Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

Ümummilli lider Heydər Əliyev: Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Müqavimət Hərəkatının ən fəal iştirakçılarından biri  Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı sərəncam xalqımızın, dövlətimizin bir daha qəhrəman övladlarına əbədi ehtiramın təzahürüdür.
Sərəncamda qəhrəman  həmyerlimizin doğma Vətəndən uzaqlarda göstərdiyi şücaət və fədakarlıq nümunələrindən bəhs edilib. Qeyd edilir ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində, nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərib, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü şəkildə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət Hərəkatında fəal iştirak edib. Onun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət Hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.  
Dövlət başçısının sərəncamının icrası və eyni zamanda,  əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun keçdiyi ömür yolu haqqında daha ətraflı məlumatları "Azərbaycan Ordusu" qəzetinin oxucularına çatdırmaq məqsədilə onun doğulub böyüdüyü, müharibədən sonra uzun illər yaşadığı doğma Şəkiyə  ezam olunuruq.
Ecazkar təbiəti ilə insanları özünə bağlayan bu şəhər uca dağların qoynunda yerləşir. Şəki tarixən alban hökmdarı sərkərdə Cavanşirin igidlər oylağı, qəhrəmanlar diyarı kimi tanınıb, şöhrətlənib. Vətənpərvərliyi, döyüşkənliyi, qorxmazlığı ilə seçilib bu yurdun övladları. Yadelli işğalçılara qarşı döyüşlərdə amansız olub, torpağını düşməndən qoruyub, yenilməz qalaların müdafiəsində əzmlə dayanıblar. Çanaqqala savaşına qatılan Şəki  könüllülərinin qəhrəmanlığı, İkinci Dünya müharibəsinə yollanan minlərlə şəkilinin və ən nəhayət, Qarabağ müharibəsində canından keçən şəhid oğulların varlığı bizə bu diyarın döyüşkənlik, torpaqsevərlik ruhundan xəbər verir. Alman faşistlərinə qarşı amansızlıqla döyüşən qəhrəman ata Əhmədiyyə Cəbrayılovun və erməni faşistlərini məhv edən qəhrəman oğul Mikayıl Cəbrayılovun vətənpərvərlik ruhu da bu ruhdan rişələnmişdi. Qoşa məzarlıqda uyuyan hər iki qəhrəmanla Azərbaycan xalqı fəxr edir. Şəki camaatı da qəhrəman həmyerliləri ilə qürur duyduqlarını dedilər.
Öyrənirik ki, COVID-19 pandemiyası ilə bağlı yaranan məhdudiyyətləri nəzərə alaraq Şəkidə də kütləvi tədbirlərin təşkilinə icazə verilmir. Lakin bununla belə el qəhrəmanı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin şəhər mədəniyyət və təhsil sistemində pandemiyanın şərtlərinə uyğun olaraq qeyd ediləcəyini və Prezidentin sərəncamı ilə bağlı tədbirlər planının artıq hazırlandığını da öyrənirik.
Şəki  şəhər Təhsil Şöbəsinin müdir müavini  Elxan Abdullayev əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin doğma yurdu Şəkidə, doğulduğu Oxud kəndində məktəblərdə şagirdlərin və tələbələrin iştirakı ilə onlayn tədbirlər keçirəcəklərini, qəhrəmanın döyüş yoluna həsr edilən sərgilərin, filmlərin nümayişini təşkil edəcəklərini dedi. Həmsöhbətim vaxtilə onunla birlikdə çalışdığını da xüsusi vurğuladı: "Ölkə Prezidentinin Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı sərəncam nəinki biz şəkililərin, həmçinin bütün Azərbaycan xalqının ürəyincə oldu. Bir daha qəhrəman həmyerlimizlə qürur duyduq. Azərbaycan xalqı, Azərbaycan dövləti, Prezidentimiz döyüşlərdə igidlik, hünər göstərən Vətən övladlarının xatirəsini əziz tutur, onların adlarını əbədiləşdirir. Bildiyiniz kimi, iki il öncə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi və keçən ilin dekabrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyi ilə bağlı dövlət rəhbərinin sərəncamları imzalanıb. Cənab Prezidentin Əhmədiyyə Cəbrayılovla bağlı imzaladığı sərəncamda dövlət başçımız qəhrəmanın fəaliyyətini, onun İkinci Dünya müharibəsində antifaşist hərəkatında fəal iştirakını elə yüksək ifadələrlə qiymətləndirib ki, bu bizim üçün böyük fərəh oldu. Eyni zamanda, sərəncamda onun oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun adının çəkilməsi hər birimizi qürurlandırdı. Çünki tarixdə belə insanlar tək-tək yetişir. Ata-oğul hər ikisi müharibə qəhrəmanı. Müharibə qəhrəmanı olan ailə başçısı övladlarını görün nə qədər vətənpərvərlik ruhunda tərbiyə edib ki, sonda evin oğlu da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, qəhrəman oldu. Biz hər zaman şəhər təhsil şöbəsi olaraq təhsil ocaqlarında Əhmədiyyə Cəbrayılovun xatirəsini əziz tuturuq. Bizə bu işdə ən böyük yardımçı onun yadigarı  Cavanşir müəllim olur. O, bizə daima yaxından kömək edir. Cavanşir müəllim demək olar ki, təhsil işçiləri qədər gənclər arasında olur, məktəblərdə vətənpərvərlik tərbiyəsi ilə bağlı söhbətlər aparır. Biz onu bütün vətənpərvərlik mövzusunda keçirilən tədbirlərimizə dəvət edirik. Onu da qeyd edim ki, Cavanşir müəllimin bilavasitə səyi ilə Əhmədiyyə Cəbrayılovun  yaşadığı evdə Xatirə muzeyi yaradılıb. Tez-tez şagirdlərimizin bu muzeyə ekskursiyası təşkil olunur. 2018-ci il aprelin 26-da Oxud kəndində Folklor Evində Milli Qəhrəman Mikayıl Cəbrayılovun anım günü ilə əlaqədar böyük bir tədbir keçirdik. Bu tədbirdə qəhrəmanın ailə üzvləri və Fransadan gəlmiş qonaqlar da iştirak edirdilər. Təhsilin prioritet istiqamətlərində belə bir bölüm var: milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik tərbiyəsi. Biz bu məsələyə  daima diqqət yetiririk. Məktəblərdə nümunəvi siniflərə qəhrəmanlarımızın adı  verilir. Belə ki, Mikayıl Cəbrayılovun, Çingiz Mustafayevin, Əlif Hacıyevin, Mübariz İbrahimovun, Elşad Yəhyayevin adına siniflərimiz var. O cümlədən bir sinfə Əhmədiyyə Cəbrayılovun da adı verilib.  Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə bağlı "Xarqo kimdir?", "Biz səninlə fəxr edirik", "Qürur duyduğumuz adam" mövzularında VIII-XI siniflər arasında inşa yazı müsabiqəsi elan etmişik. Bu proses onlayn həyata keçirilib. Müsabiqənin nəticələri isə Əhmədiyyə Cəbrayılovun doğum tarixində 22 sentyabrda elan olunacaq."
Elxan müəllim də Əhmədiyyə Cəbrayılovu yaxından tanıyan bir insan kimi xatirələrini bizimlə bölüşdü. "Bir dəfə Oxud kəndinə getmişdim. İmkan var ikən fikirləşdim ki, hər iki qəhrəmanın məzarını ziyarət edim. Qəlbimdən süzülən fikirlərimi sizə söyləyirəm. Uşaqlıqda barəsində çox eşitdib oxusam da, ağrılı-acılı bir dönəmdə 1990-cı ildə onunla şəxsən tanış olmaq mənə nəsib olmuşdu. Azərbaycan Ali Sovetinə ilk dəfə olaraq alternativ seçkilər keçirilərkən, eyni bir dairə seçki komissiyasının tərkibində bir neçə ay birlikdə çalışmalı olduq. Bəzən yaranan mürəkkəb vəziyyətlərdən çıxmaqda, gərgin anlarda sədr kimi düzgün qərar qəbul etməkdə məsləhətlərinin, qətiyyətli mövqelərinin çox köməyi olurdu. İkinci Dünya müharibəsinin odundan-alovundan çıxmış, həyatın hər cür çətinliklərini görmüş əfsanəvi partizan Xarqo bu qədər sadə, həssas, gənclərə qarşı o qədər qayğıkeş bir insan idi ki. Oğlu Mikayılla da həmin o ağır günlərdə tanış olmuşdum. Çox keçmədi ki, o da Qarabağ müharibəsində şəhid oldu.  Hər iki qəhrəmanın məzarını ziyarət etməyi biz Şəki camaatı özümüzə mənəvi borc bilirik. Vətəndaşlıq borcu bilirik. Axı vətənpərvərlik mövzusunda keçirilən tədbirlərimizdə onların adlarını tez-tez çəkirik. Məktəblilərə nümunə göstəririk. Qəhrəmanları şəxsən tanımaq və onların müasiri olmaq özü bir böyük şərəfdir. Allah hər ikisinə rəhmət etsin. Onların həyat və döyüş yolu gənclərimiz üçün ən qiymətli örnəkdir."
Elxan Abdullayev Əhmədiyyə Cəbrayılovun Qarabağ müharibəsi başlayanda Ağdamda, Əsgəranda, Sırxavənddə döyüşçülərlə görüşündən, onlara yardımlar aparmasından, orta məktəb illərində yazıçı Zaman Qarayevin "Xarqo" romanını dəfələrlə oxumasından danışdı.
Bəli, Əhmədiyyə, Mikayıl Cəbrayılovlar kimi qəhrəmanlar unudulmur.  İllər, əsrlər ötəcək, ata-oğul qəhrəmanlığı əbədi oxunacaq dastanlara çevrilib, nəsillərdən-nəsillərə keçəcək. Bax, beləcə yaşadılır xalqımızın qəhrəmanlıq ənənələri.  Onların keçdiyiı şərəfli ömür yolu ordumuzun hər bir əsgər və zabitinə ən böyük örnəkdir.  
Lalə HÜSEYNOVA, “Azərbaycan Ordusu",

fotolar Coşqun CƏFƏROVUNDUR