Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

“Düşmənin istənilən hədəfini məhv etməyə qadirik”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin artilleriya divizionunda döyüş hazırlığının yüksək səviyyədə olduğunun şahidi olduq. Təlim meydanında canlanma hiss olunurdu. Geniş ərazidə təlim keçib döyüş hazırlığını artıran topçularımız   müəyyən olunmuş müxtəlif döyüş tapşırıqlarını məşq edir, təcrübə və səriştələrini artırırdılar. Dərs prosesində şəxsi heyətə əmr və tapşırıqlarını verən baş leytenant Yasin İbrahimovla tanış olduq. Zabit Yasin İbrahimov bildirdi ki, şəxsi heyət hazırda batareya müdafiədə tapşırığını icra edir. “Eyni zamanda, şəxsi heyət "döyüşə" və "səfərə", hədəfləri tuşlama normativlərini də yerinə yetirir. Artilleriya ixtisası riyaziyyat və həndəsə elmləri ilə sıx bağlıdır.  Hələ orta məktəbdə oxuyarkən bu fənlərə xüsusi marağım olub. Oxuduğum sinifdə  ən çətin və məntiqi misalları hamıdan birinci mən həll edirdim. Torpaqlarımızın dar günündə mən də digər Vətən müdafiəçiləri kimi riyazi biliklərimi nəzərə alaraq bu sahədə daha yararlı olacağıma inanıram".
- Müasir dövrdə döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir zabit, gizir və əsgərdən yüksək nəzəri-hərbi biliklə yanaşı, fiziki və mənəvi-psixoloji hazırlıq da tələb edir, - deyə zabit sözünə davam etdi. - Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsas bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli istifadə etməkdir. Hücuma hazırlıq zamanı toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Hər zaman artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib. Torpaqlarımızın işğalçılardan təmizlənməsində üzərimizə böyük məsuliyyət düşür. Biz də öz növbəmizdə digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etməliyik. Əminliklə deyə bilərəm ki, ən müasir silah-sursat, zirehli maşınlar, tanklar, artilleriya qurğuları və digər texnikalarla təchiz olunan Azərbaycan Ordusu düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.
Keçirilən dərs zamanı çeviklik və bacarıq nümayiş etdirən topçulara yaxınlaşıb onlarla söhbət etdik. Üzərlərinə düşən əsas vəzifənin şəxsi heyətə yüksək bilik və bacarıq aşılamaq olduğunu deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Nəsibli dərsin əhəmiyyətindən söz açdı. "Təlim və dərs proseslərində bütün normativlərin vaxtında və dəqiq yerinə yetirilməsi əsas prinsip kimi götürülür. Çünki artilleriya yüksək dəqiqlik tələb edir. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Əsgərlər hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənirlər. Mütəmadi olaraq keçirilən məşğələlər bilavasitə atəş mövqeyində aparılır. Hər  birimiz koordinatlar əsasında istənilən hədəfi dəqiq top zərbələri  endirməklə məhv etməyi bacarırıq".
Əsgər Mirnurdan Qasımov  keçirilən dərslər sayəsində yüksək döyüş hazırlığına malik olduqlarını qeyd etdi. "Praktiki məşğələlərimiz öncədən təyin edilmiş açıq ərazidə, digər dərslərimiz sinif otaqlarında keçirilir. Bundan başqa, bizə təhkim olunan texnika yüksək fiziki güc tələb etdiyindən komandirlərimiz fiziki göstəricilərimizi də diqqət mərkəzində saxlayırlar. İctimai-siyasi hazırlıq dərslərimiz isə mənəvi-psixoloji hazırlığımıza müsbət təsir göstərir. Daim hərbi biliklərimizi artırır, özümüzü bir döyüşçü kimi təkmilləşdirir, üzərimizdə çalışırıq. Komandirlərimizin bizə olan diqqəti yüksək səviyyədədir. Burada yaradılan sosial-məişət şəraiti arzuediləndir. Bu gün ordu sıralarında xidmət edən hər kəs Vətənə müqəddəs borcunu ödəyir. Xalqımız da əmin olsun ki, Vətənimizi göz bəbəyimiz kimi qoruyacaq, əsgər adını uca tutacaq, millətimizə daim başucalığı gətirəcəyik".
Əsgərlər Nurlan Mirzəyev və Məmməd Bayramlı da Vətənə, xalqa sədaqətlə xidmət etməyin verdiyi qürurdan, müqəddəs yolun yolçusu olmaqlarından danışdılar. Əsgərlərin hər biri Ali Baş Komandanın əmriylə döyüşmək, torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərin iştirakçısı olmaq istədiklərini vurğuladılar.
Əminliklə deyə bilərik ki, bu gün ordu sıralarında xidmət edən bilikli və bacarıqlı yüksək döyüş hazırlığına malik hərbi qulluqçularımız torpaqlarımızı düşmən işğalından hər an azad etməyə hazırdırlar.
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu",
Foto Namiq PƏNAHOVUNDUR