Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

“Vətən üçün döyüşəcəyik, qalib gələcəyik!”

Səhərdir. Üfüqdən yenicə boylanmaq istəyən Günəş yer üzünün hər tərəfini qızılı şəfəqlərinə bürüməkdədir. Səhərin bu erkən çağında bir-birinə bənzəməyən gözəl mənzərələri seyr edə-edə ön xəttə - zabit və əsgərlərimizin yanına gedirik.
Ön xətdəyik. Əvvəlki illərdə də burada dəfələrlə olmuş hərbçilərimizlə görüşmüşdük. İndi bu yerlər əvvəlki çağlarından xeyli fərqlənir. Hər yer təzədən tikilib, hər şey yenidən qurulub, hər tərəf abadlaşdırılıb. Şəxsi heyətin xidmət aparması, qidalanması və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Səliqə ilə salınmış çəmənlik, bir xətt boyunca əkilmiş ağac və gül kolları Günəşin qızmar şəfəqləri altında daha gözəl, daha əsrarəngiz görsənir. Xidmət etmək həm zabitlərimiz, həm də əsgərlərimiz üçün qürurludur. Deməli, müqəddəsdir.
- Zabit və əsgərlərimiz torpaqlarımızın müdafiəsində daim ayıq-sayıq dayanır, - deyə zabit Elvin Cəfərov söhbətə başlayır. - Ərazilərimizin düşmənə nifrətini kükrədir. Əsgərlərimiz işğalı sonlandırmaq amalıyla xidmət edirlər. Doğma ocaqlarımızın düşməndən azad edilməsi bu gün biz hərbçilərin qarşısında dayanan ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifəni Ali Baş Komandanın döyüş əmri ilə yerinə yetirəcəyik. Bölməmizin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak edib. Bu uğurlu əks-hücum zamanı zabit və əsgərlərimiz illərdən bəri alınmaz qala hesab edilən Lələtəpə yüksəkliyini erməni qəsbkarlarından azad etdilər. Güc və qüdrətlərinin ermənilərdən qat-qat yüksək olduğunu dünyaya göstərdilər. Zabit və əsgərlərimiz bu gün sələflərinin döyüş yollarını davam etdirəcəklər. Şəxsi heyət yaxşı bilir ki, qarşıdakı döyüşlərdə də qələbə qazanacaqlar.
Yolumuz irili-xırdalı, bir-birinə bənzəməyən dərələrin arasından keçir. Keçib getdiyimiz yerləri bizə göstərən zabit Həşim Həşimov böyük sevgi ilə deyir ki, Aprel döyüşlərində ordumuzun şəxsi heyəti rəşadət nümayiş etdirdi. “Bu savaşda fəal iştirak edən zabit və əsgərlərimiz cəsarət və hünərlə vuruşdular. Qələbə naminə, torpaqlarımızın azadlığı naminə vuruşdular. Vuruşdular ki, işğal olunan ərazilərimizi azad etsinlər. Azad etdilər də! Onların torpaq uğrunda tökdükləri qan hədər getmədi. Hərbçilərimiz Aprel döyüşlərində igidlikləri ilə tarix yazdılar. Bu adi tarix deyil, qəhrəmanlıq, cəsarət və hünər tarixidir. Gələcək nəsillər zaman-zaman bu tarixdən qəhrəmanlığı və igidliyi öyrənəcək, onların qəhrəmanlıq yollarını davam etdirəcəklər.
Maraqlı söhbət yolumuzu qısaldır.
Dərələr kimi yollar da bir-birinə bənzəmir. Bu bənzərsizlik, bu fərqlilik ovqatımıza ovqat qatır.
Əsgərlərin üz-gözündən igidlik və qəhrəmanlıq süzülür. Söhbətlərindən düşmənə nifrət, doğma yurdumuza sevgi və məhəbbət yağır. Ayağımız səngərə dəyəndə sanki qollarımızdakı güc artır. Səngər döyüşə gedən ən qısa yoldur. Bu yolda zəfər var, qalibiyyət var. Əsgərlərimiz qalibiyyət yolunun yolçularıdır.
- Vətən torpaqlarının hər qarışı müqəddəsdir. Müqəddəs olduğuna görə də onu göz bəbəyimiz kimi qoruyuruq, - deyə gizir Elnur Aslanov söhbətə başlayır. - Vətən qorunanda Vətən olur. Torpaq qorunanda ora düşmən ayağı dəymir. Səngərdən erməni işğalında olan torpaqlarımıza baxdıqca ürəyimiz intiqam hissi ilə döyünür. Sanki o torpaqlar dil açıb bizi səsləyir. Biz hərbçilər bu çağırışa səs verərək Vətən torpaqlarını azad edəcəyik. İşğal olunmuş bütün ərazilərimiz yolumuzu gözləyir. Bu, çox müqəddəs bir yoldur. Bu yol bizi qələbəyə aparır. Qürur hissi keçirirəm ki, mən də bu yolun yolçusuyam. Biz düşməndən qat-qat güclü və qüdrətliyik. Döyüş hazırlığımız, peşəkarlığımız da yüksək səviyyədədir. Biz güclüyük. Qarşıdakı döyüşlərdə qalibiyyət bizimdir. Biz xidmətimizi bu ruhda, bu ovqatda aparırıq. Xidmətimizə böyük diqqət və məsuliyyətlə yanaşırıq. Daim düşmən mövqelərində müşahidələr aparır, işğalçıları gözdən qoymuruq. Atəşkəs rejimini pozmağa cəhd göstərən qəsbkarların qarşısı qətiyyətlə alınır.
2016-cı ilin Aprel döyüşləri də, bu ilin İyul döyüşləri də təsdiqlədi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan çox güclüdür. Bu orduların mənəvi-psixoloji hazırlığının səviyyəsini müqayisə etmək mümkün deyil.
Həmsöhbətimin fikirləri reallığı ifadə edir. Onun səmimi fikirlərini səmimiyyətlə tamamlayıram:
- İşğalçı özgə torpağında döyüşürsə, onun niyyətini alt-üst etməli olan əsgər öz torpağında döyüşür. Buna görə işğalçı mənən güclü ola bilməz. Ordumuz dünyanın ən güclü orduları sırasındadır. 2018-ci ilin yayında ordumuzun 100 illiyinə həsr olunan paradda nümayiş etdirilən silahlar istifadədə olan silahların bir hissəsidir. Düşmən dərk etməli idi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir, Ali Baş Komandanın döyüş əmri ilə bunu yerinə yetirəcəkdir. Bunu ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı təmin edəcəkdir.
Gizir inamla əsgərlərə baxır.
Əsgərlərlə görüşüb  söhbət edirik.
Əsgər Tural Səlimzadə   deyir ki, ordu sıralarına böyük həvəslə gəlib. "Ordumuz üçün uğurla başa çatan Aprel döyüşləri zamanı mən orta məktəbdə oxuyurdum. Yadıma gəlir, bu uğurlu döyüşlər cəmiyyətdə böyük coşqu ilə qarşılandı. Hər gün cəbhədən uğurlu xəbərlər alınırdı. Ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyən ermənilər ağır itkilər verərək geri çəkilirdi. İşğal edilən torpaqlarımız "rahat nəfəs alırdı." O günlərin cəbhə xəbərləri hamımızı sevindirirdi. Aprel döyüşlərindən bir neçə il keçəndən sonra hərbi xidmətə çağırıldım. Həmin günlər sevinc içində idim. Məni sevindirən o idi ki, Vətənə əsgər olmağa gedirdim. Elə ilk günlərdən böyük həvəslə silahların sirlərini öyrənməyə, döyüş vərdişlərinə yiyələnməyə başladım. İstəyirdim ki, silahlardan hədəfə dəqiq atəş açım. Məqsədim o idi ki, güllələrim hədəfdən yayınmasın. Qısa müddət ərzində istəyimə çatdım. Qismət elə gətirdi ki, mən Aprel döyüşlərində azad olunmuş ərazilərdə xidmət etməli oldum. Bu, mənim üçün ikiqat sevinc oldu. İndi hər gün qəhrəmanlıq və qalibiyyət rəmzinə çevrilmiş Lələtəpə yüksəkliyini uzaqdan da olsa salamlayıram. Sanki ondan güc alaraq qüvvətlənirəm. Döyüş təcrübəmiz yüksək olan biz əsgərlər bu gün Aprel döyüşlərinin zəfərlərini davam etdirməyə hazırıq".
Yüksək döyüş ovqatında olan əsgərlər Şahin Qəhrəmanov, Kamran Qasımov, Müşfiq Vəliyev, Əli Quliyev, Tacir Cəfərov, Əsgər Eyvazov və başqaları ordumuzun tarixinə yeni-yeni zəfərlər yazmağa hazır və qadir olduqlarını bildirirlər.
Əsgərlərlə yaddaqalan bu görüş və söhbətlər qarşıdakı döyüşlərdə Böyük Qələbələrə olan inamımızı daha da artırır. Səngərlərdə dayanan zabit və əsgərlərimizin igidliyi, cəsarəti ordumuzun artan güc və qüdrətindən xəbər verir. Əminik ki, erməni qəsbkarları heç vaxt bu artan gücün və qüdrətin qarşısında dayana bilməyəcək! Çünki zabit və əsgərlərimizin döyüş hazırlığı yüksəkdir, güclü və qüdrətlidirlər. Əsgərlərimiz Vətən uğrunda vuruşacaqlar, qalib gələcəklər.
"Vətən üçün döyüşəcəyik, qalib gələcəyik!" - deyənlərdən xoş təəssüratlarla ayrılırıq...

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"