Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

Döyüş əzmi, qələbə ruhu və işğala atılan son güllə

Döyüş əzmi döyüşmək istəyidi, döyüşmək məqsədidi. Həm də Vətən naminə döyüşməyin müqəddəsliyini yaşatmaqdı. Belə döyüşə tarixi döyüş də deyə bilərik. Tarixi döyüşlər anları tarixləşdirmə niyyətidi. Əsgərin döyüş hazırlığını döyüş əzmi, qələbə ruhunu mənəvi-psixoloji hazırlığı tamamlayır. Döyüş əzmi ilə qələbə ruhunun vəhdəti döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın  vəhdəti ilə mütənasib olmayan ordu güclü ordu ola bilməz. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzminin də, qələbə ruhunun da mahiyyəti torpaqlarımızın işğaldan azad edilməsinə təşnəlikdi. Buna görə ordumuz  dünyanın ən güclü orduları sırasındadı. Məmləkət boyunca yaşanılan bu qürur vətəndaşlıq heysiyyətini müəyyənləşdirməyə qadir olan qürurdu.
Səngərdə eşitdiyim bir fikrin doğmalığına sığınmışdım. Müqəddəs doğmalığıydı. Döyüş növbətçiliyi aparan əsgər son döyüşdən söz açmışdı. Son döyüş ifadəsi düşüncələrimi tərpətmişdi: Son döyüşü işğalın son nəfəsi olacaq. Son döyüşü tarixin səmtini döndərmək istəyənlərə vətənpərvərliyin oxuduğu hökm biləcəyik. Bu hökmün icraçısı Azərbaycan əsgəri olacaq. Döyüşlərin yaşarı, bəşəri nidası Şuşanın dağlarının dumanını dağıdacaq, Cıdır düzünün çiçəklərinin ləçəklərinə sığal çəkəcək, bulaqların sıxıntılardan sıyrılan şırıltısına qarışacaq...
“Döyüş əzmi mənəvi-psixoloji hazırlıqla müəyyənləşir. Silahlanmaya daxil edilən ən müasir silahların istismar xüsusiyyətlərini mükəmməl mənimsəyən əsgərlərimizin döyüş hazırlığı təlimlərlə təkmilləşir. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən aparılan ictimai-siyasi dərslər, bu və ya digər mövzuda disputlar, söhbətlər əsgərlərin mənəvi-psixoloji hazırlığını artırır. Yəni, döyüş əzminin  də, qələbə ruhunun da yüksəldilməsi həm də əsgərin vətənsevərliyi ilə bir sırada bu amillərlə bağlıdır. Qürurla deyirəm ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamağa qadirdir", - zabit Səbuhi Qarayevin dediyi bu fikirlərin ovqatıyla səngərlərə çatırıq.
Səngərlərin qənşərində bunları xatırlayıram, xatırladıram və işğala son gülləni atacaq əsgərin sağında olmaq keçir könlümdən. Bu gözəl niyyətim zabit Elman Ağayevi duyğulandırır:
- Bayaq yolun kənarında gördüyümüz plakat sizi də, bizi də duyğulandırdı. Bu yolun şərti sonu qələbə yolunun başlanğıcı olacaq, - zabitin inamı mənə 1992-ci ilin dekabrını, Murovdağın o üzünə aparan yolun başlanğıcında dediklərini xatırladır: Dediyiniz nida Kəlbəcərdə, Kəlbəcərdən sonra işğaldan azad ediləcək digər rayonlarda işğala atılan son güllə kimi səslənəcək. Bir az əvvəl blindaj dinlədiyimiz "Ruhani"yə darlıq etmişdi, "Misri" əsgərlərin ruhunun misrisinə - qılıncına dönmüşdü. Bunu xatırladıram və xatırlatmam səngərli söhbətin başlanğıcı olur. "İyul döyüşləri əsgərlərimizin döyüş əzmini də kükrədib, qələbə ruhunu da. Hər biri Böyük Qələbənin əsgəri olmaq istəyiylə xidmət edir", -  inanıram ki, zabitin səsində də, baxışlarında da gördüyüm qətiyyətin eynini - "Ruhani"dən "Misri"yə keçidin əlamətlərini əsgərlərin əhatəsində daha duyğusallıqla görəcəm. O məqama tələsirik...
- Böyük tarixi şəxsiyyət Heydər Əliyevin "Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir" - tövsiyəsi unudulmayacaq. Böyük tarixi şəxsiyyətin bu fikri gənclərin vətənpərvərlik duyğularının formalaşması üçündü. Bu fikrin sevgi olduğu, orduya sevgi olduğu hərbi xidmətdə daha əhatəli hiss edilir. Biz bunu gənc əsgərlərin hərbi xidmətə münasibətində daha əhatəli duyuruq, - zabit Elman Ağayev belə deyir. Zabitin bu xatırlamasını mətləbə keçid bilirik. Bu fikir bizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir tövsiyəsini də xatırladır: "...Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır". Bu tövsiyə tariximizi öyrənə-öyrənə gələcək tariximizi yazacaq əsgərlərin döyüş əzmini, qələbə ruhunu düşüncələrimizin döyüş bayrağı bilməliyik ki, yaxın vaxtlarda Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərin ruh qardaşı ola bilək. "Oğul itirən anaya oğulam, qardaş itirən bacıya qardaşam, ata itirən uşağa əmiyəm, dayıyam" deyən əsgərləri əzizimiz bilirik, - deyirəm. Zabitin baxışlarında incə bir təbəssüm görünür. Bu təbəssüm bizim timsalımızda ictimaiyyətə ehtiramdı, zabitlərə təşəkkürdü. O təşəkkürün sözlə ifadə edilməsinə ehtiyac duyulmur. 
Əsgərlərlə Vətəndən danışırıq. Əsgər Dəmir Nəbiyev deyir ki, hərbi xidmət borcdu, biz bu borcu böyük sədaqətlə yerinə yetiririk. "Vətəndaşın Vətən borcu hərbi xidmətlə tamamlanmır. Əsl vətəndaş üçün Vətən borcu son nəfəsəcən yerinə yetirilməli olan borcdu", - deyirəm. Əsgərlərin baxışlarında başaçılmaz bir tündləşmə hiss olunur. Bayaqdan bəri doğmalığına sarıldığım bu gözəl baxışların nədən belə dəyişdiyini güman etməyə macal tapmıram. Əsgər Murad Musayev deyir ki, dediyiniz xarakter hərbi xidmətdə formalaşır. İstər 2016-cı ilin aprelində, istərsə də bu ilin iyulunda minlərlə müharibə veteranının, əlilinin döyüşlər gedən əraziyə gəlməsi, döyüşmək niyyətində olması onların hərbi xidmət borcu deyildi, vətəndaşlıq borcu idi.
Əsgərin iyul döyüşlərini də, döyüşlərdən bir güllə mənziliycə aralıda yaşananları da bu qürurla xatırlamasını bir həqiqətin yaşarılığına rəmz bilirik: Azərbaycan əsgərinin qələbəsi də tarixdi, minlərin döyüşlərin döyüşlər getdiyi vaxtlarda "bir güllə məsafəsində" qələbə qazananların kürəyini nəfəsiylə isitməsi də.      
- Döyüş əzmi təkcə əsgərlərə aid deyil. Döyüş əzmi ictimaiyyətin döyüş əzmidi, qələbə ruhu ictimaiyyətin qələbə ruhudu. Ali Baş Komandanın döyüş əmri ictimaiyyəti də müsəlləh əsgər edəcək. İctimaiyyət bu inamla yaşayır, ordu bu inamı gücünə güc bilir. Bu inam son illərdə ordu quruculuğunda həyata keçirilən tədbirlərlə bağlıdı, müxtəlif təyinatlı genişmiqyaslı təlimlərin nəticələrinə bələdliyin inamıdı, ordu quruculuğuna xüsusi diqqətin qürurudu, - deyirəm. 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Qüdrət Əlizadə gözdolusu əsgər yoldaşlarını süzür. Bu baxışlarda ehtiram var, sevgi var, güvənc var - əsgər ehtiramı, əsgər sevgisi, əsgər güvənci könlümüzü telləndirir, inamımızın mehrabına dönür:
- Muradın dediklərinin təkrarı olmasın, 2016-cı ilin aprelində döyüşlər getdiyi müddətdə minlərlə çağırış yaşlı gənc, müharibə veteranı döyüşü güllə, mərmi səslərini eşidə-eşidə izləmişdi. Ermənilər iyulun 12-də Azərbaycanın dövlət sərhədini pozanda, Tovuz rayonu istiqamətindən Azərbaycanın ərazisinə hücum edəndə də eyni ovqat yaşanıldı.
Əsgər İsaq Allahverdiyev əsgər yoldaşının fikirlərini səmimiliklə tamamlayır:
- Əsgərlərimiz bu təxribatın da qarşısını qətiyyətlə aldı, düşmənin neçə-neçə dayaq məntəqəsini dağıtdı, neçə-neçə döyüş texnikasını, onlarla canlı qüvvəsini məhv etdi. Bu həmrəylik əsgərlərimizin qələbə ruhunu yüksəltmişdi. Əsgərlərimiz qələbə qazandı.
Əsgərlərin mükalimələşməsini əsgər dostluğunun təzahürü bilirəm:
- Hər iki qələbə Azərbaycan Ordusunun qüdrətinin qələbəsi kimi yaşanıldı, bunlar Azərbaycan əsgərinin qələbə ruhunun qüdrətidir.
Əsgər Elcan Bayramov yaxın keçmişimizin tarixi bir gününü xatırladır: 
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin iyununda Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda dedi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". Qələbənin də, həmin paradın da iştirakçısı olmaq istəyirik.
- Onda məktəbliydin, indi əsgərsən. Onda yaşadığın duyğular səni bu gün də duyğulandırır. Bu, həmin paradın möhtəşəmliyinin nəticəsidirmi, sənin hərbi mundirə sevgininmi? - soruşuram. Əsgərin baxışlarında incə bir titrəyiş hiss edilir. Bu, zaman anlamında dünənlə bu günün qarşılaşdırılmasının gözlənilməzliyidi; bir daha əmin oluram ki, Azərbaycan əsgəri gözlənilməzlikləri də nizama salmağa qadirdir:
- Həmin parad xalqımıza da, dünyaya da ordumuzun gücünü göstərən parad oldu. Təbii ki, mən də Azərbaycanın hərbi gücünün göstəricisi olan o paradın qürurunu Böyük Qələbənin paradına kimi yaşadacam, - əsgər belə deyir, düşüncələrimi düşüncələriylə elə gözəl qoşalaşdırır ki!..
Əsgərlərin dediklərini döyüş əzminin, qələbə ruhunun ifadəsi kimi dinləyirəm. 
Əsgərlərin baxışlarında duyduğum döyüş əzmini qələbə ruhu tamamlayır...
Əsgərlərin baxışlarında  duyduğum qələbə ruhunu işğala atılacaq son güllə bilirəm...
Bayaqdan bəri həzin-həzin əsən meh bir qədər çılğınlaşır, bir azdan kükrəyəcək...
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"