Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

“Qəhrəmanların döyüş yolu bizlər üçün örnəkdir”

"N" hərbi hissəsinin düşmənlə üzbəüz mövqedə yerləşən bölməsinin dayaq məntəqəsində Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun şərəfinə salınmış xatirə guşəsi diqqətimizi cəlb etdi. Zabit Sərxan Bayramov şəxsi heyəti bu guşənin ətrafına yığaraq "Topçu İsgəndər"in həyat yolu ilə bağlı hərbi qulluqçuları məlumatlandırırdı: “Peşəkar hərbçi kimi düşmənin mühüm hərbi bazalarının məhv edilməsində yüksək rəşadət göstərən mahir topçumuz gedən döyüşlərdə düşmənin dörd topunu dəqiq atəş zərbələri ilə sıradan çıxarır. Nəticədə düşmən xeyli itki verərək geri çəkilir. 1993-cü il aprelin 18-də baş leytenant İsgəndər Aznaurov gərgin döyüşdə qəhrəmancasına şəhid olur. Onun Qarabağ müharibəsində göstərdiyi şücaətlər ulu öndər Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Azərbaycanımız üçün yaşamış igid oğullarımızı unutmamalıyıq. Onların hər birinin həyat və döyüş yolu bu gün bizlər üçün örnəkdir, nümunədir. Biz özümüzdən sonra gələn gənc nəslə həqiqətləri çatdırmalı, qəhrəmanlarımızı tanıtmalıyıq. Azərbaycan gənci bilməlidir ki, onun tarixini qorxmaz cəngavərlər öz qanı ilə yazıblar. Bu gün üzərində gəzdiyimiz Vətən torpağının o igidlərin qanı ilə suvarıldığını dərk etməli, o torpağın hər qarışını göz bəbəyimiz kimi qorumalıyıq".
Zabit fikrini tamamladıqdan sonra Vətən müdafiəçiləri ilə həmsöhbət olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məhəmməd Hüseynov qeyd etdi ki, vətənpərvərlik hissinin qarşısında heç bir qüvvə tab gətirə bilməz. "Vətən sevgisi ən ali sevgidir. Bu sevgi anaya olan sevgi ilə bir tutulur. Milli Qəhrəman İsgəndər Aznaurovun döyüş yolunu təkrarlamaq istəyində olan oğullarımızın sayı bu gün ordumuzda kifayət qədərdir. Onların hər biri düşməni məğlub edəcəyimiz günün arzusundadır. Bölməmizin şəxsi heyəti ilə söhbət zamanı komandirlərimizlə birlikdə Vətəni qorumağın ən ümdə vəzifə olduğunu qeyd edirik".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elşən Qarayev ürəyi Azərbaycan ilə döyünən oğullarımızın tariximizdə qəhrəmanlıqları ilə iz qoyduqlarından danışdı. "Dövlətimiz və xalqımız hər zaman qəhrəman oğullarına yüksək qiymət verib. Torpaqlarımızın bütövlüyü uğrunda xeyli sayda oğullarımız olub ki, döyüş meydanında bir qəhrəmantək savaşıblar. İsgəndər Aznaurov, Albert Aqarunov və digər döyüşçülər olub ki, canını bu Vətənə fəda ediblər. Onların hər birinin ruhları qarşısında baş əyirik. Xalq onların adını əbədiləşdirib. Hər birinin xidməti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda İsgəndər Aznaurovun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Bu dövlətin qəhrəmanına verdiyi dəyərdir. Vaxtilə "Topçu İsgəndər”in döyüşdüyü səngər bu gün "İsgəndər qalası" adlanır ki, bu qala Vətənimizin müdafiəçiləri tərəfindən layiqincə qorunur. Həmçinin Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsinə müxtəlif tədbirlər təşkil olunur ki, bu qəbildən olan tədbirlər gənclərimizin vətənpərvər ruhda tərbiyəsində atılan zəruri addımlardandır. Qəhrəmanlarımızın xatirəsinə həsr olunan silsilə tədbirlər ordumuzdan da yan keçmir. Bu da şəxsi heyətin həm döyüş ruhuna, həm də mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir. Azərbaycan əsgəri bu gün İsgəndər Aznaurovun simasında hər bir qəhrəmanımızın və şəhidimizin qisasını düşməndən artıqlamasıyla almaq iqtidarındadır".
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"