Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2020 07:52

“Salam, Böyük Qələbə!” nidasının səslənəcəyi günün ərəfəsindəyik

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri Ermənistanın növbəti təxribatının qarşısını qətiyyətlə aldı, əks-hücumla min hektarlarla ərazini düşməndən təmizlədi, Lələtəpə, Bayraqtəpə kimi strateji yüksəkliklər ordu hissələrimizin nəzarəti altına keçdi. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev bu qələbəni tarixi qələbə adlandırdı, onun hərbi dərsliklərə salınmasını tövsiyə etdi. Bu qələbə Azərbaycan əsgərinin döyüş əzmini də, qələbə ruhunu da yüksəltdi. Bu yüksəliş 2020-ci ilin iyul döyüşlərində də təsdiqləndi. Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlər torpaqlarımızın işğaldan tam azad edilməsi ilə nəticələnəcək.
Son illərdə ordu quruculuğunda aparılan irimiqyaslı islahatlar, ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsi, şəxsi heyətin texnikaların istismar xüsusiyyətlərini mükəmməl mənimsəməsi ordunun döyüş hazırlığını daha da yüksəldib.
Azərbaycan Ordusunun yüksək döyüş və mənəvi-psixoloji hazırlığı Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamağa zəmanətdir. 2016-cı ilin Aprelində də, bu ilin iyulunda da əli silah tutanların əksəriyyətinin döyüşlər gedən əraziyə axışması ordu ilə ictimaiyyətin birliyinin təsdiqi idi və bu da ordumuzun gücü kimi yaşanılmışdı. Həmin günlərdə hamı bir amalın əsgəri idi: Azərbaycan Ordusu qalib gələcək! Bunun üçün xalq ordunun sırasındadır. Xalqın orduya bu səviyyədə dəstəyi sabahkı qələbələrə yüksək ovqat deməkdir.
İndi məmləkət boyunca yaşanılan ovqat yaxın vaxtlarda yaşanılacaq ovqatın başlanğıcıdır. Bu gün ölkəmizdə təkcə 2016-cı ilin Aprel, 2020-ci ilin iyul döyüşlərinin qələbə sonluğunun ovqatı yaşanılmır, həm də yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsi üçün başlayacaq döyüşlərin ovqatı da yaşanılır. Bu gün ordu sıralarından tərxis olunanlar da, qazilər də, əsgər ataları da başlayacaq döyüşlərin ovqatını ömür bilir. Hamı ömür bildiyi ovqatın başlanğıcını dövlətə, dövlətçiliyə sədaqətlə yaşayır. Xalqın Azərbaycan əsgərinə inamı da bu ovqatla səsləşir. Bütün bacılar qardaşı hərbi xidmətdə olan bacıların sırasındadır. Onların düşüncələri bizim düşüncələrimizdir. Bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmriylə döyüşəcək hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır, "Qələbəniz mübarək!" sevincinin başlanğıcıdır, Azərbaycan əsgərinin atacağı son güllədən sonra səslənəcək "Salam, Böyük Qələbə!" nidasının yayılacağı razilərin göylərini bürüyəcək  göyqurşağıdır.
Böyük Qələbə ərəfəsindəyik!
Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyası