Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

Əsgərlərin döyüş əzmi, qələbə ruhu yüksəkdir

Sabah tezdən gedəcəyimiz istiqamətləri, yurdumuzun keşiyində dayanan əsgərlərlə görüşəcəyimiz bölmələri zabit Rəşad Gülməmmədov hələ axşamdan müəyyənləşdirmişdi. Həmin istiqamətlərdə ötən il olduğumdan ərazini və yolları yaxşı tanıyırdım. Bu yollar, bu dağlar, bu dərələr mənə çox əziz və doğmadır. İnsan ona doğma olan hər şeyi ləngimədən, tez bir zamanda görmək istəyir. Bu istək ürəyimi telləndirdikcə sabahın həmişəki vaxtından tez açılmasını istəyirdim...
Səhərdir. Bir-iki saat əvvəl yer üzündən çəkilmiş qaranlıq yerini gözəl bir yay səhərinə verib. Elə bil Günəş də bu gün üfüqdən bir az tez boylanmağa, səngərlərdə dayanan zabit və əsgərlərimizi həmişəkindən tez salamlamağa tələsir. Yəqin ki, hərbçilərimiz də Günəşi salamlamaq üçün onun üfüqdən yuxarı qalxmağını gözləyir. İllərdir həyat bu axarı ilə davam edir. Təbiətin nizamını, səliqə-sahmanını heç bir qüvvə pozub dəyişə bilmir. Səhər-səhər seyr etdiyimiz gözəlliklər ovqatımıza yeni rəng çalarları qatır. Gördüklərimiz qəlbimizdə xoş duyğular oyadır. Elə qəlbimizə hakim kəsilmiş bu xoş duyğularla da səngərlərə - yurdumuzun keşikçilərinin yanına tələsirik.
Dünyaya gözümüzü açandan yolların  müqəddəs olduğunu eşitmişik. Bir-birinə bənzəməyən bu müqəddəs yollar bizi qolları üstünə alıb irəli - yurdumuzun müdafiəçilərinin yanına aparır. Səliqə ilə çəkilmiş və kənarlarında ağaclar, çiçək kolları əkilmiş yollarla ön xəttə gedirik. Cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrinin içindən keçirik. Azərbaycan Ordusunun gücünə arxalanan sakinlər bir an olsun belə gündəlik işlərindən qalmırlar. Ordumuzun hissələri onların təhlükəsizliyini qoruyur. Ona görə də yerli camaat arxayın təsərrüfatında işləyir, yavaş-yavaş qış tədarükü görür.  
Dəqiqələr bir-birini əvəz etdikcə yaşayış məntəqələri arxada qalır.  Çox keçmir ki, bizi ön xəttə aparan hərbi avtomobil geniş ərazidə dövrə vurub dayanır. - Çatdıq, - deyə zabit Rəşad Gülməmmədov bildirir və cəld addımlarla maşından düşür. Biz də onun arxasınca aşağı enirik. Ayağımız torpağa dəyən kimi özümüzü daha güclü və qüvvətli hiss edirik. İdman qurğuları quraşdırılmış geniş həyət elə ilk dəqiqədən səliqə-sahmanı ilə diqqətimizi özünə çəkir. Əsgərlər yaxınlığımızdan keçib səngərlərə doğru gedirlər.        Zabit və əsgərlərlə görüşmək üçün mövqelərimizə yaxınlaşırıq. Burada hər addımda müharibənin ab-havası duyulur. Barıt qoxusu burnumuzu qıcıqlandırır. Səngərlərdə yurdumuza keşik çəkən, üz-gözündən igidlik və cəsarət yağan oğulları gördükcə ürəyimiz dağa dönür. Bir daha əmin oluruq ki, Vətən etibarlı əllərdədir, əsgərlərimiz torpaqlarımızı erməni işğalçılarından göz bəbəkləri kimi qoruyurlar.
Baş leytenant Ramin Siraclı ilə söhbət edirik. Gənc zabit əsgərlərinin nümunəvi xidmətindən ətraflı söz açır, ürəkdolusu danışır. Bildirir ki, bu gün biz hərbçilər yurdumuzun keşiyində dayanmışıq. “Bu müqəddəs vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Daim düşmənin nəzarətində olan ərazilərdə müşahidələr aparır, erməni işğalçılarının hərəkətlərinə göz qoyuruq. Döyüş hazırlığı yüksək səviyyədə olan əsgərlərimiz xidmətlərinə böyük məsuliyyətlə yanaşırlar. Atəşkəs rejimini pozub təxribat törətmək istəyən işğalçıların qarşısı qətiyyətlə alınır. Erməni qəsbkarları gücümüzü, qüdrətimizi hər addımda hiss edir və qarşımızda duruş gətirə bilməyərək itki verib geri çəkilməyə məcbur olurlar. Vətənpərvərlik hissləri yüksək olan əsgərlərimiz Qarabağ uğrunda gedəcək döyüşlərdə qələbə əzmi ilə, düşməni məhv etmək amalı ilə vuruşacaqlar. İnanıram ki, şəxsi heyətin igidliyi və qəhrəmanlığı sayəsində qəsbkarları yurdumuzdan qovacaq, işğala son qoyacağıq. Ondan sonra torpaqlarımız rahat nəfəs alacaq, köçkünlər doğma ocaqlarına qayıdacaqlar. Bütün bunları Azərbaycan əsgərinin qəhrəmanlığı və hünəri təmin edəcək. Azərbaycan əsgəri cəsarəti ilə qəhrəmanlıq tariximizə bir-birindən şərəfli səhifələr yazacaq.”
- Bu gün Vətənin keşiyində dayanmaqdan qürur duyuram, - deyə əsgər İbrahim İmanov söhbətimizə qoşulur. - Ona görə qürur duyuram ki, mən Vətənin əsgəriyəm, yurdumu erməni işğalçılarından qoruyuram. Hərbi xidmət günlərim ömrümün ən şərəfli anlarıdır. Mən bu günləri bütün ömrüm boyu qürur hissi ilə xatırlayacam. Şərəf dolu günlər yaşamağı bütün əsgərlərə arzu edirəm. Xidmətimin ilk günlərindən silahları həvəslə öyrənirdim. Məşğələdən məşğələyə təcrübəm və səriştəm artırdı. Xidmətimin hər gününü uğurla başa vurmağa çalışırdım. Çalışqanlığım müsbət nəticələr verirdi. Silahların taktiki-texniki xüsusiyyətlərini mükəmməl mənimsədiyimdən indi erməni işğalçılarını çətinlik çəkmədən bir göz qırpımında dəqiq atəşlə məhv etməyə hazıram. Müşahidə məntəqəsindən tarixi torpaqlarımıza ürək ağrısı ilə baxıram. O yerləri qəsbkarlardan azad etmək üçün hər an döyüşə hazıram. Mən doğmalarımın yanına qalib əsgər kimi qayıtmaq istəyirəm. İstəyirəm ki, döyüşlərdə göstərəcəyimiz qəhrəmanlıqlar dildən-dilə düşsün, eldən-elə dolaşsın.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlkin Hüseynov söhbətə ordumuz üçün uğurla başa çatan Tovuz döyüşlərindən başlayır. Deyir ki, biz əsgərlər erməni qəsbkarlarının iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətindən pozub yurdumuza hücum etməsini qəzəb və hiddətlə qarşıladıq. “Hadisələrin gedişini diqqətlə izləyir, baş verənlərdən vaxtlı-vaxtında xəbər tuturduq. Ordumuzun zabit və əsgərlərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hünər, qazandığı qələbə bizi çox sevindirdi. Həm 2016-cı ilin aprel, həm də 2020-ci ilin iyul döyüşləri bir daha göstərdi ki, ordumuzun gücü, qüdrəti yenilməzdir. Qoy erməni qəsbkarları bir daha bilsinlər ki, Azərbaycan əsgəri heç kimin kömək və dəstəyi olmadan yurdunu işğaldan azad etməyə hazır və qadirdir. İstər aprel, istərsə də Tovuz istiqamətindəki uğurlu döyüşlər bizi sonda Böyük Qələbəyə qovuşduracaq. Zabitlərin də, əsgərlərin də döyüş ovqatı, qələbə əzmi yüksək səviyyədədir. Düşmən bu əzmin, bu gücün qarşısında heç vaxt duruş gətirə bilməyəcək.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müzəffər Dünyamalıyev, əsgərlərdən Yusif Əliyev, Şahin Xuduyev, Elçin Tağıyev, Azər Abbaszadə, Tarıyel Rəhimov, Fərid Nuruzadə və başqaları ilə də söhbət edirik. Onların vətənpərvərlikdən yoğrulmuş söhbətlərinə maraqla qulaq asırıq. Silaha sarılıb yurdumuza keşik çəkən, üz-gözündən igidlik yağan oğulların sözlərindən, fikirlərindən qələbə əzmi duyulur.
İnanıram ki, yurdumuzun keşiyində ayıq-sayıq dayanan oğullarımız içdikləri Hərbi anda, verdikləri vədlərə həmişə sadiq qalaraq, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda cəsarət və hünərlə vuruşacaq, qələbələri ilə xalqımızı sevindirəcəklər.
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"