Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

Təlimlər döyüş hazırlığını daha da artırır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin döyüş hazırlığı ilə yaxından tanış olduq. Dağlıq ərazidə bölmənin döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətə yaxınlaşdıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Komandir tərəfindən verilən komandaları cəld yerinə yetirirdilər.
Heyət nəfərlərinə əmr və tapşırıqlarını verən baş leytenant Yasin İbrahimovla həmsöhbət olduq. Zabit Y.İbrahimov bildirdi ki, dağlıq ərazidə xidmət etmək çətin olsa da, igid, mərd və cəsur oğullarımız hər cür şəraitdə sayıqlığı itirmirlər. “Hər biri xidmətləri   ilə seçilir. Hər birinin döyüş, atəş, fiziki və mənəvi-psixoloji hazırlığı olduqca yüksək səviyyədədir. Verilən əmrlərə sözsüz tabe olurlar. Döyüş növbətçiliyini düzgün təşkil edirlər. İstənilən an Ali Baş Komandanımızın əmri ilə düşmənə gördüyünüz qurğudan qan uddurmağa hazırdırlar.
Əlbəttə, nəinki dağlıq ərazidə, ümumiyyətlə, düşmənlə təmas xəttindəki bölmələrin hamısında sayıqlıq əsas şərtdir. Düşmən çox hiyləgərdir. Onlar istənilən an təxribatlara əl atır, mövqelərimizə soxulmağa fürsət axtarırlar. Yalnız mərd və cəsur Azərbaycan əsgərlərinin sayəsində düşmənin istənilən təxribatının qarşısı alınır. Bu yaxınlarda düşmənin kəşfiyyat-diversiya qrupu təxribat törətməyə cəhd göstərdi. Ordumuzun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur oldu. Döyüş zamanı erməni kəşfiyyat-diversiya qrupunun komandiri əsir götürüldü. Bu, bir daha göstərdi ki, ordumuzun şəxsi heyətinin döyüş hazırlığı və ayıq-sayıqlığı yüksək səviyyədədir".
Şəxsi heyətin döyüş hazırlığından söz açan baş leytenant Yasin İbrahimov qeyd etdi ki, ön xətdə xidmət aparan əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı ilə peşəkar zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları məşğul olurlar. “Bu səbəbdən də ön xətdə heç bir narahatçılıq baş verə bilməz. Plana uyğun olaraq təlimlər keçirilir. Təlimlərdə əsgərlərimiz yüksək peşəkarlıq nümayiş etdirirlər. Müxtəlif məsafələrdən atəş açmağı mənimsəyirlər. Daim döyüş hazırlıqlarını artırır və istənilən tapşırığı heç bir çətinlik çəkmədən qısa bir müddət ərzində həyata keçirməyə hazırdırlar. Gördüyünüz kimi, bayaq onlar minaatan qurğusunu "döyüşə" və "səfərə" vəziyyətinə gətirdilər. Cəld və qısa bir zamanda komandanı icra etmələri onların təcrübəli və hazırlıqlı olduqlarından irəli gəlir. Əsgərlərimizin sosial-məişət şəraiti də göz önündədir. Son vaxtlar əsgərlərimizin məişət şəraiti tamamilə yaxşılaşdırılıb, təminatları yüksək səviyyəyə çatdırılıb. Hərbi hissələrimizdə yeni qazanxanalar, yeməkxanalar, yataqxanalar, camaşırxanalar, istirahət, bərbər və hamam otaqları şəxsi heyətin istifadəsinə verilib.”
Dərs prosesindən danışan zabit bildirdi ki, minaatan qurğusunun sirlərini şəxsi heyətə öyrətmək üçün məşğələnin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışırıq. “Öncə onlara dərslərin mövzusu barədə nəzəri olaraq məlumat veririk. Sonra isə şəxsi heyət nəzəri biliklərini praktiki olaraq həyata keçirirlər. Verilən komandalar üzrə fəaliyyətə başlayırlar.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Nəsibli bildirdi ki, dağ-meşəlik və  düzənlik ərazilərdə  keçirilən praktiki məşqlərə cəlb olunan şəxsi heyət  120 millimetrlik minaatan komplekslərindən düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək tapşırıqlarını yerinə yetirir. “Keçirilən məşqlərdə bölmələrin “döyüşə” və “səfərə” düzülüşü, hədəflərin təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir. Məşğələlərin və təlimlərin əsas məqsədi əsgərlərin praktiki vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir döyüş hazırlığının səviyyəsinin artırılmasından ibarətdir.”
Əsgərlərimizlə söhbət edərkən üzlərindəki ifadələrdən düşməndən intiqam almaq əzmilə xidmət etdiklərini hiss etməmək mümkün deyildi. Hər biri döyüş meydanına atılacağı günü səbirsizliklə gözləyir. Əsgər Qədim Əliyev bildirdi ki, dərslər yüksək səviyyədə keçirilir. "Komandirlərimizin sayəsində minaatan qurğusunun bütün sirlərinə yiyələnmişik. Heç bir çətinlik çəkmədən istənilən komandanı icra edə bilərik. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Onlar bizi döyüşçü kimi yetişdiriblər. Gündəlik dərslərin nəticəsidir ki, keçirilən təlimlərdə heyətimiz yüksək nailiyyətlər əldə edir. Biz hər zaman düşmənə ağır zərbələr endirməyə və işğalda olan torpaqlarımızı azad etməyə tam hazırıq. Bunun üçün Ali Baş Komandanımızın əmrini gözləyirik".
- Hərbi xidmətimi başa vurmağa az vaxt qalıb, amma döyüşlər başlayan kimi yenidən orduya qayıdacağam və komandirlərimizlə çiyin-çiyinə düşmənə gücümüzü sübut edəcəyik. Etiraf edim ki, hərbi xidmət həyatımda bir məktəb oldu, həm  döyüşçü olmağımın, həm də gələcək müstəqil həyatda yaşamağımın sirlərini öyrəndim.
Hərbi xidmətə Şəki rayonundan çağırılan Nurlan Mirzəyev orduda keçirdiyi günlərin dəyərindən, təlim və məşğələlərdə peşəkarlıq qazanmasından danışdı.
- Hərbi xidmət hər birimiz üçün əhəmiyyətli bir dövrdür və bu dövrdə döyüşçüyə xas olan vacib vərdişləri mənimsəyirik, həmçinin bir çox mənəvi keyfiyyətlərə alışırıq.
Əsgər Məmməd Bayramlı dedi ki, keçirilən təlimlər onları qələbəyə ruhlandırır. "Təlimlər başlayanda bildiklərimizi və öyrəndiklərimizi nümayiş etdiririk. Minaatan qurğusunun sirlərini dərindən mənimsəyirik, axı qarşıda bizi daha əhəmiyyətli bir sınaq - torpaqlarımızın işğaldan azad ediləcəyi gün gözləyir. Mən və əsgər yoldaşlarım o günün həsrətilə xidmət edirik. İşğal olunan torpaqlarımızı tez bir müddətdə düşməndən azad etmək istəyirik. Artıq xidmətimizi Kəlbəcərdə, Laçında, Şuşada, ... davam etdirmək istəyirik. Axıdılan qanımızın qisasını almaq istəyirik. Buna görə də Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik."
Əsgər Mirnur Qasımov da qeyd etdi ki, hərbi xidmət onlardan intizamlı olmaq, hərbi sirri qoruyub saxlamaq, dözümlülük, cəsarət tələb edir. Bura hər birimiz üçün bir məktəbdir. Bu məktəbdə biz çox şeyləri öyrənirik. Daha cəsarətli, güclü döyüşçü kimi formalaşırıq. Bu məktəbin sayəsində gələcək həyatımızda müstəqil ayaqda durmağı öyrənirik. Bu vərdişləri bizə aşılayan komandirlərimizə dərin minnətdarlığımı bildirirəm.”
Beləliklə, əsgərlərimizlə söhbətdən sonra əminliklə deyə bilərik ki, hamısının bir məqsəd-məramı var: tezliklə işğalda olan torpaqlarımızı düşməndən azad etmək!
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
Foto Namiq PƏNAHOVUNDUR