Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

“Torpaqlarımızı işğaldan azad etməyə hazırıq, qadirik!”

Gen dərələrin ətəyindən dolanıb keçən yollarla üzü səngərlərə doğru gedirik. Ovqatımız olduqca yüksəkdir. Çünki Vətənin keşiyində dayanan zabit və əsgərlərlə görüşəcəyik. Onlarla maraqlı görüş və söhbətlərimiz çox olub. Belə görüşlərin hər biri yaddaşımıza hopub. Yəqin ki, bugünkü görüşümüz də yaddaşımızdan silinməyəcək. Nə vaxt ön xətdə dayanan hərbçilərimizin yanına gediriksə, onları yüksək ovqatda görürük.
Bizi ön xəttə aparan avtomobilin sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Süleyman Quluzadənin həyat hekayəsi həsrət qoxuludur. 1992-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açan Süleyman bir yaşı olmamış doğma ocaqlarından didərgin düşüb. Ermənilər 1993-cü ilin oktyabrında onun ata-baba yurdunu işğal edərək odlara qalayıb.
- Zəngilanda doğulsam da, doğma ocaqlarımızda bir ildən çox yaşaya bilməmişəm, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Süleyman Quluzadə deyir. - Mən Zəngilanı yalnız valideynlərimin yadigar saxladıqları şəkillərdə görmüşəm. 1993-cü ilin soyuq payız günlərində erməni işğalçıları rayonumuzu, kəndimizi işğal edərək bizi doğma ocaqlarımızdan didərgin saldılar. Çətin günlər yaşadıq. Bu gün də belə ata-baba yurdumuzu unutmuruq. Daim kəndimizə qayıtmaq arzusu ilə yaşayırıq. Günlərin birində mən də həmyaşıdlarım kimi hərbi xidmətə çağırıldım. Vətən qarşısındakı əsgəri borcumu başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi gündən-günə güclənən ordumuzun sıralarında qalıb xidmət etməyə başladım. Bu addımı atmaqda məqsədim yurdumuzun azadlığı uğrunda başlayacaq döyüşlərdə iştirak etməkdir. Ürəyim torpaqlarımızı işğal edən düşmənə nifrətlə döyünür. Dilimiz "intiqam", ürəyimiz "qisas" deyir. Biz düşməndən qat-qat güclü və qüdrətliyik. Daim güclənən ordunun əsgəri olmağımdan qürur duyuram. İnanıram ki, qarşıdakı döyüşlərdə mütləq qələbə qazanacağıq. Azərbaycan əsgəri güclüdür, Azərbaycan əsgəri qüdrətlidir, Azərbaycan əsgəri məğlubedilməzdir. Keçib getdiyimiz bu ərazidən dünyaya göz açdığım Zəngilan rayonuna o qədər böyük məsafə yoxdur. Ümid edirik və inanırıq ki, günlərin birində geri dönəcəyik. Əminik ki, müntəzəm olaraq keçirilən genişmiqyaslı təlim-məşqlərdə döyüş hazırlığını artıran zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarını məğlub edəcəklər. İşğala son qoyulacaq. Mən bir əsgər kimi işğal olunan torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə həmişə öndə vuruşacağam.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Süleyman Quluzadə ilə söhbətdən ovqatımız bir az da yüksəlir. Hərbçilərimizin yüksək vətənpərvərliyi, yenilməz hünəri qarşıdakı qələbə və uğurlardan xəbər verir. Təbiidir ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün gedəcək döyüşlərdə ön sırada vuruşmağa hazır olan əsgər döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərəcək. Doğma ocaqlarına qalib ordunun əsgəri kimi dönəcək.  
Səngər boyu irəli gedərək  mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlərlə də görüşürük. Baş gizir Sahət Tahirovla söhbət zamanı öyrənirik ki, o, uzun müddətdir torpaqlarımızın müdafiəsindədir. Bu müddət ərzində şərəfli xidmət yolu keçib, həmişə nümunəvi xidmət edənlərdən olub.
- Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Elə doğma olduğuna görə də  uzun illərdir Vətənimin keşiyindəyəm, - deyə baş gizir Sahət Tahirov söhbətə başlayır. - Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Zaman-zaman Vətən oğulları yadellilərlə mübarizələrdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına qoynunda dünyaya göz açıb yaşadıqları torpaqları qoruyublar. Bu gün bizim damarlarımızdan döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır. Biz də onların qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqlarımızdan təmizləyəcəyik. Döyüşlərdə Azərbaycan əsgərinin gücünü görən erməni qəsbkarları qorxularından qısa müddət ərzində işğalda saxladıqları torpaqlarımızı tərk edəcəklər. İndi ordumuz əvvəlki ordu deyil, bu gün biz çox güclüyük. Qısa zamanda düşməni məhv etməyə qadirik. Biz qarşıdakı döyüşlərdə mütləq qalib gələcəyik. Azərbaycan Ordusunun zabit və əsgərləri Azərbaycan xalqına Böyük Qələbənin sevincini yaşadacaq.
Əsgərlərdən eşitdiklərim də ürəyimizcə oldu. Əsgər Abdul Novruzov deyir ki, xidmətimin xeyli hissəsi arxada qalıb. “Amma mən doğmalarımın yanına ordumuzun qalib əsgəri kimi qayıtmaq istəyirəm. İstəyirəm ki, sinəmə sıxdığım bu silahla erməni işğalçılarını məhv edim, şəhidlərimizin intiqamını, qisasını alım. Əsgər dostlarım da bu fikirdədirlər. Hamımız istəyirik ki, hünərimizlə, cəsarətimizlə qəhrəmanlıq tariximizə yeni səhifələr yazaq. Axı niyə də yazmayaq? Çünki düşməni məhv edib yurdumuzdan qovmağa qadirik. Ötən müddət ərzində ordumuz böyük inkişaf yolu keçib. Bütün sahələrdə təminatımız yüksəlib. Güclənmişik, qüdrətlənmişik. Bütün bunlar bizi çox sevindirir. Çünki bu güc, bu qüdrət, bu yüksəliş mütləq və mütləq sonda bizi qələbələrə qovuşduracaq. İnanıram ki, mən valideynlərimin yanına qalib ordunun əsgəri kimi dönəcəm.”
- Goranboy rayonunun Rəhimli kəndində dünyaya göz açmışam, - deyə əsgər Ruslan Məmmədov söhbətimizə qoşulur. - Erməni qəsbkarları 1991-1994-cü illərdə Goranboy rayonunun ərazisinə hücum ediblər. Həmin günlərdə yurd qeyrəti çəkən oğullar silaha sarılaraq döyüşlərə atılıblar. Böyük hünər və cəsarətlə vuruşaraq erməni işğalçılarını ağır məğlubiyyətə uğradıblar. Vətənimizin müdafiəsinə qalxan oğullar bu qanlı döyüşlərdə son dərəcə mətinliklə vuruşublar. Buna görə də ermənilər Goranboy istiqamətindən irəliləyə bilməyiblər. Bu gün biz o cəsur oğulların döyüş yollarını şərəflə davam etdirəcək, düşməni daha da ağır məğlubiyyətlərə uğradacağıq. Buna bizim gücümüz və qüdrətimiz çatır. Azərbaycan əsgəri Qarabağ uğrunda döyüşlərdə mütləq qalib gələcək, cəsarəti və hünəri ilə tarix yazacaq!
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Qüdrət Əlizadə, əsgərlər Dəmir Nəbiyev, Elcan Bayramov və başqaları ilə etdiyimiz söhbətlər ovqatımıza ovqat qatır. Bir daha əmin oluruq ki, belə cəsur oğullar yurdumuzun erməni işğalçılarından azad olunması uğrundakı döyüşlərdə cəsarət və hünərlə vuruşacaqlar. Şuşaya, Xankəndinə qalibiyyət bayrağını onlar sancacaqlar.
Həm də yaxın vaxtlarda.
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"


***


Yolumuz düşmənlə təmas xəttində döyüş növbətçiliyi aparan mərd, cəsur, vətənpərvər əsgərlərimizin yanınadır.
Səhər saatlarında düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə çatırıq. Zabit Amil Hüseynovun müşayiəti ilə səngərlərə gedirik. Yolumuz daşlı-çınqıllı, kələ-kötür, sərt döngəli aşırımlardan keçir.
Səngərə çatandə "Öncə Vətəndir" şüarı nəzərimizdən yayınmır. Bu şüar bir daha təsdiqləyir ki, əsgərlərimiz Vətən üçün yaşayır, Vətən üçün xidmət edirlər. Ən ülvi duyğudur Vətən sevgisi. Biz Vətənimizlə qürur duyduğumuz kimi, onu böyük məhəbbətlə sevirik. "Vətən haqqı ana haqqıdır" kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanan, onu göz bəbəyi kimi qoruyan igidlərimizlə həmsöhbət oluruq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sakit Abdıyev 2 ildən artıqdır ki, ordu sıralarında xidmət edir. Əsgəri xidmətini başa vurduqdan sonra Vətən sevgisi onun yenidən ordu sıralarına qayıtmasına səbəb olub. Çavuş Sakit Abdıyev cəbhə bölgəsində xidmət etməkdən qürur duyduğunu bildirir. "Burada xidmət etmək çox məsuliyyətli və şərəflidir. Tabeliyimdə olan əsgərlər də mərd və qorxmazdırlar. Onlar anlayırlar ki, düşməni daima müşahidə altında saxlamalıdırlar. Hər birimizin döyüş ruhu yüksək səviyyədədir, hər an torpaqlarımızı işğaldan azad etməyə hazırıq."
Səngərlər alınmaz qalanı xatırladır. Səliqəlidir, genişdir... Döyüş növbətçiliyi aparan əsgərimizə yaxınlaşıram. Düşüncələrim məni ağuşuna alır. Bu divarın o tayında bizim ata-baba yurdumuz düşmən tapdağı altındadır. Onlar bilməlidirlər ki, Azərbaycan əsgəri nəyin bahasına olursa-olsun, tarixi torpaqlarını tezliklə azad edəcək . "Növbətçiliyim zamanı heç bir hadisə baş verməyib" sözləri məni düşüncələrimdən ayırır.
Qarşımda dayanan məğrur baxışlı əsgərə "Vətən sevgisi səncə nədir?" - sualını verirəm. O, maraq dolu baxışlarla deyir:
- Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin torpağını, daşını, havasını, suyunu sevmək deməkdir. Vətənə bağlılıq onu sevmək, qorumaq deməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Bu sözləri deyən əsgər Elşən Quliyevə görə, ön xətdə xidmət etmək Vətən sevgisini daha da artırır.
Əsgər İrfan Abdullayev hərbi xidmətə Balakən rayonundan çağırılıb. Onun dediyi sözlər bizi qürurlandırır:
- Xidmətə gələn gündən məsuliyyətli olmağa, üzərimə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlməyə çalışmışam. Hər zaman ön xətdə xidmət etmək arzum olub. Döyüş növbətçiliyi aparmaq son dərəcə məsuliyyətli olmağı tələb edir. Üzərimə düşən məsuliyyətin ağırlığını yaxşı dərk edirəm. Döyüş növbəsində sayıqlığımı itirmədən xidmət aparıram. Düşmən mövqelərini bir an belə nəzarətsiz qoymuram. Düşmənə daim nəzarət edirik. Hər an istənilən təxribatın qarşısını almağa, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq.
Əsgər Şəhriyar Məmmədli ön xətdə xidmət etməyin qürurverici olduğunu vurğulayır. "Ön xətdə xidmət etməkdən əsgər dostlarım kimi mən də fəxr hissi keçirirəm. Hər dəfə döyüş növbətçiliyinə çıxanda tarixi torpaqlarımızın mənfur düşmən işğalında olduğunu görmək məni məyus edir. Tezliklə Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı düşməndən azad edəcəyik. Bu qələbədə mənim bir əməyimin olmasını istəyirəm. İstəyirəm ki, ailəmin yanına qalib əsgər olaraq qayıdım."
Əsgərlərimizi dinlədikcə qürurlanıram, fərəhlənirəm. Çox böyük sevincdir azərbaycanlıyam demək, ordunla, dövlətinlə, millətinlə, onun qəhrəman oğulları ilə fəxr etmək. Xalqımız qorxmaz, qəhrəman, mübariz xalqdır. Biz bu mübarizliyi, qəhrəmanlığı tarix boyu göstərmişik. Qədimdən azadlıq, müstəqillik uğrunda savaşlar aparmışıq. Ərazi bütövlüyümüz uğrunda şəhidlər vermişik, zəfərlər qazanmışıq. Düşmən yaxşı bilməlidir ki, Azərbaycan əsgəri güclüdür. Onun güclü silahı Vətən sevgisidir.
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"