Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Asudə vaxtımızı səmərəli keçiririk”

Dövlətimizin gündən-günə iqtisadi cəhətdən güclənməsi ordu quruculuğu prosesinə də müsbət təsir göstərir. Bu gün Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda aparılan islahatlar, müasir tələblər əsasında tikilən hərbi hissələr, arsenalımızda yer alan silah və texnikalar, ordumuzun NATO standartlarına uyğunlaşdırılması onu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğu prosesi əsas prioritet məsələdir. Bu  gün ordumuzda şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkilinə də xüsusi diqqət yetirilir.
"N" hərbi hissəsində bunun şahidi olduq. İdeoloji otaqda əsgərlərin asudə vaxtının səmərəli təşkil olunduğunu gördük. Onların bir qismi qəzet və jurnal oxuyur, digərləri şahmat və dama oynayırdılar.
Şahmatın təsir dairəsindən ayrıla bilməyən Nicat Əliyev və Əsədulla Əliyevlə söhbət etmək imkanı qazandıq. Əsgər Nicat Əliyev dedi: "Biz asudə vaxtımızı səmərəli keçiririk. Stolüstü oyunlar oynayır, hərbi vətənpərvərlik mövzusunda verilişlər izləyir, həmçinin bölmələrarası keçirilən voleybol, futbol yarışlarında iştirak edirik. Son futbol yarışında bizim komanda qalib gəldi. Yarışa qatılarkən bizim üçün əsas qalibiyyət deyil, iştirak etməkdir. Çünki Vətənin müdafiəçiləri arasında sağlam rəqabət var. İnanırıq ki, bu qalibiyyəti döyüş meydanında düşmən üzərində zəfərlə tamamlayacağıq".
Əsgər Əsədulla Əliyev isə qeyd etdi ki, hərbi formanı daşıdığı üçün qürurludur. "Qürurlayam ki, mən Azərbaycan əsgəriyəm. Vətənə xidmət edirəm. Onu deyə bilərəm ki, komandirlərimiz vaxtlı-vaxtında günün nizam qaydasına uyğun olaraq asudə vaxtımızı lazımi səviyyədə təşkil edirlər. İstirahət zamanı mütaliə etməyə daha çox üstünlük verirəm."
Maraqla qəzet oxuyan əsgərə yaxınlaşdıq. Ravi İsmayılov qeyd etdi ki, "Azərbaycan Ordusu" qəzetini maraqla oxuyur. "Ən çox ön xətdən reportajlara üstünlük verirəm.
Fiziki gücümün artırılması məqsədilə müxtəlif idman hərəkətlərini yerinə yetirirəm. Bu yolda komandirlərim köməklərini əsirgəmirlər. Mən də çalışıram ki, bizə olan etimadı doğrultmaq üçün Azərbaycan əsgəri adına layiqli xidmət edim."
Əsgərlərin sözlərindən bir daha əmin olduq ki, Vətənin müdafiəçilərinin asudə vaxtının səmərəli təşkil olunması üçün komandir heyəti əlindən gələni əsirgəmir. Asudə vaxtda mənəvi cəhətdən istirahət etmiş əsgər keçirilən məşğələləri daha dərindən mənimsəyir, növbədə ayıq-sayıq xidmət aparır.

Əli ABIYEV