın rəhbərliyi altında şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi, ekstremal şəraitdə düzgün qərar qəbul etməsi istiqamətində mühüm addımlar atdıq. Keçirilən məşqlərin, təlimlərin nəticəsi idi ki, əks-hücum əməliyyatı başladığı zaman düşmənə atılan güllələr hədəfdən yayınmırdı.  Sıraları seyrələn işğalçılar geri çəkilirdi. Vətən qarşısında övladlıq borcumuzu yerinə yetirdik. Torpaqlarımızı işğaldan azad etdik. O yerlərdə şanlı, üçrəngli Azərbaycan Bayrağı dalğalanır."
Gizir Malik Ağayev də Vətən müharibəsinin iştirakçısı olmaq arzusu ilə ordu sıralarına qayıdıb. “Daim əsgərlərimin fərdi hazırlıqlarına, hərbi vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırdım. Çalışırdım ki, şəxsi heyət döyüşdə heç kimdən kömək gözləmədən yaranmış problemi sərbəst aradan qaldırsın və döyüşə davam etsin. Çox sevinirəm ki, əsgərlərimizlə birlikdə Vətən müharibəsində qarşımıza qoyulan tapşırığın öhdəsindən layiqincə gəldik. Əsgərlərimiz düşmən təxribatının qarşısını alaraq, Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatına başladılar. Azərbaycan əsgəri ərazi bütövlüyümüzü bərpa etdi! Biz təcavüzkarlara Azərbaycan Ordusunun qüdrətini göstərdik. Artıq gələcək nəsil vahid və müstəqil ölkəmizin sərhədləri çərçivəsində böyüyəcəkdir."
İşğalçılara qarşı mübarizədə əsgər Elçin Cəfərov da üzərinə düşən tapşırığı ləyaqətlə yerinə yetirib. Əsgər bildirdi ki,  döyüşlər başladığı andan komandirlərimizin verdiyi bütün əmr və tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirdik. “Çox sevinirəm ki, arzuma çatdım. Artıq Qarabağımız azaddır.”
Əsgər Elçin Cəfərovun atası Əfrail Cəfərov da Qarabağ müharibəsi veteranıdır. O, həmişə övladlarına müharibə illərindən, ermənilərin törətdikləri vəhşilikdən danışardı. Elçin dedi: "Atam həmişə çalışardı ki, Vətənimizə layiqli övlad olaq."
"Qətiyyətlə təxribatın qarşısını alan ordumuzun şəxsi heyəti məqsədimizə doğru irəliləyərək qələbə qazandı", - deyə əsgər Şəhriyar Məmmədli söhbətə qoşuldu. - Hərb sənətinə dərindən yiyələnirdik. Haqq-ədalət öz yerini tapdı. Biz düşmənə nəyə qadir olduğumuzu göstərdik. Bu misilsiz qələbə - tarixi zəfər münasibətilə xalqımızı təbrik edirəm. İnşallah, hər birimiz bundan sonra da ölkəmizin çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əsgər Pərviz Bağırov da bildirdi ki, əsgəri xidmət hər birimizin həyatında silinməz izlər buraxıb. “Hərbi xidmətə çağırıldığım, Vətənə sədaqət andı içdiyim, döyüşlərin başladığı və qələbə gününə həsr olunan Zəfər paradını izlədiyim gün heç vaxt yaddaşımdan silinməyəcək. Qürurlanıram ki, qalib ordunun əsgəriyəm. Biz qəhrəmanlarımızın başladığı şərəfli yolu uğurla davam etdirdik. Heç bir sədd, heç bir maneə qəlbi Vətən eşqi ilə döyünənlərin qarşısında tab gətirə bilməz. Döyüşdə komandiri ilə çiyin-çiyinə döyüşən əsgərin məqsədinə çatmasına heç nə mane ola bilməz. Komandirlərimizi yanımızda görmək biz əsgərləri daha da ruhlandırırdı. Fəxr edirəm ki, belə vətənpərvər, cəsur, mərd və qorxmaz komandirlərimiz var. İnanıram ki, azad olunan torpaqlarımızda tez bir zamanda yenidənqurma işləri başlayacaq, soydaşlarımız doğma ocaqlarına geri dönəcəklər."
Digər əsgərlər də qazanılan qələbədən, döyüşlərdə şahidi olduqları hadisələrdən söz açdılar. Onlar Ali Baş Komandanımızın əmrini yerinə yetirənlərin sıralarında olduqlarından qürurlanırlar. "Ordumuzun bütün bölmələrində şəxsi heyətin döyüş hazırlığının, mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etməli, fiziki gücümüzü daha da artırmalıyıq.”

 Ruslan HƏSƏNZADƏ,
"Azərbaycan Ordusu"