Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

“Mən də döyüşlərin iştirakçısı olacam!”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin bölməsindəyik. Torpaqlarımızın keşiyində dayanan igid oğullarımızla görüşə gəlmişik. Bizi müşayiət edən zabit Bəbir Həsənliyə "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimi bildirdim. O, əsgər Elgün Səmədovun adını qeyd etdi. Zabit tabeliyində xidmət edən əsgərdən danışaraq dedi ki, Elgün Səmədov xidmətini düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. Onun komandirlərinin və əsgər yoldaşlarının hörmət və rəğbətini qazandığını qeyd etdi.
Şəmkir rayonundan hərbi xidmətə çağırılan əsgər Elgün Səmədov öz vəzifəsinin öhdəsindən məsuliyyətlə gəlir.
"Hərbi xidmətə çağırıldığım ilk gündən komandirlərimizdən nizam-intizamlı olmağı, öyrədilənləri dərindən mənimsəməyi öyrəndim”, - əsgər Elgün Səmədov söhbətə başladı. - Keçirilən hər məşğələ bizi hərbi xidmətə daha  da möhkəm bağlayırdı".
Elgün qeyd etdi ki, əmisi Dilqəm də Qarabağ döyüşlərinin iştirakçısı olub. "Hərbi andı qəbul etdiyim gün valideynlərimlə birlikdə əmim də məni görməyə gəlmişdi. O, mənə xidmətimdə uğurlar arzulayaraq, komandirlərimin əmr və tapşırıqlarını dəqiq yerinə yetirməyi, öyrədilən hər şeyi dərindən mənimsəməyi tövsiyə etdi. Əmim deyirdi ki, fərdi hazırlığıma xüsusi diqqət yetirim. Çünki döyüş meydanı hazırlıqlı və güclü əsgərlərin yeridir. Buna görə mütəmadi olaraq məşq edir, fiziki hazırlığımızı artırırıq. Onu da qeyd edim ki, komandirlərimizlə birlikdə məşq etmək bizi daha da ruhlandırır. İnanırıq ki, tezliklə düşmən də döyüş meydanında gücümüzün şahidi olacaq. Mən də döyüşlərin iştirakçısı olacam!"
- Biz əsgərlərin üzərinə şərəfli və məsuliyyətli vəzifə düşür. Hər an bu vəzifənin öhdəsindən layiqincə gəlməyə hazırıq. İşğalda olan torpaqlarımıza "Cəngi" sədaları altında yenidən ayaq basacağıq. Doğma el-obasından didərgin düşən soydaşlarımızın hər gün həsrətlə gözlədiyi bir xəbər var - torpaqlarımızın işğaldan azad olunması xəbəri. Bizi qələbəyə aparacaq döyüş uzaqda deyil.
Elgün onu da dedi ki, hərbi hissədə onlar üçün hər cür sosial-məişət şəraiti yaradılıb. "Ali Baş Komandanın və Müdafiə nazirinin biz əsgərlərə göstərdiyi diqqət və qayğı hər birimizi daha da ruhlandırır. Əsgər yataqxanamız, yeməkxanamız və digər şəraitimiz müasir standartlara cavab verir. Komandirlərimiz bizim istirahətimizə xüsusi diqqət ayırırlar”.
Vətənin müdafiəçisi ilə söhbətimiz bir daha sübut etdi ki, əsgərlərimizin döyüş ruhu yüksəkdir. Onlar hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad etməyə, xalqımıza qələbə sevincini yaşatmağa hazırdırlar.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
Foto C.CƏFƏROVUNDUR