Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

“Hər əsgərin öz maraq dünyası var”

Müasir dövrdə Azərbaycan Ordusunda əsgərlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Gün ərzində şəxsi heyətin özünü inkişaf etdirmək və istirahət etmək üçün nəzərdə tutulan bu saatlara zabit və gizirlər tərəfindən xüsusi diqqət ayrılır. Tədris ili boyunca dərs oxuyan, bütün təlim və məşqlərdən keçən əsgərlər  hər zaman istirahətə ehtiyac duyurlar. Ona görə də əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Asudə vaxt günə maraq qatmaqla yanaşı, şəxsi heyətin də maraqlarını kəşf edə bilmək üçün yaxşı fürsətdir.
Gördüklərimiz deməyə əsas verir ki, "N" hərbi hissənin ön xətdə yerləşən bölməsində də şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə yüksək şərait yaradılıb.
"Hərbi hissəmizdə əsgərlərin asudə vaxtlarının səmərəli təşkili biz zabitlərin nəzarəti altında baş tutur", - deyə zabit Rəşad Əliyev söhbətə vəsilə oldu. - Ümumiyyətlə, əsgərləri istəmədikləri fəaliyyətə məcbur etmək, yaxud sevdiyi fəaliyyətdən uzaq tutmaq düzgün deyil. Çalışmaq lazımdır ki, onlar sevdikləri fəaliyyətlə məşğul olsunlar. Onların sevdiyi fəaliyyətlə məşğul olmaları Azərbaycan Ordusuna da öz töhfəsini verir. Belə ki, bizlər tərəfindən əsgərlər öz qabiliyyətinə uyğun olaraq məşğuliyyət sahələrinə istiqamətləndirilir. Bu da əldə edilən uğurlarda böyük rol oynayır. Əsgərlərin asudə vaxtlarının səmərəli təşkili zabitlərin bir tərəfdən mənəvi borcudursa, digər tərəfdən ölkə və ordu qanunları ilə bizim üzərimizə qoyulmuş bir vəzifədir ki, buna sosial məsuliyyət deyilir. Komandir heyəti bu vəzifələri düzgün yerinə yetirmədikdə həm qanun, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır.
Zabit Sərxan Bayramov isə qeyd etdi ki, hər bir müstəqil dövlətin ordusunun inkişafında yüksək bilik və bacarığa, müstəqil düşüncəyə malik, öz Vətənini böyük məhəbbətlə sevən yaradıcı təfəkkürə yiyələnmiş milli və bəşəri, o cümlədən ordu dəyərlərinə hörmət edən əsgərlərin formalaşdırılması vacib amillərdən biridir. "Əsgərlərimiz gün ərzində dərs prosesi ilə yanaşı, idmanla məşğul olur, kitab, qəzet, jurnal oxuyur, tarixi abidələrlə yaxından tanış olur, igid oğul və qızlarımız haqda məlumat alır, şahmat və dama oynayır, rəsm çəkir, musiqi dinləyir, bir sözlə, asudə vaxtlarını səmərəli keçirirlər. Gördüyünüz kimi, bu gün əsgərlərimiz asudə vaxtlarını şahmat və dama oyununa həsr ediblər. Boş vaxtını şahmat oynayaraq keçirən əsgərin tez qərar qəbul etmək qabiliyyəti də inkişaf edir. Bir həmlənin oyunun gedişinə necə təsir edə biləcəyini, yaranan yeni vəziyyətin necə nəticələnəcəyini, səbəb-nəticə münasibətini əsgər şahmat oyununda daha yaxşı anlayır və qavrayır. Həmçinin əsgərə qələbə əzmini də bu oyun vasitəsilə daha tez aşılaya bilirik. Bu isə Azərbaycan Ordusunun gələcək qələbələrində yardımçımız olacaq.
Əsgər Fədai Eldənizoğlu bildirdi ki, asudə vaxtlarında şahmat oynamağı və həmin saatları dostları ilə keçirməyi sevir. "Hər əsgərin öz maraq dünyası var. Həmin maraq dairəsinə uyğun olaraq kimi musiqiyə qulaq asır, kimi kitab mütaliə edir, kimi qəzet oxuyur, kimi futbol, voleybol, basketbol oynayır. Bəzən birlikdə hansısa kitabın və ya kinonun müzakirəsini də edirik. Asudə vaxtlarımızda idmanla da məşğul oluruq. Azərbaycan Ordusunda əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi idman şəraiti yaradılıb, fiziki tədbirlərin həyata keçirilməsinə xüsusi dəstək verilir. Orduda bölmələr arasında keçirilən yarışlarda yaxından iştirak edirik, əsgərlərlə sıx əlaqə yaradırıq. Həmçinin müxtəlif mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə, teatrlarda iştirak edirik, əyləncəli tamaşaları izləyirik".
Əsgər Məhəmməd Allahverdiyev söhbətə qoşularaq bildirdi ki, maraq dairəmizin müxtəlif olmasına baxmayaraq, içimizdə əvəzedilməz, dəyişməz, əbədi, müqəddəs Vətən sevgisi var. Başa düşürük ki, müharibə şəraitindəyik. Hələ ki, müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Ona görə də döyüş zamanı əsgərlərimizin qələbəsinə vəsilə olmaq, torpağını qorumaq və azad etmək Azərbaycan əsgərinin ən böyük vəzifə borcudur. Bu baxımdan bugünkü asudə vaxtı Qələbəyə doğru atılan bir addım hesab etmək olar.  Bu yolda Azərbaycan əsgəri qürurlu və cəsarətli, Azərbaycan zabiti isə əyilməz və mətindir!
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"