Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

“Təlimdə tər, döyüşdə zəfər”

Hər dəfə təlim mərkəzlərində olanda, şəxsi heyətin məşğələsini yaxından izləyəndə sevinc hissləri keçirirəm. Bir qayda olaraq zabit və əsgərlərimiz həmişə təlim mərkəzlərinə həvəs və maraqla gəlirlər. Onlar ilk dəfə silahdan hədəfə atəşi təlim mərkəzlərində açırlar. Canlı olaraq birinci dəfə güllə səslərini burada eşidirlər. Müharibənin də, döyüşlərin də nə demək olduğunu elə təlim mərkəzində görüb, hiss edirlər. Hiss etdikcə də xidmətə həvəs və məsuliyyətləri artır. Hərbi biliklərə də, döyüş vərdişlərinə də təlimlərdə yiyələnirlər. Gələcək uğurların bünövrəsi də keçirilən təlim məşqlərdə qoyulur. Buna görə də zabitlər dərs və məşğələlərin gedişinə məsuliyyətlə yanaşır, mövzuları əsgərlərə hərtərəfli öyrətməyə çalışırlar.
Yenə də təlim mərkəzindəyik. Xoş duyğularla zabit və əsgərlərimizin məşğələlərini izləyirik. Təlim mərkəzi bir anlıq mənə müharibəni, qanlı döyüşləri xatırladır. Ətrafda xeyli silahlı zabit və əsgərlər, döyüş texnikaları var. Bir az bizdən uzaqda, boz təpələrin yan tərəfində atəş səsləri eşidilirdi. Sol cinahdan döyüş texnikaları ətrafı silkələyə-silkələyə irəliləyirdi. Tırtılların altından qalxan toz tüstüyə, tüstü də toza qarışdıqca, ətraf görünməz olurdu. Sonra yavaş-yavaş toz-duman çəkilirdi. Həm atəş səsləri, həm də zirehli texnikaların hərəkəti davam edirdi.
Geniş ərazidə təlim keçib döyüş hazırlığını artıran şəxsi heyətə yaxınlaşdıq. Zabit və əsgərlər məşğələ keçir, təcrübə və səriştələrini artırırdılar. Yaxınlıqda dayanıb onların məşğələlərini izlədik. Əsgərlər ətrafa göz qoya-qoya irəliləyirlər, komandirlərin işarəsi ilə qəflətən aşağı otururlar. Az keçmiş yenə də hərəkətlərinə davam edirdilər. Qarşıdakı səngərlərdə özlərinə əlverişli mövqe tutub atəş açmağa hazır olduqlarını komandirlərinə bildirirdilər.
Məşğələdə fasilə yarananda döyüş təcrübəsini artıran şəxsi heyətlə görüşdük. İlk olaraq zabit Əliheydər Fərəcov bildirdi ki, xeyli müddətdir şəxsi heyət təlimlərə cəlb olunub. “Məşğələdə iştirak edən zabit və əsgərlərimizin təcrübəsi getdikcə artır. Onlar nəzəri cəhətdən öyrəndiklərini əyani surətdə tətbiq edərək vərdişləri daha dərindən mənimsəyirlər. Məşğələnin gedişində əsgərlərimiz silahlarla canlı ünsiyyətdə olur, ondan müxtəlif məsafələrdəki hədəflərə atəş açırlar. Hər açılan atəş əsgərin təcrübəsini artırır, onu uğurlara ruhlandırır, qələbələrə istiqamətləndirir. Əsgərlərimiz tapşırıqları yüksək səviyyədə yerinə yetirərək qrupların dərinliklərdən irəliləməsini, minalı sahələrdən keçidlərin açılmasını və keçilməsini, rəqibin ön mövqelərinin tutulmasını, düşmənin dərinliklərində təbii və süni maneələrin dəf edilməsini və başqa zəruri vərdişləri mənimsəyirlər.”
Cəld hərəkətlərindən və tapşırığı yerinə yetirmək bacarığının yüksək olmasından hiss olunurdu ki, əvvəlki məşğələlər səmərəli keçib, onlar döyüş vərdişlərini mükəmməl şəkildə mənimsəyiblər. İnamla deyə bilərik ki, əsgərlərimiz döyüşlərdə ən çətin tapşırıqları yerinə yetirməyə hazırdırlar.
Söhbətimizi gizir Rövşən Rəhimovla davam etdirdik. Öyrənirik ki, Rövşən Aprel döyüşlərinin iştirakçısı olub. Əməliyyatlarda göstərdiyi cəsarət və qəhrəmanlığa görə ölkə başçısının müvafiq sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Dörd övlad atası olan gizir R.Rəhimov söhbət zamanı dedi ki, Füzuli rayonunun İşıqlı kəndində dünyaya göz açmışam. "28 ildir ki, doğma ocaqlarımıza gedə bilmirik. Erməni işğalçıları 1993-cü ilin yayında ata-baba yurdumuzu işğal ediblər. Daşnaklar torpaqlarımıza hücum edəndə Vətən qeyrəti çəkən oğullar silaha sarılaraq döyüşlərə atıldılar. Kəndimizdən 17 nəfər şəhid oldu. Onların intiqamı, qisası mütləq alınmalıdır. Fəxr edirəm ki, Aprel döyüşlərində iştirak etmişəm. Bu əməliyyatlarda Azərbaycan əsgəri gücünü, qüdrətini erməni qəsbkarlarına göstərdi. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Daşnaklar əks-hücumlarımızın qarşısında dayana bilmədilər, mövqelərini atıb qaçdılar. Aprel döyüşləri Böyük Qələbəyə gedən yolun başlanğıcıdır”.
- Aprel döyüşlərinin iştirakçısı olmaq mənim də bəxtimə düşüb, - deyə baş leytenant Zülfü Rzayev söhbətə qoşuldu. - Aprel döyüşlərində iştirak etmiş zabit və əsgərlərin üzü gülürdü. Hamını bir amal birləşdirirdi: torpaqlarımızı azad etmək. Düşmən hücumunun qarşısını alıb onları geri sıxışdırdıq. Torpaqlarımızı işğaldan azad edəndə sevincimiz yerə-göyə sığmırdı. Döyüşlərdə göstərdiyim igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olundum. Bu qələbələrin, bu uğurların davamlı olması üçün daim məşq edir, sabahkı döyüşlərə hazırlaşırıq.
Leytenant Turxan Qurbanov, əsgər Rəşad Fətiyev isə hərbi sirlərin şəxsi heyət üçün önəmli olduğunu söylədilər.
Zabit və əsgərlərlə söhbətimiz başa çatdıqdan sonra şəxsi heyət məşqlərini davam etdirdi. Mayor Əliheydər Fərəcov zabit və əsgərlərə növbəti əmr və tapşırıqlarını verdi. Məşğələ iştirakçıları əmri yerinə yetirərək cəld hərəkətlərlə irəli atıldılar. Onlar gələcək döyüşlərdə uğurlar qazanmaq üçün təcrübə və səriştələrini artırırdılar. Təbiidir ki, belə hazırlıqlı, peşəkar zabit və əsgərləri qarşıda yalnız qələbələr gözləyir. Çox gözəl deyilib: “Təlimdə tər, döyüşdə zəfər.”
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"

* * *

Güclü ordu dövlətin müstəqilliyinin qarantı olduğu üçün ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərilir. Həmin diqqətin nəticəsidir ki, hazırda Azərbaycan Ordusu yalnız regionun deyil,  dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordu quruculuğunda aparılan islahatların nəticəsində ordumuz ən müasir silah və texnikalarla təchiz olunur, hərbçilərimizin əhval-ruhiyyəsi artır, mənəvi-psixoloji durumu yüksəlir, ixtisas hazırlıqları gündən-günə təkmilləşdirilir. Əsgərlərimizin döyüş qabiliyyətinin artırılması məqsədi ilə mütəmadi olaraq nəzəri və praktiki məşğələlər keçirilir.
Bu günlərdə "N" hərbi hissəsində olarkən gənc əsgərlərin dərs prosesini izlədik. Leytenant Fərid Məmmədov şəxsi heyətə avtomat silahının taktiki-texniki xüsusiyyətlərini öyrədir, eyni zamanda, onun natamam sökülməsini izah edirdi. Əsgərlər zabitin nəzarəti altında silaha yaxınlaşır, komandirin göstərdiyi tapşırıqları bacarıqla yerinə yetirirdilər. Zabitin məşğələni həvəslə keçməsi, əsgərləri dərindən öyrətməsi onun peşəsinə olan sevgisindən xəbər verirdi. Dərs bitdikdən sonra şəxsi heyətlə söhbət etdik.
Leytenant Fərid Məmmədov əsgəri xidmətini başa vurduqdan sonra ordu sıralarına yenidən qayıtmaq qərarına gəlib. Gənc olmasına baxmayaraq, savadı, bacarığı və peşəsinə ürəkdən bağlılığı sözlərindən hiss olunan  leytenant Məmmədov qeyd etdi ki, əsgərlərimiz üzərlərinə düşən məsuliyyəti anlayaraq Vətənimizə layiqincə xidmət edirlər. "Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını hər gün hiss edirik. Komandanlığın təsdiq etdiyi döyüş hazırlığı tədbirləri kompleks şəkildə yerinə yetirilir. Günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətə dərslər keçirilir. Artıq əsgərlərimiz silahların taktiki-texniki xüsusiyyətlərini, onların sökülüb-yığılmasını və təmizlənməsini öyrəniblər. Biz təkcə nəzəri dərslərlə kifayətlənmirik. Müdafiə Nazirliyinin təsdiq etdiyi planlara əsasən, bölmələrin praktiki təlimləri, çöl çıxışları  şəxsi heyətə yüksək səviyyədə keçirilir. Həmin təlimlərdə əsgərlər nəzəri biliklərini təcrübədə sınaqdan keçirir, atəş açmağı, dəqiq nişan almağı, hücum və müdafiə taktikalarını öyrənirlər. Bir sözlə, biliklərini təlim mərkəzlərində daha da mükəmməlləşdirirlər. Komandir heyəti kimi biz də bütün bilik və bacarıqlarımızı səfərbər edirik ki, hərbi xidmətə  gələn gənclər döyüşə hazır əsgərlər kimi formalaşsınlar."
Əsgərlərlə də həmsöhbət olduq. Onların hər biri keçirilən dərslərdən razı olduqlarını bildirdilər. Qeyd etdilər ki, bütün məşğələlər səmərəli keçirilir, zabitlər onlara hərbi sirləri həvəslə öyrədirlər. "Atəş hazırlığı məşğələsi də həvəslə gözlədiyimiz dərslərdəndir. Hərbi xidmətə gəlməzdən əvvəl silahlar haqqında ilkin anlayışa malik idik. Artıq keçirilən dərslər sayəsində müxtəlif silahların bütün xüsusiyyətlərini, təyinatını dərindən öyrənmişik. Həmçinin silahın normativə uyğun natamam sökülməsini, silahla davranmağı, atəş açmağı mənimsəmişik.
Öyrəndiklərimizə görə təcrübəli zabitlərimizə borcluyuq. Gənc əsgər hazırlığını başa vurub, səngərdə torpaqlarımızın müdafiəsində dayanmağın arzusundayıq", - əsgərlər Röyal İmamverdiyev və Rufan Nuruzadə ürək sözlərini belə ifadə etdilər.
İbrahim MƏMMƏDBƏYOV