Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

“Dağlardan zəfər topları atılacaq”

Ürəyimdə Vətən nəğməsi yolumuz Azərbaycan əsgərinin yanınadır. Elə bir nəğmə ki, o böyük konsert salonlarında deyil, bir bulaq başında, bir dağ yamacında, İsa bulağında, Laçın yaylaqlarında, Cıdır düzündə, barıt qoxulu səngərlərdə oxuna bilər. O nəğmə həsrətə son qoyulacaq günün - qələbə gününün nəğməsidir. Ürəyimdəki nəğməni xalqımızın həsrətinə son qoyacaq Azərbaycan Ordusunun şəxsi heyətinə - zabitinə, gizirinə, əsgərinə oxumaq məqsədilə yola çıxmışıq.
Qarabağ adlı mahnını zümzümə edib yola çıxdığımdan ürəyim köksümə sığmır. Şehi çəkilməmiş çöllərin, kənd evlərinin günəşə açılmış pəncərələrinin, yol qırağına düzülmüş ağacların bəxş etdiyi doğmalıq mənə nostalji hisslər yaşadır. İrəli, dağlara doğru getdikcə qarşımızda açılan mənzərə insanı heyrətə salır.
Dağlar həmin dağlardır... Min il əvvəlki kimi, yenə qışda qarlı zirvələri, yazda yaşıllanan köksü ilə yüksəlib, gəlib gedəni seyr edir.
O uca dağlar da şahidi oldu ki, erməni qəsbkarları torpaqlarımızın 20 faizini necə işğal etdilər. Şuşa, Ağdam, Xocalı, Kəlbəcər, Laçın tamamilə necə məhv edildi. Düşmən yerli əhalini öz ata-baba yurdundan necə didərgin saldı.
"Qarabağ bu gün bizim yolumuzu gözləyir. Uca dağlar da torpaqlarımızın düşmən işğalından azad olunacağı günün həsrətindədir. Bu onun haqqıdı", - deyə zabit Eldəniz İsmayılov ürəyimdən keçəni duyurmuş kimi bildirir. - Qarabağın hər qarış torpağı, dağı, dərəsi, enişi, yoxuşu, çayı, bulağı, hər birimiz üçün doğmadır, əzizdir. Bu torpaqları düşməndən azad etmək biz hərbçilərin ən müqəddəs borcudur. Təbii ki, bunun üçün hamımız bir yumruq kimi birləşib, Ali Baş Komandanımızın hər an verə biləcəyi göstərişlərə hazırıq.
"Son qələbələrimiz sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti tezliklə torpaqlarını işğaldan azad edəcək", - deyə baş leytenant Elgün Mustafazadə qeyd edir. - Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mübarizə gedir. Mərd oğullarımız mənfur düşmənlə üz-üzə dayanıb, qəhrəmancasına döyüşürlər. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazırıq.
Zabit Eldəniz İsmayılov həmkarının sözünün təsdiqi olaraq onu da vurğulayır ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verməkdədir. “Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Azərbaycan Ordusuna böyük inam var. Ordumuz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə qadirdir”.
"Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, İlqar Mirzəyev kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq bir əsgər kimi ən böyük arzumdur", - deyə əsgər Elşad Hüseynov bildirir. - Bu gün hərbi üstünlük müqayisəedilməz dərəcədə bizim tərəfimizdədir. Nəzərəçarpacaq hərbi üstünlüyümüz ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırıb. Uğurlu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri bəzi ərazilərimizdən qovulub çıxarılıb, o torpaqlarda Azərbaycanın üçrəngli bayrağı ucaldılıb. Deməli, hərbi qulluqçularımızın, şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız Azərbaycan Ordusunun şəxsi heyətinin nəzarətindədir. İgid oğullarımız şəhidliyi Vətən üçün seçdilər. Onların şəhidliyi, qəhrəmanlığı biz əsgərlərə nümunədir.
"Bəli, şəhidlərimiz sübut etdilər ki, Vətən hamı üçün müqəddəsdir və bu müqəddəslik uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayacaqlar", - deyə əsgər Cavidan Məmmədov qeyd edir.
Əsgər Əli Abbasquliyev isə təəssüf hissi ilə bildirir ki, bu gün Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. "Şəxsi heyətimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, sayıqlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alınır. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur edir. Ordumuzun zabiti də döyüşlərdə biz əsgərlərin yanındadır, bizimlə çiyin-çiyinə vuruşur. Bu amilin özü belə bizi gələcək qələbələrə kökləyir".
"Regionun ən güclü ordusunun əsgəri kimi deyə bilərəm ki, şəxsi heyətin kifayət qədər təlim və döyüş təcrübəsi var. Bizim borcumuz isə bu təcrübədən yüksək səviyyədə yararlanmaqdır", - deyə əsgər Elmin Mirzəliyev bildirir. - Ancaq biz gərək bu təcrübəni təkmilləşdirək və gələn döyüşlərdə qarşımızda dayanan vəzifələri daha yüksək səviyyədə həyata keçirək. Ölkəmizin iqtisadi və hərbi gücü imkan verir ki, Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri uğurla icra etsin".
Əsgər Elnur Quliyev əsgər yoldaşının sözünə qoşularaq vurğulayır ki, Azərbaycan Ordusunun əsgəri üçün Vətənin müdafiəsi hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. “Məhz Aprel və Günnüt zəfərləri, Tovuz döyüşləri də bir daha sübut etdi ki, Azərbaycan Ordusunda necə igid, mətin, dəyanətli, Vətənini, torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və belə oğullar bundan sonra da olacaq”.
"İgid Vətən oğullarının göstərdikləri şücaət bir daha onu göstərdi ki, adı çəkilən döyüşlər bizi Qarabağda böyük qələbəyə aparan şanlı yolun başlanğıcıdır", - deyə əsgər Tural Həsənzadə dostunun fikrini təsdiqləyir . - O yolu qət edən igid oğullarımızla, bu gün başda Ali Baş Komandanımız olmaqla, bütün şəxsi heyətimiz fəxr edir və bundan sonra da edəcəkdir. Adı çəkilən döyüşlər o şanlı qələbələrdir ki, bu gün də düşmənə sarsıdıcı zərbələr vurur. Düşmən bilməlidir ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Çünki Azərbaycanın qısa zamanda ərazilərini işğaldan azad etməyə qadir güclü və yenilməz ordusu var.
Bu gün "Qarabağ Azərbaycandır və nida işarəsi" çağırışı da özündə böyük ruh yüksəkliyi ehtiva edir, hər bir Azərbaycan əsgərini torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə səsləyir, bizim qəlbimizdə Vətən, torpaq sevgisini alovlandırır. Torpaqlarımız azad olmayınca bu alov sönməyəcək!
...Yaxın vaxtlarda əsgərlərimiz döyüşdən qabaq Əhməd Cavadın “Bismillah” şeirini oxuyacaq:
Atılsın dağlardan zəfər topları...
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR