Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

Sağlam əsgər - sağlam düşüncə və güclü iradə...

Bu gün ölkəmiz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, düşmənin təxribatının qarşısını almaq üçün  müasir və qabaqcıl silahlarla komplektləşdirilmiş güclü orduya malikdir. Ordunun gücü onun sıralarında xidmət edənlərin peşəkarlığından asılıdır. Belə ki, hərbçilərimiz bilik və bacarıqlarının artırılması ilə yanaşı, fiziki cəhətdən də güclü, çevik və cəld olmalıdırlar. Bu səbəbdən bölmələrimizdə günün nizam qaydasına uyğun olaraq səhər və axşam fiziki hazırlıq məşğələləri keçirilir. Düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birində şəxsi heyətin idmanla məşğul olmasının şahidi olduq. Hər biri idman alətlərində göstərilən elementləri mahircəsinə yerinə yetirirdi. Hərbçilərimizin arasında rəqabətin olması da gözümüzdən qaçmır.
- Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsində fiziki hazırlıq da başlıca rol oynayır, - deyə zabit Rəşad Əliyev söhbətə başladı. - Hərbçi peşəsi şərəfli və çətin peşədir. Mütəmadi olaraq nəzəri biliklərini təkmilləşdirməli, taktiki sahədə təcrübi olaraq möhkəmləndirməlisən. Döyüş meydanında, təlimlərdə verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən zaman fiziki gərginliyə və yüklənməyə məruz qalırsan. Bu cür yüklənmənin öhdəsindən isə yalnız fiziki cəhətdən güclü insan gələ bilər. Bu səbəbdən mütəmadi olaraq şəxsi heyətin fiziki hazırlığının artırılması istiqamətində işlər aparılır. Fiziki cəhətdən sağlam əsgər isə sağlam düşüncə və güclü iradə sahibidir. Həmçinin fiziki cəhətdən güclü hərbi qulluqçu qarşısına çıxan hər bir çətinliyə sinə gərməyi bacaran döyüşçü deməkdir.
Fiziki hazırlıq məşğələsinin başa çatmasından istifadə edərək, onlarla həmsöhbət oluruq. İlk olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnur Paşayev dayısı Nicat Məmmədovun Qarabağ uğrunda Gədəbəy rayonu istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirdi: “Dayımın və Vətən uğrunda şəhid olan oğullarımızın qisasını alacağıma söz vermişəm. Məqsədimə çatmaq üçün fiziki cəhətdən möhkəm olmalı idim. Bu səbəbdən uşaq vaxtlarımdan idmanla məşğul olmağa başladım. İndi çətinlik çəkmədən bütün tapşırıqları yerinə yetirirəm. Bu gün Vətən keşikçilərinin sıralarında olmağımla fəxr edirəm. Torpaqlarımızı düşməndən azad etməyincə Vətənin müdafiəsində dayanacağam".
- Komandirlərimizin köməyi ilə fiziki hazırlıq məşğələlərində dözümlülüyümüzü, çevikliyimizi, cəldliyimizi inkişaf etdiririk, - deyə əsgər Fuad Allahverdiyev söhbətə başladı. - Hərbi xidmətdən öncə boksla məşğul olmuşam. Hər dəfə rinqə birincilik əldə etmək həvəsi ilə çıxırdım. Məqsədə nail olmaq yüksək fiziki hazırlıqdan və dözümlülükdən asılıdır. Yüksək fiziki hazırlıq mütəmadi keçirilən məşqlərin hesabına əldə olunur. Bu gün hər birimizin qarşısında yalnız bir amal - işğal altında olan torpaqlarımızı düşməndən azad etmək dayanır. Bunun üçün hər an döyüşə hazır olmalıyıq. İnanıram ki, düşmənə döyüş meydanında gücümüzü göstərə biləcəyimiz gün uzaqda deyil.
Əsgər Ferland Bədəlov bildirdi ki, hərbi hissədə mütəmadi olaraq fiziki hazırlıq yarışları keçirilir. "Ordu üzrə müxtəlif idman yarışlarında mən və silahdaşlarım iştirak etmişik. Yarışlarda qazanılan qələbə yuxarı komandanlığın üzərimizdə olan əziyyətinin bəhrəsidir. Bu gün biz fiziki cəhətdən güclüyüksə, təlimlərdən üzüağ çıxırıqsa, bu komandirlərimizin sayəsindədir. Savadlı və bacarıqlı komandirlərimizin sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik".
Əsgərlərimizdən Anar Hüseynov, Zamin Kazımov, Elsəvər Namazov, Seymur Məmmədrzayev və Röyal Kərimov bildirdilər ki, hərbi hissədə idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün geniş şərait yaradılıb. Komandirlərin nəzarəti altında onlar müasir idman vasitələrindən, trenajorlardan, maneə zolaqlarından və digər vasitələrdən istifadə edirlər. Hər biri fiziki və mənəvi cəhətdən sağlam, Vətəninə və millətinə bağlı əsgər kimi formalaşıblar.
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

foto C.CƏFƏROVUNDUR