Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

“Yeməklər ləzzətli və dadlıdır”

Dövlət müstəqilliyimizin qarantı güclü ordudur. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın güclü və inkişaf etmiş ordularındandır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz gündən-günə güclənir. Yeni hərbi hissələr, obyektlər, infrastrukturlar tikilir.
"N" hərbi hissəsində gördüklərimiz deməyə əsas verir ki, müasir Azərbaycan Ordusu  günün tələbləri əsasında qurulub. Hərbi hissəyə daxil olduqda nahar vaxtı idi. Əsgərlər sıra addımları ilə yeməkxanaya daxil olurdular. Müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunan yeməkxananın girişində hərbi qulluqçuların əl-üz yumaları üçün təyin olunmuş yer, sərin və geniş yemək zalı, mənzərəli fotolar göz oxşayır. İlk olaraq yeməkxananın baş aşpazı çavuş Afaq Məmmədova ilə söhbət apardıq: “Biz yeməkləri ən son və müasir avadanlıqlarla bişiririk. Yeməklər təzə və yüksək kalorili ərzaqlardan hazırlanır. Vaxtlı-vaxtında yeməkxana dezinfeksiya olunur. Əsgərlərə öz balalarımız kimi qayğı göstəririk. Hazırladığım yeməklərə ana nəvazişi, ana sevgisi də əlavə edirik. Onlar da yeməklərdən razı olduqlarını bildirirlər. Biz onları öz övladlarımızdan ayırmırıq. Hər birimiz qürur duyuruq ki, Vətən keşikçilərinə xidmət edirik”.
Yeməkxananın baş aşpazı bugünkü naharın menyusunu xatırlatmağı da unutmadı. Naharda əsgərlərə salat, küftə, qarabaşaq, düyü, qiymə, fəslə uyğun meyvə və meyvə şirəsi veriləcəyini bildirdi.
İmkan tapıb əsgər Məhəmməd Cabbarovla da söhbət apardıq. Əsgər carı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra hərbi xidmətə çağırılıb, nümunəvi xidmət edir. O, yeməklərdən razı olduğunu bildirdi: "Əsgər yeməkxanasında bişirilən yeməklər çox ləzzətli və dadlıdır. Gündəlik tələbatı ödəyən kalorili yeməklər bizi daha da güclü edir. Nahar zalı sərin, yeməklərimiz isə isti olur".
Hərbi hissədə əsgərlər üçün yaradılan sosial-məişət şəraiti yüksək səviyyədə təşkil olunub. Onlara göstərilən diqqət və qayğı sonsuzdur. Vətən üçün, millət üçün xidmət edən hərbi qulluqçularımız belə bir hərbi hissənin, şəraitin işğal olunmuş torpaqlarımızda, Qarabağda yaradılmasını səbirsizliklə gözləyirlər.

Əli ABIYEV