Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

Əsgər hərtərəfli qayğı ilə əhatə olunub

Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə əsasən, hərbi qulluqçuların sosial-məişət şəraiti daim diqqət mərkəzindədir. Bu məqsədlə hərbi hissələrdə müasir əsgər yataqxanaları, təbliğat materialları ilə təmin olunmuş ideoloji otaqlar, istirahət, tədris və xidməti otaqlar, silah və döyüş texnikası üçün saxlanclar, tibb məntəqələri, hamam-camaşırxanalar və qazanxanalar inşa edilir.
"N" hərbi hissəsində əsgərlərimiz üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olduq. Hərbi hissə müasir standartlara cavab verən yataqxana, idman şəhərciyi, yeməkxana, ən son qurğu və avadanlıqlarla təchiz olunub. Bir daha əmin olduq ki, əsgərlərimizin hərbi xidməti üçün mümkün olan hər bir şərait yaradılıb.
Əsgərlərin yataq otağına daxil olduqda səliqə-sahman və təmizlik nəzərimizdən qaçmadı. Əsgərlər Faiq Rüstəmov və Mustafa Ağayev yataq otağında səliqə-sahman yaratmaqla məşğul idilər.
Əsgər M.Ağayev ali təhsillidir, Bakı Dövlət Universitetinin geologiya fakültəsinin məzunudur. Əsgər hərbi xidmətə gəldiyi gündən yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan razı olduğunu bildirdi. "Uşaqlıqda hərbi qulluqçu görəndə  tez bir zamanda hərbi xidmətə çağırılmağımı arzulayırdım. Artıq xidmət edirəm və çox xoşbəxtəm. Hərbi hissədə bizim üçün yaradılan şəraitdən razıyam. Yataq otaqlarımız böyük və geniş, çarpayılarımız isə çox rahatdır. Biz də çalışırıq ki, yataqxanada daim səliqə-sahmanı qoruyub saxlayaq. Yuxarı komandanlığa bizlər üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Biz də verilən döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirərək onların etimadını doğruldacağıq."
Əsgər onu da qeyd etdi ki, şəxsi heyətin sağlamlığı, yataq dəstlərinin dəyişdirilməsi, paltarların yuyulması komandirlərin diqqət mərkəzindədir.
Əsgər Faiq Rüstəmov da xidmətə gəldiyi gündən şanlı ordumuzun layiqli əsgəri olmağı üçün çalışdığını bildirdi. Söhbət zamanı o bizə ideoloji və istirahət otaqları haqqında danışdı. "İdeoloji otaq genişdir. Masa və oturacaqlar ilə təmin olunmuş otağın divarlarında müxtəlif mövzulu stendlər və lövhələr asılıb. Burada: Müdafiə Nazirliyinin rəhbərliyi və onlar haqqında məlumatlar olan lövhə, hərb və dövlətçilik tariximiz haqqında stendlər var, dünya atlası və Azərbaycan Respublikasının xəritəsi asılıb. Masaların üzərində "Azərbaycan Ordusu" qəzetinin nömrələri və "Hərbi Bilik" jurnalları olur. İstirahət otağında asudə vaxtlarımızda xəbərlərə baxırıq, bəzən əsgər yoldaşlarımızla yığışıb milli kinolarımıza da baxırıq. Ondan əlavə dama və şahmat oynayırıq, hətta bəzən öz aramızda müsabiqə də qururuq. Yuxarı komandanlıq bizlər üçün hər cür şərait yaradıb. Bunun üçün onlara sonsuz dərəcə minnətdarıq."
Gördüklərimiz sübut edir ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ordumuzun gücləndirilməsi deməkdir və bu ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

İbrahim MƏMMƏDBƏYOV