Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırdır

Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir hərbi qulluqçu doğma Vətənini vicdanla qoruyacağına və zabit adını daim uca tutacağına təntənəli şəkildə and içib. Onlar bu andı layiqincə yerinə yetirməyə daim hazırdırlar. Zabitlərimiz də xidməti vəzifələrini uca tutur, onları böyük sevgi ilə icra edirlər.
"N" hərbi hissəsində belə zabitlərimizdən biri baş leytenant Nizami Əmiraslanovla tanış olduq. Kapitan Məhəmməd Alışov gənc zabit haqqında onu qeyd etdi ki, baş leytenant N.Əmiraslanov ilk günlərdən çalışır ki, öz xidməti ilə seçilsin, əsgər və kiçik komandir heyətinə nümunə olsun. "O, hərbi hissədə vətənpərvər, məsuliyyətli, tələbkar və daim hərbi biliyini artırmağa çalışan zabit kimi tanınır. Tabeliyində olan şəxsi heyətin daim qayğısına qalır və öz köməyini, dəstəyini onlardan əsirgəmir."
Baş leytenant Nizami Əmiraslanov "Əsgərin nizam-intizamlı, vətənpərvər, fiziki bacarıqlı və döyüş qabiliyyətli olması onun özündən asılı olduğu qədər komandirlərindən də asılıdır. Çünki zabit şəxsi heyətə nümunə olmalıdır. Onun hazırlıqlı olması, dərsin keyfiyyəti deməkdir",  - deyə söhbətə başladı. - Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldığım 7 il ərzində bizə zabit peşəsinin necə çətin, ancaq şərəfli bir peşə olduğunu öyrədiblər. Zabit kimi şəxsi heyətdən tələb edəcəyimiz hər bir şeyi bizdən tələb edirdilər.
İllərdir təcavüzkar Ermənistan tərəfindən işğal edilən torpaqlarımızı azad etmək istəyi digər hərbçilərimiz kimi Nizamini də hərbi peşəyə gətirib.
- Hələ erkən yaşlarımdan müharibənin nə demək olduğunu gözəl başa düşürdüm. Valideynlərim Qarabağ müharibəsi haqqında danışanda anlayırdım ki, ermənilər nə qədər qəddar və anti-humanistdirlər. Kiçik yaşlarımdan özümə söz vermişdim ki, böyüyəndə hərbçi kimi torpaqlarımızı nankor ermənilərin işğalından azad edəcəyəm. 2008-ci ildə atama Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaq istədiyimi bildirdim. Atam və anam fikrimi dəstəklədilər və mənimlə fəxr etdiklərini dedilər. Bu sözləri eşitmək mənim üçün xoş idi. Kiçik yaşlarımdan özümə verdiyim sözü tutdum, hərbçi oldum.
Gənc zabit onu da qeyd etdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hər an xalqımıza qələbə sevinci yaşatmağa hazırdır. "Azərbaycan Ordusu bu gün Qafqazda ən qüdrətli ordudur, dünyada güclü ordular sırasındadır. Bu nailiyyətlərə nail olmaq üçün ordumuz bir əsrlik tarixi yol keçib. Aparılan islahatlar, müasir maddi-texniki təminatla təchiz olunması, rəhbərliyin diqqət və qayğısı nəticəsində ordumuz gündən-günə daha da güclənir və qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirməyə hər an hazırdır. Aprel və Günnüt zəfərləri, Tovuz döyüşləri dediklərimizin sübutudur." Zabit fikrini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirdi: "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır."
Bu gün Vətən torpaqlarının müdafiəsində dayanan gənc zabitə müqəddəs xidmətində uğurlar dilədik, yeni zirvələri  fəth etməyi arzuladıq.

İbrahim MƏMMƏDBƏYOV