Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

“Atəş hazırlığı döyüş hazırlığının mühüm və ayrılmaz tərkib hissəsidir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin atəş hazırlığı məşğələsində iştirak etdik. Zabit Rəşad Əliyev Vətən müdafiəçilərinin döyüş hazırlığından danışaraq dedi ki, təsdiq olunmuş hazırlıq planına əsasən əsgərlərimizlə məşğələlər keçirilir.
"Günün nizam qaydasına uyğun olaraq, şəxsi heyətlə dərslər keçirilir. Hal-hazırda bölmənin şəxsi heyəti atəş hazırlığı məşğələsinə cəlb olunub. Bu gün igidlərimiz tabeliklərində olan bütün silahların sökülüb-yığılmasını öyrənirlər. Hər biri çalışır ki, ona təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənsin, ona düzgün qaydada qulluq göstərsin. Müasir dövrdə döyüş meydanında silahın rolu əvəzsizdir. Silah xüsusi qulluq tələb edir. Hər atışdan sonra silahlar təmizlənməli, silah otağına yerləşdirilməlidir. Nəzərə alsaq ki, biz döyüş mövqeyindəyik, ona ikiqat qulluq göstərilməlidir. Hərbi qulluqçular mütəmadi olaraq döyüş növbəsinə çıxırlar. Bu zaman silah tozlana bilər. Bir sözlə, silaha düzgün qaydada qulluq göstərilməsə, atəş açmaya bilər".
Vətənin keşikçiləri məşğələ rəhbərini diqqətlə dinləyir, hər biri silahı müstəqil şəkildə söküb-yığırlar. Məşğələ bitdikdən sonra şəxsi heyətlə həmsöhbət olmaq imkanı qazandıq.
Əsgər Babək Quluyev düşmənlə üzbəüz dayanmaqdan qürur hissi keçirdiyini qeyd etdi. "Ermənilər bizim əbədi və əzəli düşmənimizdir. Tarixə nəzər salsaq görərik ki, onlar "böyük Ermənistan" dövlətini yaratmaq üçün hər fürsətdən istifadə ediblər. Hər dövrdə onların bu planı puç olub. Azərbaycanın igid və qəhrəman oğulları düşmənin qarşısında sinələrini sipər ediblər. Atam da Qarabağ döyüşlərinin iştirakçısı olub. O mənə Azərbaycan igidlərinin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar haqqında çox danışıb. Bu gün onların şərəfli yolunu davam etdirmək bizim üzərimizə düşür. Qoy xalqımız nigaran qalmasın. Mübariz, Samid, Raquf, Polad, İlqar kimi qəhrəman oğulların davamçıları Vətənin müdafiəsində dayanıblar. Canımız bahasına da olsa düşmənin bütün təxribatlarının qarşısını alacağıq. Qoymarıq bir qarış torpağımız düşməndə qalsın".
- Atəş hazırlığı döyüş hazırlığının mühüm və ayrılmaz tərkib hissəsidir, - deyə əsgər Şamil Musayev söhbətə başladı. - Atəş hazırlığı zamanı ilk olaraq döyüş meydanında hədəfləri tapmaq üçün ərazilərin müxtəlif maskalanma xüsusiyyətləri öyrədilir. Tapılan hədəflər üç qrupa bölünür: gözlə görünən, işıq və səs. Hədəf kəşf olunan kimi müvafiq komandir tərəfindən onun əhəmiyyəti, xarakteri, yeri, uzaqlığı müəyyənləşdirilir və onun məhv edilməsi üzrə qərar qəbul edilir. Döyüş meydanında hədəflər tək-tək və qrup şəklində hədəflərə bölünür. Atəşin aparılması üçün silah növünün, döyüş sursatının növünün və qaydasının seçilməsi kəşf olunmuş hədəfin xarakterindən, onun yerindən və ona kimi olan məsafədən asılı olur. Bunlar öyrəndiklərimizin sadəcə kiçik bir qismidir. Nəzəri biliklərimizi atışlar və təlimlər zamanı daha da möhkəmləndiririk.
Kiçik çavuş Fərid Əzizov bildirdi ki, Vətənin keşikçilərinin sırasında dayanmaq onun uşaqlıq arzusudur. "Mən dayılarımın Qarabağ müharibəsi haqqında hekayələri ilə böyümüşəm. Onlar Vətənin dar günündə torpaqlarımızın müdafiəsinə qalxan oğullarımızdandır. Dayım ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışardı. İndi Vətəni qorumaq kimi müqəddəs vəzifə bizə tapşırılıb. Hərbi andımıza sadiq qalaraq son damla qanımıza qədər Vətənimizi qoruyacaq, işğalda olan torpaqlarımızı düşməndən azad edəcəyik. Həmin günə qədər bilik və bacarığımızı daha da təkmilləşdirəcəyik. İnanırıq ki, bizi Böyük Qələbəyə aparacaq gün uzaqda deyil. Tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə xalqımıza qələbə sevincini yaşadacağıq".
Əsgərlər Mübariz Məmmədovun, Asim Quliyevin, Xəyal Şirinovun və Səhət Həsənovun baxışlarından "Döyüş əmrinə, şəhidlərimizin qisasını almağa hazırıq!", - kəlmələri oxunurdu.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

fotolar C.CƏFƏROVUNDUR