Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

Sən qələbə qazanmağa qadirsən, Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!
Bu söz, bu ifadə necə də iftixarla səslənir! Bu adda böyük bir qürur var, qalibiyyət var, zəfər var. Bu sənin adındır, yurdumuzu, torpağımızı qoruyan, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Azərbaycan əsgəri, bu günə qədər sənin qəhrəmanlığının şərəfinə neçə-neçə dəyərli əsərlər yazılıb, mahnılar qoşulub, abidələr ucaldılıb. Sənin qəhrəmanlığın bundan sonra da zaman-zaman vəsf olunacaq, adın dillərdən düşməyəcək.
Azərbaycan əsgəri, bu gün xalqımız sənə müqəddəs və şərəfli vəzifələr tapşırıb. Bu gün sən göz qırpmadan Vətənin keşiyində dayanırsan. Yurdun sədaqətli, mətanətli keşikçisisən. Bu, sənin qoynunda dünyaya göz açdığın Vətənindir, bu, babalarının sənə ərməğan qoyduğu torpağındır. Sən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirərək torpaqlarımızı erməni işğalçılarından müdafiə edirsən. Müharibə şəraitində yaşadığımız bu günlərdə xalq sənə güvənir və inanır ki, sən üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcəksən.
Azərbaycan əsgəri, inanıram ki, hər biriniz Mübariz İbrahimov kimi qəhrəmanlıqlar göstərməyə hazırsınız, buna qadirsiniz. Bunu tariximizə qəhrəmanlıq səhifəsi kimi yazılmış Aprel və Günnüt zəfərləri, Tovuz döyüşləri də bir daha aydın şəkildə göstərdi. Həmin döyüşlərdə siz Azərbaycan əsgərləri düşmənin hücumunu dəf edərək onu geri oturtdunuz. Ermənilərə sarsıdıcı zərbələr vurdunuz, qəsbkarların xeyli canlı qüvvəsini məhv etdiniz, döyüş texnikalarını sıradan çıxardınız. İşğalçı qüvvələr gücünüz, qüdrətiniz qarşısında aciz duruma düşdü. Bu belə də olmalıydı, belə də olacaq! Çünki siz hər an döyüşə, yurdu qorumağa hazırsınız. Azərbaycan əsgəri, sən qəhrəmansan, sən igidsən, sən düşmən üzərində qələbə qazanmağa qadirsən. Sən doğma torpağın uğrunda vuruşursan, sən Vətəninin ərazi bötövlüyü uğrunda döyüşürsən. Bu, çox şərəfli və müqəddəs bir vəzifədir. Yolun uğurlu olsun, Azərbaycan əsgəri! Savaşın, mübarizən, müharibən Şuşada Böyük Qələbə ilə başa çatsın!
Azərbaycan əsgəri, illərdən bəridir erməni işğalında qalmış doğma Qarabağ, Ağdam, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Laçın və başqa bölgələrimiz sənin yolunu gözləyir. Sən Aprel və Tovuz zəfərlərinlə bu bölgələrə gedən yollara doğru inamlı addımlar atdın. Cəsarət və qəhrəmanlığınla göstərdin ki, bu işğala son qoymağı bacaracaqsan. Azərbaycan əsgəri, sən qalibiyyət yolunun başlanğıcındasan, qələbənin yaxınlığındasan! Addımlarını daha da inamla at, şücaətinlə, hünərinlə tarixin səhifələrini daha da möhkəm silkələ, daha da möhkəm titrət. Özünə inan, özünə güvən! Çünki sən güclüsən, sən qüdrətlisən, sən məğlubedilməzsən! Ona görə də sən rəşadətli, cəsarətli addımlarınla qələbəyə gedən yolları sonacan gedəcəksən. Babalarımızın, atalarımızın qəhrəmanlığı sənin canında, qanında yaşayır. Azərbaycan əsgəri, sən Vətən qarşısındakı övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirəcəksən.
Azərbaycan əsgəri, düşmənə qalib gəlmək üçün sən daim təlim və məşqlərdə döyüş hazırlığını artırırsan. Şükürlər ki, təlim keçmək üçün bu gün Silahlı Qüvvələrimizin ən müasir tələblərə cavab verən təlim mərkəzləri fəaliyyət göstərir. Sən təlimlərə həvəslə, qələbə ovqatı ilə qatılırsan. Hərbi texnikanın, silahların sirlərini dərindən öyrənirsən. Böyük sərkərdə Atatürk təlimlərə böyük önəm verərək demişdir: "Təlimdə tər tökən döyüşdə qan tökməz." Sən də türk dünyasının iftixarı olan Atatürkün dəyərli məsləhətinə əməl et, təlimdə çox tər tök ki, düşmən üzərində qələbəni qan tökmədən asanlıqla qazanasan. Döyüşlərdə öz qanını yox, düşmənin qanını tökəsən.
Azərbaycan əsgəri, ölkəmizin iqtisadiyyatı daim inkişaf edir. Artıq Azərbaycan özü silah istehlak edən ölkədən, silah istehsal edən dövlətə çevrilib. Bu gün sənin əlindəki silah ölkəmizin istehsalıdır. Bu, sənin üçün daha bir üstünlükdür. Sən torpağımızı zəbt etmiş ermənini öz silahımızla məhv edəcəksən. Qoluna qüvvət, Azərbaycan əsgəri! Sən əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu güclü, qüdrətli bir ordunun əsgərisən. Qüdrətli ordunun qüdrətli, məğlubedilməz əsgərisən!
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"