Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir.
"Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizdə rəsmi səfərdə olmuşam, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız yoxdur. Nümayəndə heyətlərinin mübadiləsi yoxdur".
"Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək".
“Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq prioritetləri" adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.
Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.