Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib. Müəllimləri, tələbələri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən dövlət başçısı bildirib ki, dünyada və ölkəmizdə geniş yayılmış koronavirus pandemiyası ilə əlaqədar tədris prosesi yeni formatda təşkil ediləcəkdir. Müraciətində pandemiya ilə əlaqədar görülən işlərə toxunan Prezident İlham Əliyev ölkə səviyyəsində həyata keçirilən sosail layihələrdən və məktəb tikintilərindən də söz açıb. Ölkə başçısı vurğulayıb ki, son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşib, eyni zamanda, təhsilin keyfiyyəti artıb.
Prezident qeyd edib ki, bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. "Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər".
"Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq", - deyə Prezident İlham Əliyev müraciətdə bildirib. - Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.
Müraciətin sonunda Prezident İlham Əliyev əminliyini bildirib ki, bu gün Azərbaycanda yetişən gənclər yüksək meyarlara cavab verir. "Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər".
AZƏRTAC-ın materialları əsasında