Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

“Ali Baş Komandanın döyüş əmrinə hazırıq”

Səngər həyatı... Torpaqlarımızın bir qisminin işğal edildiyi bir dövrdə hər bir azərbaycanlı səngərlə yaxından tanışdır. Yetkinlik yaşına çatdıqdan sonra hərbi xidmətə gedən gənclərin çoxunun həyatının müəyyən bir dövrü səngərdə keçir. Əgər hərbi xidmət yeniyetməni kişi kimi formalaşdırırsa, səngər əsl döyüşçü, layiqli vətəndaş və xalqının taleyini öz mənafeyindən üstün tutan qəhrəman kimi yetişdirir. Tariximizin səhifələri belə oğullarımızın adları ilə doludur. Onlardan Mübariz, Raquf, Samid, Polad... kimiləri Azərbaycan oğlunun Vətəni üçün nələrə qadir olduğunu bütün dünyaya bir daha xatırlatdı. İndi ordu sıralarında xidmət edənlər də onların qəhrəmanlıqlarını öz şərəfli yollarında bir mayak bilirlər. Hər biri müqəddəs vəzifələrini yerinə yetirir, ölkə rəhbərliyindən yalnız bir əmri - döyüş əmrini səbirsizliklə gözləyir.
Vətənin keşiyində dayanan oğullarımızdan bir neçəsini xalqımıza tanıtmaq üçün düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Vətənin müdafiəçilərinin döyüş və mənəvi-psixoloji vəziyyətini öyrənirik. Hərbi hissənin qərargahında kapitan Pərviz Qafarovla görüşürük. Zabit komandanlığa gəlişimizin məqsədini bildirdikdən sonra onunla birgə ön xətdə yerləşən bölmələrdən birinə yollanırıq.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışan zabit Pərviz Qafarov bildirir ki, bölmədə xidmət edən hərbi qulluqçuların döyüş ruhu yüksək səviyyədədir. "Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Milli ordumuzun şəxsi heyətinin döyüş hazırlığına, döyüş bacarığına heç bir şübhə ola bilməz. Yaxın tarixə nəzər salsaq görərik ki, əsgərlərimizin döyüş ruhu olduqca yüksək səviyyədədir. Əgər belə olmasaydı, Aprel döyüşləri və Günnüt zəfəri zamanı Azərbaycan əsgəri döyüş meydanından qalib ayrılmazdı. Qeyd edim ki, şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması təkcə keçirilən məşğələ və təlimlərdən asılı deyil. Onların mənəvi-psixoloji vəziyyətinin və döyüş ruhunun yüksək səviyyədə olmasının bu prosesdə müstəsna rolu vardır. Bəzən sual yaranır: Nədir vətənpərvərlik hissi? Vətənpərvərlik - Vətənini sevmək və Vətən üçün hər cür fədakarlıq etmək deməkdir. Bu hiss insanda anadangəlmə olsa da, onu tərbiyə yolu ilə daha da möhkəmləndirmək, artırmaq mümkündür. Şəxsi heyət arasında vətənpərvərlik hissini aşılamaq məqsədilə hərbi hissədə mütəmadi olaraq kütləvi tərbiyəvi tədbirlər keçiririk. Bu gün hər bir Azərbaycan əsgəri torpaqlarımız uğrunda canından keçməyə hazırdır. Qazanılmış uğurlarla kifayətlənməməliyik. Çünki bizi gələcəkdə Böyük Qələbə gözləyir".
Bölmənin dayaq məntəqəsində bizi qarşılayan baş leytenant Bəbir Həsənli ilə birlikdə əsgər yataqxanasına, yeməkxanasına, bölmənin ərazisində yerləşən idman şəhərciyinə baş çəkirik. Öyrənirik ki, burada əsgərlərimiz döyüş növbəsi ilə yanaşı, bölmənin səngərində mühəndis və təkmilləşdirmə işləri də aparırlar. Ancaq şəxsi heyətin asudə vaxtı da daim diqqət mərkəzində saxlanılır. Asudə vaxtda hərbi qulluqçular müxtəlif stolüstü oyunlar oynayır, voleybol, futbol və digər yarışlar təşkil edirlər. Baş leytenant Bəbir Həsənli deyir: "Vətənimizin hər qarış torpağı müqəddəsdir. Ona görə düşmən bilsin ki, Azərbaycan xalqı və onun ordusu hər qarış torpağı uğrunda canını və qanını fəda etməyə hazırdır. Bilsinlər ki,  onların qarşısında mərd, cəsur və igid Azərbaycan əsgəri dayanıb. Bu gün hamımız Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. O zaman düşmən xalqımızın qəzəbini üzərində hiss edəcək".
Zabitlə birgə döyüş mövqeyinə çatırıq. Leytenant Talıb Talıbov gün ərzində döyüş mövqeyində heç bir hadisənin baş vermədiyini deyir. Öyrənirik ki, zabit 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Talıbın zabit olmasında atası Vidadi kişinin böyük əməyi olub. O, atasının Qarabağ döyüşlərinin iştirakçısı olduğunu deyir. "Atam Qarabağ döyüşləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. O, həmişə döyüşdən, döyüş yoldaşlarından danışardı. Mənim də onun yolunu davam etdirməyimi istəyirdi. Onun arzusu mənim arzuma çevrildi. İndi şanlı ordumuzun zabiti olmağımla fəxr edirəm". 
- Müstəqilliyimizin ilk illərində  zəngin sərvətlərə malik olan yurdumuz erməni qəsbkarları tərəfindən işğala uğradı, - deyə gənc zabit söhbətə başlayır. - Minlərcə dinc sakinimiz doğma el-obasından didərgin düşdü, yüzlərlə  qəhrəmanımız düşmən hücumlarının qarşısını alarkən şəhid oldu.  Ancaq bu torpaqlar uğrunda qanı tökülən hər bir şəxsin, şəhid olan hər bir qəhrəmanımızın qisası alınacaqdır. Mübariz, Çingiz, İlqar, Polad... kimi oğullarımız ordu sıralarında çoxdur. Onlar da qəhrəmanlarımız kimi cəsur və mərd olduqlarını gələcək döyüşlərdə göstərməyə hər an hazırdırlar. Biz komandirlər də təhsil müddətində peşəkar müəllimlər tərəfindən öyrədilən hərbi sirləri əsgərlərimizə öyrədirik. Onların döyüş, fiziki, mənəvi-psixoloji, atəş hazırlıqlarını hər zaman yüksək səviyyədə saxlamaqları üçün var qüvvəmizlə çalışırıq. Beləliklə, Azərbaycan Ordusunun gücünə heç bir şübhə ola bilməz. Onun nəticəsidir ki, 2016-cı ilin Aprel döyüşlərində düşmən hücumlarının qarşısını alaraq qısa bir vaxt ərzində torpaqlarımızın bir qismini işğaldan azad etdik. Ali Baş Komandanımızın döyüş əmri ilə qalan torpaqlarımızı da azad edəcəyik.
Leytenant Talıb Talıbovun fikirlərini öyrəndikdən sonra şəxsi heyətə yaxınlaşıb, onlarla həmsöhbət oluruq. Əsgər Taleh İsmayılov ön xətt bölmələrinin birində xidmət etdiyindən qürur duyduğunu bildirir: "Hərbi xidmət hər bir azərbaycanlının qarşısında duran müqəddəs vəzifədir. Kütləvi informasiya vasitələrində hərbiyə aid olan verilişləri böyük maraqla izləyirdim. Düşmənlə təmas xəttində dayanan oğullarımızı görəndə ürəyim dağa dönürdü. Bir zaman mən də onların sıralarında olacağam deyirdim. Hərbi formanı geyinib, Vətənimizin keşiyində dayanmaq hər kəsə nəsib olmur. Çox sevinirəm ki, bu müqəddəs vəzifəni yerinə yetirmək mənim də üzərimə düşüb. Əsgəri xidmətin ilk günündən burada yaradılan şərait göz oxşayırdı, bölmədə olan nizam-intizam ordumuzun gücündən xəbər verirdi. Gənc əsgər olduğum gündən ön xətdə xidmət etmək arzum idi. Yolumuzu həsrətlə gözləyən torpaqlarımıza daha yaxın olmaq, düşmənin bütün fəaliyyətlərini daim nəzarətdə saxlamaq, onların hiyləgər hücumlarının qarşısını almaq istəyirdim. Nəhayət, istəyimə nail oldum. Ən böyük arzum Ali Baş Komandanın döyüş əmri ilə işğalda olan dədə-baba yurdlarımızı mənfur ermənilərdən azad edənlərin sırasında olmaqdır".
- Bu torpaqlar bizlərə dədə-babalarımızdan qalan əmanətdir, - deyə əsgər Tural Şirinov söhbətə qoşulur. - Evdə, məktəbdə böyüklərdən öyrənmişik ki, əmanəti nəyin bahasına olursa-olsun, qorumalısan. Bu torpaqlar da bizə əmanətdir. Onu qorumaq bu gün bizim üzərimizə düşür. Necə ki, Vətənimizi qorumaq üçün  cəsur, mərd, igid oğul və qızlarımız bir an belə tərəddüd etmədən canlarından keçiblər. Onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar Azərbaycan əsgəri üçün bariz nümunədir. Düzdür, ön xətdə xidmət etmək çətindir. Ancaq düşünürəm ki, ellərimizdə, obalarımızda, evlərimizdə yanan işıqlar mən və mənim kimi əsgər yoldaşlarımın sayəsində yanır. Hər dəfə döyüş növbətçisi olanda işğal edilmiş torpaqlarımıza kənardan baxmaq, müşahidə aparmaq mənə çox pis təsir edir. Bu gün hər bir azərbaycanlının yalnız və yalnız bir məqsədi var - ermənilərdən qisasımızı almaq, düşməni Vətənimizin gözəl guşələrindən qovub çıxarmaq. Əlbəttə, yaxın vaxtlarda kənardan baxdığımız torpaqlara ayaq basacağıq, Azərbaycanın üçrəngli bayrağını dədə-baba yurdlarımızda dalğalandıracağıq.
Düşmənlə təmas xəttində yerləşən bölmənin şəxsi heyəti ilə söhbətdən bir daha əmin oluruq ki, ordumuz regionun ən güclü ordusudur. Bütün bunlar isə Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz ölkəmizi istənilən təcavüzdən qorumağa, işğalda olan torpaqlarımızı azad etməyə qadirdir.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

Fotolar C.CƏFƏROVUNDUR