Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

“Bayrağımız tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda da dalğalanacaq”

Ordu sıralarında xidmətləri ilə tabeliyində olan şəxsi heyətə nümunə olan zabitlərimiz çoxdur. Leytenant Talıb Talıbov da belə zabitlərdəndir. Onunla düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində tanış olduq.
Öyrənirik ki, gənc leytenant Talıb Talıbov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin builki məzunudur. Zabit Pərviz Qafarov qeyd etdi ki, xidmətə ön cəbhədə başlayan gənc zabit Vətənimizə sədaqətlə xidmət edir. "İlk gündən nizam-intizamı və nümunəvi xidməti ilə yuxarı komandanlığın rəğbətini qazanıb. Tabeliyində xidmət edənlərdən diqqət və qayğısını əsirgəmir, mütəmadi olaraq onlarla fərdi söhbət aparır. Bölmədə sorğu keçirilən zaman əsgərlər də komandirlərindən razılıqlarını bildirirlər".
Gənc zabitlə yaxından tanış olmaq məqsədilə döyüş mövqeyinə yollandıq. Öyrəndik ki, zabitin atası Qarabağ müharibəsi veteranıdır. O, Ağdam istiqamətində gedən ağır döyüşlərdə yaralanıb. Talıbın zabit olmasında atası Vidadinin böyük əməyi olub. "Atalarımız Vətənimizin dar günündə onun müdafiəsində dayanıblar. Bəziləri yaralanıb, bəziləri isə şəhidlik zirvəsinə ucalıblar. Düşmənə gözaçmağa imkan verməyiblər. Atam silahdaşlarından çox danışardı. Həmişə mənimlə birlikdə onların məzarını ziyarət edərdi. Sağ qalan dostları ilə görüşəndə keçmiş günləri xatırlayardılar. Həmin vaxtdan Vətən sevgisinin heç bir sevgi ilə müqayisə edilməyəcəyini anladım. Bu gün atamın və onun silah yoldaşlarının yolunu davam etdirdiyim üçün fəxr edirəm".
- Vətənə xidmət etmək hər birimizin vətəndaşlıq borcudur, - deyə zabit sözünə davam etdi. - Hər bir azərbaycanlı Vətəninə vəzifə borcunun öhdəsindən layiqincə gələrək xidmət edir. Biz hərbçiyik. Vətənin müdafiəsinə çağırılan əsgərlərimizi mahir döyüşçü kimi formalaşdırmalıyıq. Başlıcası isə hər bir komandir şəxsi nizam-intizamı ilə tabeliyindəkilərə nümunə olmalıdır. Təhsil ocağında keçdiklərini təkrarlamalıdır. Keçirilən məşğələlər əsgərlərin döyüş, mənəvi-psixoloji, fiziki hazırlığının artmasına köməklik göstərir. Çalışıram ki, tabeliyimdə olan əsgərlər yüksək döyüş hazırlığına malik olsunlar. Sərbəst döyüş tapşırığını yerinə yetirə bilsinlər.
Gənc zabit hər an işğalda olan torpaqlarımızı azad etməyə hazır olduğunu bildirdi: "Xalqımızın etimadını doğruldacağıq. Bayrağımız tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda da dalğalanacaq”.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
Foto C.CƏFƏROVUNDUR