Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

"Şəxsi heyətin sağlamlığı üçün müntəzəm tədbirlər həyata keçirilir"

Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını, sağlam həyat səviyyəsini qorumaq hərbi hissələrin tibb xidmətlərinin qarşısında duran başlıca vacib məsələlərdəndir. Yeni tikilən və bərpa edilən bütün hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin də yenidən qurulması, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi, tibbi idarəetmədə və müalicə proseslərində texnologiyanın ən son nailiyyətlərindən istifadə olunması nəzərdə tutulur və tətbiq edilir. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın hərbi səhiyyəsi müasir tələblər əsasında qurulub.
Bütün bunları nəzərə alaraq, "N" hərbi hissəsinin tibb məntəqəsinə baş çəkdik. Əsgərlərin stasionar müalicəsi üçün lazımi şəraiti olan müasir avadanlıqlarla təchiz olunan hərbi hissənin tibb məntəqəsindəki səliqə-sahman diqqətimizi cəlb etdi. Hərbi hissənin tibb məntəqəsinin həkimi leytenant Samir Əkbərovun sözlərinə görə, gün növbətçi həkimlərin və sanitar-təlimatçıların qaldırılması ilə başlayır. "Sanitar-təlimatçıların iştirakı ilə səhər düzülüşü keçirilir. Xəstələr müayinə edilir. Müayinə və müalicə işləri aparıldıqdan sonra xəstələrin ambulator qəbulu aparılır. Tibb xidməti rəisinin və ya tibb mənqətə rəisinin iştirakı ilə konsultasiyalara cəlb olunuruq. Vaxtaşırı  sanitar-təlimatçılarla birlikdə əsgərlərin sağlıq problemləri, gigiyenaları ilə yerində maraqlanırıq".
"Hərbi hissə komandirinin göstərişinə əsasən, şəxsi heyətin sağlamlığının qorunması üçün tibb xidməti müntəzəm tədbirlər həyata keçirir", - deyə leytenant Samir Əkbərov söhbətinə davam etdi. - İlk işimiz gənc əsgərlərin diqqət mərkəzində saxlanılmasıdı. Son illər keçirilən tibbi tədbirlər nəticəsində xəstəliklər minimuma enib. Qurulan yüksək şəraitin, vaxtında göstərilən tibbi müdaxilənin hesabına şəxsi heyətin arasında xəstələnmə halları az olur. Hətta aparılan profilaktik tədbirlər nəticəsində hərbi hissəmizin şəxsi heyəti arasında koronavirus pandemiyasına yoluxma halı baş verməyib.
Leytenant Samir Əkbərov onu da əlavə etdi ki, yay mövsümündə xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirildiyindən, əsasən də gənc əsgərlər arasında günvurma halları da qeydə alınmadı. “Bütün bunlar lazımi tədbirlərin həyata keçirilməsi, gigiyenik qaydalara əməl olunması hesabına mümkün oldu. Artıq yay mövsümü geridə qalmaq üzrədir və indi bizim qarşımızda payız mövsümünün qayğıları dayanır.
Şəxsi heyətin vaxtlı-vaxtında yuyunması, dırnaqlarının tutulması, yataq ağlarının dəyişdirilməsi, əsgər yataqxanalarının təmizliyinə nəzarət, günün nizam qaydasına uyğun olaraq səhər baxışının keçirilməsi və s. amillər xəstələnmə hallarının qarşısını alır". Həmsöhbətim onu da bildirdi ki, hərbi tibb məntəqəsində ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb. Əsgərlər arasında hər hansı xəstəliyin aşkar edilməməsi üçün sanitariya maarifləndirilməsi işi daha aktiv və davamlı surətdə aparılır. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyət arasında mütləq gigiyenik və əks-epidemik tələblər gözlənilir. Bütün bunlar şəxsi heyətin, əsasən də əsgərlərin sağlamlığını təmin edir.
Zabit onu da dedi ki, il ərzində istər tibb məntəqəsi rəisləri, istər hərbi həkimlər, istərsə də sanitar-təlimatçılar üçün keçirilən toplantılar onların bilik və bacarıqlarının formalaşmasında xüsusi rol oynayır. Əldə edilən bilik və bacarıqların, uzunmüddətli təcrübənin hesabına xəstəliklərin qarşısını alır və əsgərlərin sağlamlığının qorunması işinə töhfələrini verirlər.
Əgər ordunun şəxsi heyəti sağlamdırsa, o ordunun inkişafından da danışmaq olar, gələcək qələbələrindən də. Bu səbəbdən də şəxsi heyətin sağlamlığı dövlət başçımızın və ordu rəhbərliyinin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət və ordu rəhbərliyi bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir tibb müəssisələri və tibb məntəqələri tikilərək hərbi qulluqçuların istifadəsinə verilir. Hərbi həkimlər yaradılan şəraitdən səmərəli istifadə edir, hərbi qulluqçulara nümunəvi xidmət göstərirlər. Onlar hərbi qulluqçuların qayğısına qalmaqla həm Azərbaycan Ordusuna, həm də dövlətçiliyimizə xidmət edirlər.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

foto Namiq PƏNAHOVUNDUR