Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Cəbhədən cəbhəyə” adlı anım tədbiri keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Hərəkatının iştirakçısı əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş "Cəbhədən cəbhəyə" adlı anım tədbiri keçirildi.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbər heyəti, zabitləri, müəllim və kursantları, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov açaraq bildirdi ki, XX yüzilliyin ən dəhşətli və dağıdıcı müharibəsi kimi yadda qalan İkinci Dünya müharibəsində qazanılan qələbəyə Azərbaycan xalqı önəmli töhfələr verib. "Ölkəmizin insan resursları, həm də təbii ehtiyatları faşist Almaniyasına qarşı mübarizəyə səfərbər edilmişdi. Soydaşlarımızın cəbhədə göstərdikləri igidliklərlə hər birimiz fəxr edirik. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda böyük mərdlik və fədakarlıqla vuruşurdular. Azərbaycan övladları nəinki müxtəlif cəbhələrdə ölüm-dirim mübarizəsi apararaq qəhrəmanlıq nümunələri göstərib, eyni zamanda, bu və ya digər səbəbdən Avropanın işğal edilmiş digər ölkələrində Müqavimət Hərəkatına qoşularaq partizan kimi vuruşub, faşistlərə sarsıdıcı zərbələr endiriblər. Belə qəhrəman həmyerlilərimizdən biri də cəsur partizan Əhmədiyyə Cəbrayılovdur..."
Zabit qeyd etdi ki, Əhmədiyyə Cəbrayılovun Avropa Müqavimət Hərəkatı zamanı göstərdiyi igidliyini, necə bir qəhrəman olduğunu fransalı yaxın dostu, döyüş yoldaşı Rene Şambarın məktubları bir daha təsdiq edir. "R.Şambar məktubunda özünün Avropa Müqavimət Hərəkatına qoşulmasından, partizan dəstələrinin faşist Almaniyasına qarşı mübarizəsindən, Əhmədiyyə Cəbrayılovun əməliyyatlarda fəal iştirakından bəhs edir. Bu məktublar Əhmədiyyə Cəbrayılovun fəaliyyətinə kölgə salmağa cəhd edən dairələrə verilən daha bir arqumentdir. Əməliyyatlarda fəal iştirak edən həmyerlimizlə Montobanın azad edilməsi zamanı tanış olduğunu yazan müəllif tabeliyində olan Əhmədiyyənin hərbi biliklərini, sədaqətini, igidliyini, qorxmazlığını, səmimi yoldaşlığını yüksək qiymətləndirir..."    
Polkovnik Emin Səfərov qeyd etdi ki, bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə qazanmasında böyük xidmətlər göstərən Əhmədiyyə Cəbrayılov Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. "Onun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilərək Fransa dövlətinin orden və medalları ilə təltif edilib, eyni zamanda, həmvətənimizin Müqavimət Hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib...
Bu gün Vətənimizin gələcəyi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi vacib amillə birbaşa əlaqəlidir. Əhmədiyyə və Mikayıl Cəbrayılovlar kimi qürur duyduğumuz Vətən oğullarının qəhrəmanlığı unudulmur, unudulmayacaq. Onların həyat və döyüş yolu ordumuzun hər bir əsgər və zabitinə ən böyük örnək olmaqla yanaşı, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Qəhrəmanların igidlikləri işğal olunan torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün hünər və cəsarətin bariz nümunəsidir".
 Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti kapitan Fikrət Səmədov və Gülxar Məmmədova çıxış edərək Əhmədiyyə Cəbrayılovun ömür yoluna nəzər saldılar.
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunan sənədli film nümayiş olundu.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi maraqlı konsert proqramı təqdim etdi.  
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"