Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

“Azərbaycan torpaqları işğalda qalmayacaq!”

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması daim Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. İstər düşmənə qarşı mübarizədə, istər torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsində, istərsə də birbaşa döyüş meydanında şəxsi heyətin müsbət nəticələr əldə etməsi döyüş hazırlığından bilavasitə asılıdır. Ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri, təlimlər və səhra çıxışları dayanır. Bütün bunlar mürəkkəb əməliyyat şəraitində zabit və əsgərlərin təcrübi bacarığının və mənəvi-psixoloji dözümlülüyünün formalaşmasına yardımçı olur.
Təlim meydançasında atəş hazırlığı dərsini izlədikdən sonra bir daha əmin olduq ki, "N" hərbi hissəsinin rəhbərliyi də tabeçiliyində olan şəxsi heyətin bilik, bacarıq və vərdişlərə yiyələnməsinə xüsusi diqqət ayırır. Zabit Rəşad Əliyev söhbət zamanı bildirdi ki, döyüş meydanında hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri mühüm rol oynayır.
Zabit Rəşad Əliyev ilə birlikdə dərs prosesini izlədik. Baş leytenant Mədət Səmədov şəxsi heyətə keçirilən dərsin əhəmiyyətini başa salaraq izah edirdi ki, hücum taktiki fəaliyyətin əsas növlərindən biridir. “O düşməni darmadağın etmək, təyin olunmuş obyektləri ələ keçirmək, sonrakı fəaliyyətlərə imkan yaratmaq məqsədilə aparılır. Qarşımızda şərti düşmən mövqeləri dayanır. Şəxsi heyətin qarşısında duran əsas tapşırıq hücum edərək həmin mövqeləri ələ keçirməkdir.”
"Qarşımızda dayanan mövqeləri şərti deyil, real düşmən mövqeləri hesab edərək hücuma keçirik", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ruslan Rüstəmov söhbətə qoşuldu. - Hər bir Azərbaycan əsgəri Qarabağı şanlı tarixə malik olan Vətənimizin canımızdan ayrılmış bir parçası kimi anlamalıdır. Ona görə də işğal olunan torpaqlarımıza qovuşmaq üçün canımız, qanımız bahasına olsa belə çalışmalıyıq. Ağlar qalan anaların, bacıların, yandırılan körpələrin, dayım İlqar Musayevin simasında bütün şəhidlərimizin qisasını almaq yolunda tər tökməyi bacaran Azərbaycan əsgəri kimi formalaşmaq mənim boynuma düşən mənəvi borcdur. Bizim hər birimizin ən böyük arzusu qələbədi, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. İnanırıq ki, hazırlıqlı Azərbaycan əsgəri həmin şad günü həsrətlə gözləyən xalqımıza qələbə sevinci bəxş edəcək, Qarabağ həsrətinə son qoyacaq.
Baş çavuş Murad Məmmədov hesab edir ki, komandiri olduğu heyətin döyüş atışlı təlimdə fərqlənməsinin əsasında təcrübə və vətənpərvərlik duyğusu dayanır. “Bundan başqa, təlimdə uğur qazanmağın əsas şərtlərindən biri komandir və əsgərlərin bir-birini tamamlamasıdı. Başlıcası budur ki, əsgərlərin rəğbətini qazanan, onların ehtiyacını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətinə hörmət edən, hərbi təcrübəsini əsgərlərə aşılamağı bacaran komandir tabeçiliyində olanları qələbəyə kökləyə bilər.”
"Bu gün Azərbaycan əsgərinin arzusu xalqımıza qələbə bəxş etməkdi", - deyə müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusu kiçik çavuş Elçin Tağıyev söhbətə qoşuldu. - Unutmuruq ki, düşmən hələ meydandadı... Unutmuruq ki, ermənilər hansı faciələri törədiblər... Ancaq düşmən də unutmamalıdır ki, Azərbaycan Ordusu istənilən hücumun qarşısını almağa, düşmənə layiqli cavab verməyə qadir ordudu. Aprel və Günnüt zəfərləri, Tovuz döyüşləri sübut etdi ki, ordumuz nəyə qadirdir.
Əsgər Elnur Qasımov qeyd etdi ki, bizim vəzifəmiz Vətənimizə keşik çəkmək və istənilən hərbi tapşırığı layiqincə yerinə yetirməkdir. "Həmin vəzifənin məsuliyyətli olduğunu yaxşı dərk edirik. Arxamızda güclü dövlətin olduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız artır. Bütün əsgərlər arzulayırlar ki, torpaqlarımızın düşməndən azad edilməsində payları olsun."
Əsgər Nadir Mürsəloğlu isə vurğuladı ki, Vətənin başlandığı yer etibarlı, ayıq-sayıqlıqla qorunmalıdır. “Bu yolda istənilən məhrumiyyətlərə sinə gərmək vətəndaşlıq borcumuzdu. Yaxşı bilirik ki, ordumuzun döyüş qabiliyyəti biz əsgərlərin hərtərəfli hərbi hazırlığından keçir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün maddi-texniki bazaya malik olan ordunun olması və şəxsi heyətin hərbi təcrübəsinin artması əsas şərtdir. Bizim bundan başqa yolumuz yoxdur.”
"Təəssüf ki, çoxdandı Vətənimizə, əzəli yurdlarımıza - Xankəndiyə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya gedib-gələ bilmirik. Vüqarımız, qürurumuz, baş tacımız, qeyrət qalamız olan o torpaqlar bizi səbirsizliklə gözləyir. Biz bu torpaqları geri qaytara bilməsək, ata-babalarımızın ruhu bizi bağışlamaz. Ona görə də son damla qanımıza qədər döyüşməli və torpaqlarımızı azad etməliyik. Xalqımızın bizə inamı, güvəni sonsuzdur və borcumuz bu inamı və güvəni doğrultmaqdır. Qarabağı azad etmək biz əsgərlərin boynuna düşür. İnanıram ki, Vətənimizin müdafiəsi naminə qələbəyə qədər döyüşəcək, işğalda olan torpaqlarımızı ermənilərdən azad edəcəyik", - deyə əsgər Rüzgar Əmiraslanov qeyd etdi.
Əsgər Namiq Quliyev isə bildirdi ki, ön xətdə olan bölmələrimiz həmişəki kimi döyüş növbəsi aparır. “Arxada yerləşən bölmələrimiz isə döyüş dərslərinə cəlb olunublar, ixtisas bacarıqlarını artırırlar. Yəni, bizim üçün vərdiş etdiyimiz adi günlərdən biridir. Ancaq adi dediyimiz bu dərsin əhəmiyyəti böyükdür. Çünki hərbi xidmət edən əsgər həm təlim və məşq prosesindən keçməli, həm də ideoloji cəhətdən hazır və bilikli olmalıdır. Yüksək vərdişlərin təməli isə məşq və təlimlərdə qoyulur.”
Əsgər Xəyal Süleymanov söhbətə qoşularaq dedi ki, məşq prosesində əsas iş döyüş silahları və texnikalarını mükəmməl öyrənməkdir. "Başa düşürük ki, müharibə şəraitindəyik. Hələ ki, müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Ona görə də döyüş zamanı düşmənin yerləşdiyi ərazinin kəşfiyyatını aparmaq, silah və texnikaların taktiki və texniki xüsusiyyətlərini dərindən mənimsəmək, əsgərlərimizin qələbəsinə vəsilə olmaq, torpağını qorumaq və azad etmək Azərbaycan əsgərinin ən böyük vəzifə borcudur. Bu baxımdan bugünkü dərs prosesini qələbəyə doğru atılan bir addım hesab edir və bu işdə kiçik də olsa zəhmətim olduğuna görə özümü xoşbəxt sayıram.”
Əsgər Xəyyam Şamayev isə qeyd etdi ki, hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. “Sərhəddən başlayan Vətən sevgisi hər birimizin qanından, canından, genindən irəli gəlir. Ona görə də Vətənimizin hər qarışı bizim üçün əzizdir.”
Dərs prosesi zamanı bir hiss məni rahat buraxmır - axı göz oxşadıqca nəzər yetirdiyim torpaqlar da xalqımıza məxsusdur. İndi isə həmin torpaqlara uzaqdan baxmağa məhkumuq. Ancaq onu da deyim ki, düşmən torpaqlarımızı işğal etsə də, xalqın güvəndiyi güclü Azərbaycan Ordusu var və ordumuzun sayəsində Azərbaycan torpaqları işğalda qalmayacaq!
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"