Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

Bu qələbəyə bəşəri qələbə deyəcəyik!

Ürəyin keçilməz, fəth edilməyən, insan ruhu dəyməyən, gözlə təmasda olmayan səngərləri var. İllərdir işğal olunmuş torpaqlarımıza görə qəlbimiz yaralıdır, zaman-zaman Vətəni müdafiə etmək naminə qurulan səngərlər sanki ürəyimizdə qərar tutub.
Torpaq... Bir ovuc Vətən torpağı... İllərdir həsrətini, intizarını çəkdiyimiz torpaqlar yenə sinəsində doğma övladlarının addım səslərini eşidəcəyi günü gözləyir. İntizarını çəksək də, bu yolun sonunda işıq görünür... Bu işıqdır bizi xoşbəxt gələcəyə aparan. Xoşbəxt gələcək naminə Qələbəyə səsləyən.
"İnsanı ölüm yox, torpaq gözəlləşdirir", - deyib atalarımız. Torpaq sirdir, müəmmadır, torpaq həyatdır. Məncə, insan torpaq xislətlidir. Bəlkə də yaranışın ilkin çağlarından insanların bir adı olub: "Torpaq!"
Müharibənin əlifbası ilə şeir də, mahnı da, məktub da yazmaq mümkündür. Ancaq müharibənin riyaziyyatı ilə sadəcə susmaq olar. Bu hesablamada adlar, soyadlar, üzlər, cizgilər yoxdur. Qupquru rəqəm meydanı olan müharibədə çox şeyləri itirdik. Torpağımızı, insanlarımızı, sevinc dolu keçmişimizi, elimizi, obamızı, ata ocağımızı... Təəssüf, bütün dünyaya səhər eyni cür açılmadı. Hamı yuxudan eyni cür oyanmadı...
Şəhid övladı həm kədərli, həm də qürurludur. Ancaq o, anlayır ki, ölüm və şəhidlik eyni anlayış deyil. Biz yaşayaraq da ölə bilərik, susaraq, ağlayaraq, kədərlənərək də. Hətta iki cümlə sözdən belə ruhu tapşırmaq mümkündür. Şəhidlik isə başqa məqamdır. O, ölümlə müqayisə oluna bilməyəcək qədər müqəddəsdir. Şəhidlərin güllə yarası almış bədənləri torpağa tapşırılsa da, ruhları səmalardan bizə boylanır. Səbirsizliklə qisas gününü gözləyirlər.
Həyatda nə varsa, bir gün hamısı itib əlçatmaz olacaq. Bu, qanundur. Ancaq vaxtsız itki insan ürəyini dağlayır, sızladır. Təəssüflər olsun ki, illərdir Azərbaycanın sülh çağırışına işğalçı ölkə Ermənistan cavab vermir. Bu sülh düşmən ölkənin xilas yolu ola bilərdi. Ancaq onlar məhv olmağı seçdilər.  
Bu ilin iyulunda düşmən Tovuz rayonu istiqamətindən dövlət sərhədlərimizi pozdu. Azərbaycan Ordusunun şəxsi heyəti bu hücumun qarşısını qətiyyətlə aldı. Sərhəd boyunca düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, döyüş texnikası, canlı qüvvəsi məhv edildi. İctimaiyyət bu qələbəni 2016-cı ilin aprelində qazanılan qələbənin davamı bildi. Dünyanın aparıcı dövlətləri də, Ermənistan da, onun havadarları da gördülər ki, ordusu dünyanın ən güclü orduları sırasında olan Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadirdir.
Bu döyüş həm iyul döyüşlərinin davamı olacaq, həm də son döyüş. Torpaqlarımızın işğaldan azad edilməsi ilə tamamlanacaq son döyüş.
Neçə il əvvəl tərxis olunan əsgərlərdən biri demişdi: "Ürəyimi bu dağlarda qoyub gedirəm". Siz də tərxis olunanda mahiyyəti bu kəlmələrin mahiyyətiylə səsləşən fikir deyibsiniz. İndi bir vaxtlar ürəyinizin söykəndiyi, ürəyiniz söykənən səngərlərdən döyüş üzünə çıxıbsınız. Qollarınıza qüvvət, Vətən oğlu! Döyüşün! Qələbə üçün döyüşün! Xalq əmindir ki, qazanacağınız qələbə Azərbaycanı sevənlərin də qələbəsi olacaq. Ona görə bu qələbəyə bəşəri qələbə deyəcəyik!
Hüsniyyə İDRİSOVA, BSU-nun tələbəsi