Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

“Biz Əlağa Şıxlinskinin davamçılarıyıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət döyüş hazırlığı planına əsasən dərslərə cəlb olunmuşdu. Baş leytenant Xəyal Balaşov tabeliyində olan əsgərlərə minaatanın taktiki-texniki xüsusiyyətlərini izah edirdi.
Məşğələ bitdikdən sonra baş leytenant Xəyal Balaşov keçdiyi mövzu haqqında dedi ki, minaatan kompleksi düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. “Minaatanların ən vacib xüsusiyyətləri daşınan olmaları və sürətlə atəş açmağa başlaya bilmələridir. Bu səbəbdən, toplardan fərqlənməsələr də, piyadalar tərəfindən istifadə olunurlar. Döyüşlərdə ön xətdə olan piyada bölmələrinin təcili atəş dəstəyi istəyinə artilleriya qüvvələrindən tez minaatanlar reaksiya verirlər.  Minaatanların əsas döyüş sursatları: məhv etmə, işıqlandırma, duman və təlim mərmiləridir. Minaatan silah sistemlərinin ən vacib hissəsi onu istifadə edən heyətdir; çünki səmərəli minaatan atışları üçün yaxşı təlim görmüş heyət hər şeydən daha vacibdir. Buna görə də mütəmadi olaraq əsgərlərimizə təlimlər keçir, onların daha da hazırlıqlı olmalarına səy göstəririk. Şəxsi heyət onlara öyrədilənləri dərindən mənimsəyir, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər".
Ötən il "Beynəlxalq Ordu Oyunları" yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Elşən Cəfərli dedi ki, mənim üçün beynəlxalq yarışda ölkəmizi təmsil etmək şərəfli olduğu qədər də çətin idi. “Düzdür, bu, yarış idi. Ancaq 12 iştirakçı dövlət arasında 3-cü yerə layiq görülməklə artilleriyaçılarımızın dünyanın qabaqcıl ölkələrindən geridə olmadığını bütün dünyaya bir daha sübut etdik. Bunun üçün mütəmadi olaraq nəzəri və praktiki biliklərimizi artırırdıq. Çox istəyirəm ki, bu il "Beynəlxalq Ordu Oyunları" yarışlarında iştirak edən hərbçilərimiz ölkəmizi yenə layiqli təmsil etsinlər. Axı biz Əlağa Şıxlinski kimi görkəmli sərkərdənin davamçılarıyıq. Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar ona "Artilleriyanın Allahı" deyirdilər. O, tarixin səhifələrinə öz adı ilə yanaşı, xalqımızın da adını yazdırıb. Bu gün biz də çalışırıq ki, onun adına layiqli xidmət edək. İnanıram ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə Qarabağımızı düşməndən azad edəcəyik".
- Minaatan bölməsində xidmət edirəm, - deyə əsgər Zaur Məmmədov sözünə başladı. - Gənc əsgərlərin hazırlığı müddətində mütəmadi olaraq komandirlərimizin köməkliyi ilə hərbi biliklərə yiyələndik. Artıq xalqımızın bizə olan etimadını doğrultmağa hazırıq. Tezliklə xalqımıza qələbə müjdəsini verəcəyik.
- Aprel döyüşlərində dayım da iştirak edib, - əsgər Nurdan Salahov dedi. - Dayım kimi mən də Qarabağımız uğrunda gedən döyüşlərin iştirakçısı olmaq istəyirəm. Bunun üçün hərbi bilik və vərdişlərimi baş leytenant Xəyal Balaşov kimi komandirlərimizin köməyi ilə təkmilləşdirirəm. İnanırıq ki, tezliklə xidmət müddətində əldə etdiyimiz bilikləri döyüşdə tətbiq edəcəyik.
Bölmə düşmənlə təmas xəttində yerləşsə də, burada hər cür sosial-məişət şəraitinin yaradılması nəzərimizdən qaçmır. Əsgərlərdən Elmar Abdullayev, Rüstəm Rüstəmov, Kazım Quluzadə və Anar Nuriyev də hər an işğalda olan torpaqlarımızı azad etməyə, bu yolda lazım gələrsə, canlarından belə keçməyə hazır olduqlarını dedilər.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

foto C.CƏFƏROVUNDUR