Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

İki müqəddəs peşə

Ordu quruculuğu sahəsində qazanılan uğurlar hərbi tibb sahəsini də geniş əhatə edir. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmağı özlərinə həm vəzifə, həm də vətəndaşlıq borcu bilən həkimlərimiz uğurları ilə hamımızı sevindirirlər.
Döyüş şəraitində olan ölkənin ordusunun hər cəhətdən hazırlıqlı olmasını özünə prioritet bilən ölkə rəhbərliyinin hərbi sahədə apardığı zəruri islahatlar nəticəsində paytaxt və iri şəhərlərlə yanaşı, cəbhə xəttinə yaxın olan bölgələrdə də hərbi səhiyyənin inkişafına yönəlik vacib addımlar atılır. Müasir tələblərə cavab verən hospitallar tikilir. Hərbi hissələrin tərkibində fəaliyyət göstərən tibb məntəqələrinin həkim personalı şəxsi heyətin sağlamlığını daim nəzarətdə saxlayır. Həmçinin hərbçi həkimlərimiz həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda təşkil olunan kurslarda iştirak edir, ölkəmizi və ordumuzu layiqincə təmsil edirlər. Qeyd etmək lazımdır ki, tibbi müəssisələrdəki müasir avadanlıqlardan istifadə qaydaları yüksək qabiliyyət tələb edir. Keçirilən kurslarda iştirak edən həkimlərimiz bu avadanlıqlardan həm nəzəri, həm də praktiki biliklər əldə edirlər.
Ön xətdə yerləşən hərbi hissələrimizdən birində tibb xidmətinin təşkili ilə tanış olduq. Zabit Zeynal Məhəmməd məntəqələrində yaradılan şəraitdən və gündəlik görülən işlərdən danışdı: "Hərbi səhiyyə ordu quruculuğunda ən mühüm sahələrdən biridir. Tam əminliklə deyə bilərəm ki, yeni istifadəyə verilən tibb məntəqəsi günümüzün tələblərinə cavab verir. Geniş otaqlarımız müasir tibbi avadanlıqlarla təmin edilib. Burada çalışan hərbçi-həkim personalı da Vətənimizi qoruyan əsgərlərin sağlamlığının keşiyində məsuliyyətlə dayanır. Müasir maddi-texniki imkanlara sahib olan məntəqəmizə müraciət edən xəstələrin şikayəti dinlənildikdən sonra müayinə edilir, çeşidləmə prosesi aparılır. Məntəqəmizdə istifadədə olan stasionar və təcrid otaqları müraciət edənlərin xəstəliyinin dərəcəsinə uyğun hazırlıq vəziyyətindədir. Xəstələrin qida və gigiyenik tələblərinin ödənilməsi üçün məntəqədə hərtərəfli şərait yaradılıb".
Zabit bölmələrdə aparılan profilaktik tədbirlərin mahiyyətini bizə izah etdi: "Hazırda dünyada koronavirus pandemiyası hələ də davam etməkdədir. Dünyanın hegemon ölkələrinin qarşısında aciz qaldığı bu pandemiya ölkəmizdə düzgün siyasət sayəsində, o qədər də geniş vüsət almadı. Ordumuz da bu sınaqdan üzüağ çıxdı. Şəxsi heyətin sağlamlığına birbaşa məsul olduğumuz üçün bu və ya digər xəstəliklərdən qorunmaq məqsədilə bölmələrdə təlimatlandırma və maarifləndirmə işləri aparılır. Mövsümə uyğun profilaktik tədbirlər icra edilir. Əsgərlərlə söhbətimiz zamanı gigiyenanın sağlamlıq üçün ən vacib şərt olduğunu xüsusi olaraq qeyd edirik. Gigiyena qaydalarına əməl edən şəxs öz sağlamlığının qayğısına qalır".
Zabitlə xəstələrin qəbul otağına daxil olduq. Burada gizir Anar Orucov əsgər Ramazan Əkbərovu müayinə edirdi. Prosesə mane olmadan gedişatı kənardan izlədik. Müayinə başa çatdıqdan sonra gizir Anar Orucovla kəlmələşdik. 2013-cü ildən ordu sıralarında olan təcrübəli gizir bu iki müqəddəs peşənin vəhdətindən yaranan hərbçi-həkim adını daşımaqdan fəxarət hissi keçirməsi ilə söhbətə başladı. "Həkimlik müqəddəs peşədir, hərbçi peşəsi də həmçinin. Bu gün bu iki müqəddəs peşənin sahibi olaraq Vətən müdafiəçilərinin sağlamlığına cavabdehik. Şəxsi heyətin sağlamlığını yüksək səviyyədə saxlamaq qarşımıza qoyulan əsas tapşırıqdı. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Torpaqlarımız işğalda olduğu üçün müharibə hər an labüddür. Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısını alarkən şəhidlərimiz də oldu, yaralılarımız da. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yaralılarımız isə təcrübəli həkimlərimiz sayəsində müalicə edildi. Aprel döyüşlərində iştirak edən həkim kimi demək istərdim ki, o günlər yaralılar da tezliklə sağalıb yenidən döyüşlərə qatılmaq istəyirdilər. Bu da ordumuzun şəxsi heyətinin yüksək döyüş ruhundan qaynaqlanırdı. Bizə də ruh verən bu amillərdi, peşəmizə sevgini artıran mərd oğullarımızın döyüş ruhudur. Bu gün ordu sıralarında xidmət edən hərbçi-həkim olaraq qeyd etməyim yerinə düşər ki, Aprel döyüşləri ordumuzun gücündən əlavə, hərbi səhiyyəmizin də uğurlarını bir daha ön plana çəkdi."
Məntəqəyə müraciət edən əsgərlər Rəsul Hüseynov və Ramazan Əkbərov söhbət zamanı burada yaradılan şəraitə görə ölkə və ordu rəhbərliyinə, həmçinin onlara göstərilən diqqət və qayğıya görə həkimlərə sonsuz minnətdarlıqlarını bildirdilər. Əsgərlər tezliklə sağalıb öz xidməti yerlərinə qayıtmaq istəyirlər. Həkimlərimiz onların yenidən xidmətə dönmələri üçün əllərindən gələni edirlər.
Bir daha əmin oluruq ki, hərbçi-həkimlərimiz bu peşəni seçdikləri üçün qürurludurlar və bu gün Vətən müdafiəçilərinin sağlamlıqlarını  qoruyaraq bu vəzifəni daha da müqəddəsləşdirirlər. Bir sözlə, əsgərlərimiz Vətənimizin keşiyindədir, həkimlərimizsə əsgərlərimizin!
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"