Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2020 11:02

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları.

Suallar:
1. Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları.

2. Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normalarını pozmağa görə məsuliyyət.

 

Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları


Müharibə - dövlətlər, xalqlar və sosial qrupların münasibətinin dəyişməsi, siyasi-iqtisadi və digər məqsədlərə nail olmaq üçün zorakılıq vasitələrinin tətbiqi ilə bağlı çox mürəkkəb və çoxcəhətli ictimai-siyasi hadisədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəşəriyyət tarixi müharibələrlə zəngindir və bu gün də müasir dünyada bəzən siyasi qərarların həllində zor tətbiq edilməsi hallarına rast gəlmək olur. Müharibələrin qarşısını almaq mümkün olmasa da, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş, beynəlxalq konvensiyalarda öz əksini tapmış hüquq qaydaları mövcuddur. Bu qaydalar beynəlxalq humanitar hüququn əsasını təşkil edir.
Beynəlxalq humanitar hüquq beynəlxalq hüququn bir sahəsi olub, həm beynəlxalq silahlı münaqişələr, həm də qeyri-beynəlxalq silahlı münaqişələrlə əlaqədar beynəlxalq hüququn subyektləri arasında yaranmış münaqişənin zərər vurduğu və ya zərər vura biləcəyi insanların və əmlakın mühafizəsi və müharibənin aparılmasının üsul və vasitələrinin məhdudlaşdırılması sahəsindəki münasibətləri tənzimləyən, həmçinin onun norma və prinsiplərinə görə məsuliyyəti müəyyənləşdirən beynəlxalq hüquq normalarının məcmusudur. Beynəlxalq humanitar hüquq silahlı münaqişə yarandıqda fəaliyyətə başlayır. Beynəlxalq humanitar hüququn obyektini silahlı münaqişənin gedişində döyüşən tərəflər arasında yaranan ictimai münasibətlər təşkil edir.
Beynəlxalq humanitar hüquq - silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. "Beynəlxalq humanitar hüquq" görkəmli alim Jan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ; silahlı münaqişələr hüququ; müharibə qanunu və ədalətli və s. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant (döyüşən) olmayanları, yəni, mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın,  artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır.
Beynəlxalq humanitar hüquq, əsas etibarilə müqaviləyə söykənir. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar:
- partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt-Peterburq Bəyannaməsi;
- asanlıqla dönə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqında Haaqa Bəyannaməsi;
- quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası;
- boğucu, zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu;
- genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya;
- müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyaları;
- quruda döyüşən silahlı qüvvələrdə yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında  Cenevrə Konvensiyası;
- dənizdəki silahlı qüvvələrdə yaralı,  xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında  Cenevrə Konvensiyası;
- hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyası;
- müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası;
- silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası;
- ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiya;
- 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokollar;
- Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol;
- qeyri-beynəlxalq xarakterli silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol;
- hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Konvensiya.
Konvensiyaya 3 protokol əlavə olunmuşdur:
- aşkar edilməyən qəlpələr haqqında Protokol;
- minaların, mina-tələlərin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Protokol;
- yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokol.
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüququn əsas prinsipləri:
- hərbi zərurət və ictimai qaydanın qorunması həmişə insana hörmətlə uzlaşdırılmalıdır;
- sıradan çıxarılmış şəxslər, həmçinin bilavasitə döyüşlərdə iştirak etməyənlər hörmət, müdafiə və humanitar hüquqa malikdirlər;
- döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması.
Beynəlxalq humanitar hüququn tətbiqi prinsipləri:
Toxunulmazlıq prinsipi
Bu prinsipə əsasən:
- döyüş meydanında həlak olan toxunulmazdır; əsir düşənlərin həyatının mühafizə olunmaq hüququ vardır. Açıq surətdə tabe olan (əsir düşən) şəxsləri öldürmək olmaz;
- işgəncə, alçaldıcı və qeyri-insani cəza qadağan olunur;
- hər bir kəsin qanun qarşısında insan hüquqlarının tanınması hüququ vardır;
- hər bir kəsin onun şərəfinə, ailə hüquqlarına, əqidəsinə və adətlərinə hörmət hüquqları vardır;
- əzab çəkən hər kəsə onun konkret fiziki-psixoloji vəziyyətində zəruri olan qulluq göstərilməlidir;
- hər bir kəsin ailəsi ilə əlaqə saxlamaq və kömək almaq hüququ vardır;
- heç kim qanunsuz yol ilə mülkiyyətindən məhrum edilə bilməz.
Müdafiə prinsipi
Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Əsir onu tutmuş qoşunların deyil, onların tabe olduqları dövlətin ixtiyarındadır. Düşmən dövlət əsir götürdüyü şəxslərin şəraiti və saxlanmasına görə, işğal etdiyi ərazidə isə ictimai asayişin və xidmət sahələrinin qorunmasına görə məsuliyyət daşıyır.
Müharibə hüququna aid prinsiplər
- müharibə edən tərəflər mülki əhali və mülki obyektləri qorumaq üçün həmişə mülki əhali və kombatantları (döyüşənləri) fərqləndirməlidir;
- əsas məqsədi mülki əhalini qorxuya salmaq olan zorakılıq aktları ilə hədələmə qadağan olunur;
- münaqişə edən tərəflər mülki əhalini qorumaq və ya heç olmazsa mülki əhali arasında təsadüfi itkilər və ya təsadüfi zərərdən imkan daxilində qaçmaq üçün mümkün olan bütün ehtiyat tədbirlərini görməlidir;
- yalnız Silahlı Qüvvələrin heyətinə daxil olan şəxslər düşmən üzərinə hücum edə və ona müqavimət göstərə bilərlər;
- müdafiə olunmayan yerlərə hücum etmək qadağandır;
- qurğu və tikililərə, onlardan mülki əhaliyə təhlükə yarana biləcəyi halda hücum etmək qadağandır;
- mülki əhali hərbi obyektlərin hücumlardan müdafiəsi üçün istifadə edilə bilməz;
- mülki obyektlər hücum obyekti ola bilməz. Mülki əhalinin yaşaması üçün zəruri olan obyektləri məhv etmək və ya başqa yerə köçürmək qadağandır;
- qarət qadağandır.
Hərbi əməliyyatlar aparılmasının metod və vasitələrinə görə, məhdudiyyət prinsipinin mahiyyəti ondan ibarətdir ki, hərbi əməliyyatları kiməsə lüzumsuz zərər vura və ya həddən artıq əzab verə biləcək silah və ya metodlardan istifadə etməklə aparmaq qadağandır. Həmin prinsipə əsasən:
- hədəflərə fərq qoymadan edilən hücumlar qadağandır;
- mülki əhali arasında itkilərə səbəb olacaq və mülki obyektlərə zərər vura biləcək hücumlar qadağandır;
- hərbi əməliyyatlar zamanı təbii mühitin qorunması üçün qayğı göstərilməlidir;
- mülki əhali arasında müharibə aparmaq metodu kimi aclıqdan istifadə etmək qadağandır;
- xəyanətə əsaslanan hərbi əməliyyatlar qadağandır.
Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüququn prinsipləri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prinsiplərini bir-birinə qarışdırmaq olmaz. BQXK-nın  prinsipləri qeyri-hökumət təşkilatı olaraq Qırmızı Xaçın fəaliyyəti üçün əsas istiqamət kimi çıxış edir. Beynəlxalq humanitar hüququn prinsipləri isə silahlı münaqişə zamanı döyüşən tərəflər arasında münasibətləri tənzimləyir.

 

Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normalarını pozmağa görə məsuliyyət


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bütün qanunvericilik aktları beynəlxalq hüququn normalarına uyğunlaşdırılmışdır. O cümlədən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsilə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edilib.
Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq dedikdə aşağıdakılar nəzərdə tutulur:
- mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmək;
- ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurmaq;
- sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardım göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qırmızı Xaç və ya Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə hücum etmək;
- hərbi əməliyyatların aparılma üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmək;
- yetkinlik yaşına çatmayanları Silahlı Qüvvələrə cəlb etmək;
- hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törətmək;
- müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmək;
- müvəqqəti barışıq haqqında, yaxud həlak olanların və ya yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozmaq;
- mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmək;
- hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmək, quldurluq etmək, əmlaklarını məhv etmək, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq almaq;
- dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmək;
- hərbi əməliyyatlarda birbaşa iştirakını aşkar surətdə dayandırmış, həmçinin silahlı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmək;
- işğal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmək;
- hərbi əsirlərin və mülki şəxslərin Vətənə qaytarılmasını əsassız olaraq gecikdirmək;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmək.
Yuxarıda göstərilən hüquq pozuntularına görə yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu yekunlaşdırarkən dinləyicilərə bir daha xatırlatmalıdır ki, Ermənistan silahlı qüvvələri 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etməyə müvəffəq olmuşdur. Bu işğalın səbəbləri və nəticələri haqqında əvvəlki ictimai-siyasi hazırlıq dərslərində ətraflı məlumatlar verilmişdir. Ancaq qeyd etmək lazımdır ki, ermənilərin öz işğalçılıq planlarını həyata keçirərkən həm dinc əhaliyə, həm də yaralanmış və əsir düşmüş döyüşçülərimizə qarşı törətdikləri vəhşiliklər II Dünya müharibəsində faşistlərin törətdikləri vəhşiliklərlə müqayisədə daha dəhşətlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi