Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

“Qələbəyə gedən yol yüksək döyüş hazırlığından keçir”

Səngər, özünü azərbaycanlı sayan, azərbaycançılıq məfkurəsini həyat tərzinə çevirən hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, müqəddəs bir yerdir. Bu gün Azərbaycan əsgərinin gözlərindəki qələbə ruhunu görmək istəyənlərin, əsgər həyatı, onların məişət şəraiti, komandir-əsgər münasibətləri ilə maraqlananların dəli sevdasıdır. Bəziləri üçün bu həyatı yaxından görmək əfsanə, nağıl... gəlir. Ancaq bəziləri üçün bu həyat müqəddəslik məqamı, əfsanədən, nağıldan uzaq real yaşam tərzidir.
Səngər həyatı yaşadığına, Vətən torpaqlarının müdafiəsində dayananların sırasında olduğuna görə özünü xoşbəxt sayan oğullarımızdan biri gizir Vüsal İbayevlə ön xətt bölmələrimizdən birində tanış olduq. Öyrəndik ki, gizir Vüsal İbayev artıq bir neçə ildir ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir.
 "Gözəldir Vətənim - Azərbaycan. Bu gözəlliyi vəsf edəndə belə, sanki göylərə yüksəlirəm. Vətən nə qədər gözəldirsə, ona xidmət etmək ondan da gözəldir", - deyə gizir Vüsal İbayev söhbətə başladı. - Səngərdən qarşı tərəfə - işğal olunan torpaqlarımıza baxanda, ənginliklərə nəzər yetirəndə, nadir, bənzəri olmayan gözəlliklərə əlin çatmayanda insanın ürəyi sızıldayır. Onunla köksünü doldurmaq da olmur. Bəzən özümə sual verirəm: Bir insanın ən böyük xoşbəxtliyi nədir? Bu suala bəlkə də insanlıq var olandan cavab axtarılır. Hər kəs də öz düşüncəsindən çıxış edərək bu suala cavab verir. Mənim üçün isə ən böyük xoşbəxtlik Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı azad etmək və qalan ömrümü Azərbaycanın dövlətçiliyi naminə sərf etməkdir.
Hərbi qulluqçu onu da qeyd etdi ki, ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayiət olunur. "Son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Hərbi arsenalımızda belə müasir silahların olması dediklərimizin bariz sübutudur. Aprel döyüşləri zamanı bu silahlar vasitəsilə onlarla düşmən texnikası məhv edilib. Bu da onu sübut etdi ki, Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir".
"Vətənimizin qorunması, torpaqlarımızın azad edilməsi yüksək səviyyəli döyüş hazırlığı prosesindən keçir", - deyə gizir sözünə davam etdi. - Gərgin zəhmət hesabına qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Bunun üçün ilboyu döyüş hazırlığı məşğələlərinə, döyüş atışlarına, çöl dərslərinə, təlimlərə qatılırıq. Öyrəndiklərimizin nəticəsində Aprel döyüşlərini, Günnüt zəfərini, Tovuz uğurlarını təkrarlamaq, yeni-yeni nailiyyətlər qazanmaq arzusundayıq. Artıq səngərdən Azərbaycan torpaqlarına baxmaq istəmirik. İstəyirik ki, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda Qələbə tonqalı qalayaq, üçrəngli Azərbaycan bayrağını dalğalandıraq. Hər zaman Ali Baş Komandanımızın Qarabağ məsələsində dəmir iradə nümayiş etdirməsi, xalqın qəlbinin orduyla döyünməsi onun şəxsi heyətinə mənəvi ruh verir. Bu mənəvi ruhdur bizi qaranlıqdan işığa doğru aparan. İnanırıq ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Azərbaycan Ordusunun sayəsində xalqımızı işıqlı sabahlar gözləyir. İşıqlı sabahlara doğru irəli, Azərbaycan əsgəri!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

foto Namiq PƏNAHOVUNDUR