Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2020 11:02

“Zabit adının məsuliyyəti daha böyükdür”

Yaranışından fərdi xarakterə malik olan insanın özünəməxsusluğu ona mənşəyindən asılı olaraq irsi keçir və bu ilahi keyfiyyət bəşərin bütün ömrü boyu davranışını nizamlayır. Məhz təyinatı üzrə öz həyatını quran insan isə xoşbəxt ola bilir. Arzularını gerçəkləşdirərək öz idealına yaxınlaşan hər bir şəxs yaşadığı ömrü məzmun etibarı ilə yaşayır və yaradır. Ən əsası odur ki, insan yaşadığı ömrü Vətənə xidmətdə keçirsin, onu canından çox sevsin, xalqının xoşbəxtliyi üçün əlindən gələni əsirgəməsin.
Böyük fransız yazıçısı Viktor Hüqo yazırdı: “Vətənpərvər bir insanın vəzifəsinin yarısı Vətəninə, digər yarısı da xalqına xidmət olmalıdır”.
Həyatının mənası Vətən olan, torpaqlarımızın işğaldan azad olunması naminə zabitlik peşəsini seçən, canı və qanı bahasına başa gəlsə belə bu yola çıxan zabitlərdən biri kapitan Ərhan Nəsibovla ön xətdə keçirilən təlim-məşq prosesi zamanı tanış olduq.
"Ordu o zaman güclü olur ki, onun peşəkar zabit heyəti olsun", - deyə zabit Ərhan Nəsibov söhbətinə başladı. - Bunun üçün hər bir zabit hərbi təhsil almalı, hərb sənətini dərindən öyrənməli, daim öz üzərində işləməli, gələcəyin zabiti kimi yetişməlidir. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə, Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir”.
Zabit Ərhan Nəsibov onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsi durmadan yüksəldilir, şəxsi heyət müasir silah və texnika ilə təchiz edilir, yeni poliqonlar inşa edilir, döyüş şəraitinə uyğun təlimlər həyata keçirilir. "Bu gün vəzifəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçu verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Keçirilən təlimlər, eyni zamanda, döyüş meydanında qazanılan son qələbələr də əsgər və zabitlərimizin müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduqlarını, döyüş qabiliyyətlərini və peşəkarlıqlarını, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarıqlarını əhəmiyyətli dərəcədə artırdıqlarını göstərir".
Zabit Aprel döyüşlərindən də söz açdı. “Aprel döyüşləri bir neçə gün ərzində bütün Azərbaycan xalqını içəridən silkələdi, ruhumuzu oyatdı, hər kəsdə qələbənin uzaqda olmaması inamını yaratdı. Bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər isə bu inamı daha da artırdı. “Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi, xalqın qəlbinin ordusu ilə birgə döyündüyünü göstərdi”.
"Güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır", - deyə zabit qeyd etdi. - Hər bir əsgərin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşılaşdıran dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edib. Bir sözlə, Qarabağın zirvələri, yüksəklikləri, təpələri çoxdandır başı üstündə ay-ulduzlu bayrağımızın dalğalanmasının həsrətindədir.
İnanırıq ki, tezliklə Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək, hər bir yurddaşımızın zəfər diləyini ən yaxın sabahlarda sevimli bir gerçəyə çevirəcəyik! Tezliklə tarixi Qələbəni qazanmaqla Azərbaycan tarixinin yeni səhifəsini yazacağıq!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

foto Namiq PƏNAHOVUNDUR