Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

Qələbə ovqatlıdı bu payızın gəlişi

Payız gəlir...
Qızmar yaydan sonra payızın ləngərli gəlişi ovqatımıza ovqat qatır. Payız həm həyatımıza, həm də təbiətə bənzərsizlik gətirir. Mənə elə gəlir ki, payızın rəngləri başqa fəsillərdən daha gözəl, daha füsunkardır.
Payız fəsli mənə hələ illərin o üzündən bəri sirli-sehirli görsənib. - Payız küləyi və soyuğu ilə qısa vaxt ərzində təbiətin əynindən yaşıl donunu çıxarmağı bacarır. Yayda coşub-çağlayan, gözəlliyi gözəlliyə  qundaqlayan təbiət çarəsizliklə payıza təslim olur. Payız ovqatlı günlərdə inanıram ki, ermənilər də Azərbaycan əsgərinin döyüşdə şücaətindən qorxuya düşəcək, geri çəkiləcək.
Payızın gəlişini ən əvvəl ağaclar hiss edir. Onlar soyuğun nəfəsini duyan kimi müdrikcəsinə fikrə gedirlər. Gücünü artıran ordumuzun zabit və əsgərləri bu gözəl payız günlərində işğala son qoyacaq, ağacların da eyni açılacaq.
Payız özü ilə əsgərlərimizə güc gətirir, onların döyüş əzmini, qələbə ruhunu artırır, mübarizliyini, vətənpərvərliyini, döyüş hazırlığını daha da yüksəldir. Bu hazırlığın sonda Böyük Qələbə ilə bitəcəyinə hamımızda əminlik hissi oyadır. Bəlkə buna görə də payız fəslinin gəlişini həsrətlə gözləyirik. Bu payız arzularımız çiçək açacaq.
Yaradıcı adamlar bu fəsildə daha gözəl əsərlər yazırlar. Həmin günlərdə yazılan əsərlərin çoxunda payız rəngi, payız ilıqlığı, payız ovqatı var.  Bu payız yaradıcı insanlar Azərbaycan əsgərinin qəhrəmanlığından, igidliyindən, qazanacağı Böyük Qələbədən dəyərli əsərlər yazacaq, Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqla dolu obrazını yaradacaqlar. Azərbaycan əsgərinin qəhrəmanlığı sözün qüdrəti, sözün gücü ilə tarixləşəcək. Gələcək nəsillər bu qəhrəmanlıqdan nümunə götürəcəklər.
Qızılı payız gəlişi ilə neçə-neçə əsgər, zabit ailəsinə sevinc bəxş edəcək. Evlərdən körpə qığıltısı, ana laylası eşidiləcək. Bu payız günlərində analarımız körpələrinin boyunu sevə-sevə onlara Azərbaycan əsgərinin döyüşlərdəki qəhrəmanlığından, igidliyindən danışacaq. Bu payız Azərbaycan əsgərinin gücündən, qüdrətindən nağıllarımız da, hekayələrimiz  də qəhrəmanlaşacaq, igidləşəcək. Körpələrimiz də bu nağılları, hekayələri dinlədikcə qəhrəman kimi böyüyəcəklər.
Payız gəlir...
Gələn bu payız torpaqlarımızın müdafiəsində dayanan zabit və əsgərlərimizin qollarına güc-qüvvət gətirir, ovqatlarının üstünə ovqat ələyir. Bu payız qələbə ovqatlıdır. Xalqımıza Böyük Qələbənin sevincini yaşadacaq... 

 

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"