Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2020 11:02

Əsgər dostluğu - könül xoşluğu

Münasibətlərin ən həssası dostluqdu.
Dostluq xarakter uyğunluğudu.
Hərbi xidmətdə yaranan, ikitərəfli, bəzən çoxtərəfli olan dostluq daha uzunömürlü olur. Hərbi xidmət əsgərin xarakterini daha mətinliklə formalaşdırır, buna hərbçi xarakteri deyirlər. Hərbi xidmət əsgərin Vətənə sevgisinin - Vətən sevgisinin dönməzləşməsində də əhəmiyyətli olur. Ön xətdə döyüş növbətçiliyi aparan əsgərlərin dostluğu özünəməxsus amillərlə yaranır, həsəd aparılası səviyyədə mətinləşir, formalaşır. Döyüş əzminin, qələbə ruhunun oxşarlığı, ortaqlığı, bəzən eyniliyi məhz bu amillərlə bağlıdır. Bir neçə il əvvəl Hərbi andiçmə mərasimində iki atanın görüşü hamı kimi mənim də diqqətimi çəkmişdi. Bu görüş adi görüş deyildi. Bu görüş doğmalıqdan da coşqun görüş idi. Məlum oldu ki, müharibənin ilk illərində eyni bölmədə xidmət ediblər. Hər ikisi yaralanıb. Müalicədən sonra tərxis olunublar. O vaxtdan bu yana bir-birini görməyiblər. İndi oğulları əsgərdi. İndi oğulları eyni bölmədə  xidmət edirlər. Az sonra məlum oldu ki, onların oğullarının bir-birinə xoş münasibəti var. Atalar da, biz də əmin olduq ki, bu münasibət dostluğun başlanğıcıdı...
Ön xətdə xidmət edən əsgərlərin dostluğa münasibəti daha həssas olur...
İsaq Allahverdiyev Goranboy rayonundandır, Raco Səfərov Şirvandan. Hərbi xidmətin ilk günlərindən aralarında xoş münasibət yaranıb. Kəlmələşəndə bəzən fikirlərinin, düşüncələrinin oxşar olduğunu da hiss ediblər. Bu, dostluq duyğularının başlanğıcı imiş, sonralar hiss ediblər ki, bu münasibət yaşarı olacaq. "Dostluğumuzu son nəfəsəcən yaşadacağıq" kəlmələrini "Dostluq başlanğıcı olan, sonu olmayan münasibətdir" kəlmələri tamamladı. Mənə elə gəldi ki, bu gərəkli, düşündürücü kəlmələri beş-on addım o yanda söhbət edən əsgərlər də eşitdi. 
Onlarla söhbətləşməyi qərara aldıq. "Söhbətinizə biz də qoşulmaq istərdik" dedim. Etiraz etmədilər. Məlum oldu ki, iyul döyüşlərindən danışırmışlar. "Döyüşlər vaxtı nələr düşünürdünüz?", - soruşdum.
- Arzulayırdıq ki, döyüşlərə bizim bölməmiz də cəlb olunsun. Döyüşənlərdən aralı olsaq da, ürəyimiz onların yanındaydı. Səmimiliyimə inanın, rahatlığımızı tamam itirmişdik. Bilirdik ki, əsgər qardaşlarımız qalib gələcəklər. Buna əmin olsaq da, qəlbimizdə qəribə narahatlıq vardı, - İsaq Allahverdiyev belə dedi.
- O döyüşləri biz də 2016-cı ilin Aprel döyüşlərinin davamı bildik, bu dö-yüşlərin də qələbə ovqatının düşmənə məğlubiyyət acısı yaşadacağına əmin idik. Qələbəyə görə bizim də sevincimiz kükrədi. Şəhidlərimizə görə biz də çox təəssüfləndik, - Raco Səfərov belə dedi.
- Şəhidlərimizi heç birimiz son nəfəsəcən unutmayacağıq, - Raconun qaşlarının çatıldığını hiss etdim.
Şəhidlərin ruhu bizimlədir, döyüşlərdə onların ruhu bizə uğur diləyəcək, - İsaq alnını ovuşdurdu. 
- Hərbi xidmətə gələnə kimi ordumuz haqqında ətraflı məlumatımız vardı. Oxuduqlarımız, televiziyada gördüklərimiz, üstəlik atamızın dedikləri bizim düşüncələrimizi ordu ilə sıx bağlayırdı, - Raco dostuna baxdı.
- Elədir. Oxuduqlarımızı həmişə atamızın söhbətləri tamamlayırdı. Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilən paradı atamla birlikdə izlədik. Hiss edirdim ki, qürurdan atamın sinəsi ürəyinə darlıq edir. Mən də eyni duyğuları yaşayırdım, - İsaqın dediklərini dostunun dediklərinin davamı kimi dinlədik...
Əsgər dostluğu bir ömrə bəs edəsi könül xoşluğudur...


Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"