Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2020 07:51

Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, dünyanın ən güclü orduları sırasındadır

Ermənistanın işğalçı dövlət olduğunu uşaqlığımdan bilirəm. Uşaq bağçasında tərbiyəçi-müəllimlərimiz, məktəbdə müəllimlərimiz, evdə valideynlərimiz bizə Ermənistanın ordu hissələrinin Dağlıq Qarabağda, eləcə də sərhəd rayonlarda törətdiyi vəhşiliklər, faciələr haqqında da danışmışdılar. Uşaq təfəkkürü ilə bu hadisələrin ağırlığını dərk edə bilməsək də, biz də düşmənə nifrət edirdik.
Tarixən torpaqlarını azad etmək üçün döyüşən ordunun əsgərləri daha böyük döyüş ruhuna malik olurlar. Aprel döyüşlərində də, iyul döyüşlərində də Azərbaycan əsgərinin necə qətiyyətlə, necə qəhrəmanlıqla döyüşdüyü də tarix oldu. Xalq əmindir ki, əsgərlərimiz işğalı sonlandıracaq döyüşlərin də qəhrəmanı olacaqlar, torpaqlarımız düşmən işğalından azad ediləcək. 
Bizim yaşıdlarımız olan oğlanlar hərbi xidmətdə oldular. Tərxis edildikdən sonra rastlaşanda deyirdilər ki, döyüşlər başlayanda icazə versələr, biz də döyüşəcəyik, torpaqlarımızın işğaldan azad edilməsində biz də iştirak edəcəyik. Əsgərlərimizlə çiyin-çiyinə qəhrəmanlarımızın, şəhidlərimizin döyüş yolunu davam etdirərək döyüşəcəyik.
Tərxis edilmiş əsgərlərimizin bu istəyi ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olduğuna, onların bu istəyinin əsgərlərimizin döyüş əzmini, qələbə ruhunu yüksəltdiyinə zərrəcə şübhəmiz yoxdur. Ali Baş Komandanın döyüş əmri bu əzmi, bu ruhu daha da kükrədəcək.
Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, dünyanın ən güclü orduları sırasındadır.
Bütün əsgərlər bütün bacıların qardaşıdır. Qardaşlarımız - Azərbaycan əsgərləri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq. Həmin gün məmləkətimiz Böyük Qələbəni qazananlara alqışlar səsləndirəcək.
2016-cı ilin Aprel döyüşləri də tarixdir. Aprel zəfəri Azərbaycan Ordusunun qüdrətini təsdiqlədi. Düşmən də, onun işğalçılığına göz yumanlar da gördülər ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir. Qadir olduğuna görə də işğalın axırına çıxacaq. Düşmən məğlubiyyətin  acısını yaşayacaq, biz qələbənin sevincini yaşayacağıq.
Bir qaçqın ana demişdi: "Torpaqlarımız işğaldan azad ediləndə elə biləcəm ki, dünyaya təzədən gəlmişəm". Ordumuzun Böyük Qələbəsi bütün qaçqın analara, qaçqın atalara belə bir ovqat yaşadacaq. Bu ovqatın eynini biz də yaşayacağıq. Həmin gün döyüşlərdən qələbə ilə dönənlərimizin yoluna çıxanların sırasında biz də olacağıq…

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri