Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Şəxsi heyətin fiziki cəhətdən hazırlıqlı olması vacibdir”

Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Çünki fiziki hazırlıq əsgərlərin sağlam, iradəli və dözümlü olmalarını təmin edir. Ona görə də komandirlərin qarşısında qoyulan əsas vəzifələrdən biri də Vətənin müdafiəsində dayanan oğullarımızın fiziki hazırlığına ciddi nəzarət etməkdir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığının diqqət mərkəzində saxlanıldığının canlı şahidi olduq. Komandirlərin rəhbərliyi altında keçirilən məşğələ günün nizam qaydasına uyğun olaraq, gün ərzində iki dəfə - səhər və axşam, silahlı və silahsız keçirilir. Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində burada müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın bütün növləri ilə məşğul olmasına  geniş şərait yaradır.
Məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cahandar Kazımov söhbət zamanı bildirdi ki, fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. "Əsgərlərin döyüş hazırlığının yüksəldilməsində fiziki hazırlığın mühüm rolu var. Şəxsi heyətimizin fiziki cəhətdən hazırlıqlı olması vacib şərtlərdəndir. Bu baxımdan əsgərlərin hərtərəfli hazırlığına xüsusi diqqət yetirilir. Müasir döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirmək üçün hər birimiz fiziki cəhətdən güclü olmalıyıq. Keçirilən məşğələlərin sayəsində əsgərlərimizin özünəinam və liderlik hissləri artır. Həmçinin əsgərin fərdi hazırlığı başlıca şərtdir. Əgər belə olarsa, əsgər fiziki hazırlıq məşğələsində yaxşı nəticə göstərər, uğur qazanar. Tezliklə qazanılan uğurların nəticəsi Laçında, Şuşada, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması ilə bitəcək. Bir çoxları ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olub. Hətta bəziləri respublika və beynəlxalq əhəmiyyətli yarışların iştirakçısıdır. Əsgərlərin fiziki hazırlığının artırılmasını diqqətdə saxlayırıq. İdman məşğələlərinin səmərəli keçirilməsi üçün  bütün vasitələrdən istifadə edirik".
Əsgər Tural Məmmədov bildirdi ki, keçirilən məşğələlərin köməkliyi ilə bizi qarşıda Böyük Qələbə gözləyir. “Mən və əsgər yoldaşlarımın bir məqsədi var - torpaqlarımızı işğaldan azad etmək. Buna nail olmaq və qisasımızı almaq üçün döyüş, atəş, mənəvi-psixoloji hazırlıqlarla yanaşı, fiziki hazırlığımız da yüksək səviyyədə olmalıdır. Çünki əlbəyaxa döyüşdə də düşmənə qalib gəlməliyik. İradəli, güclü olmalı, məqsədimizə çatmaq üçün fiziki hazırlıq səviyyəmizi hər gün daha da artırmalıyıq".
Əsgər Nurlan Abbasov dedi ki, fiziki hazırlıq iradəni, dözümü, gücü artırmaq üçün əsas vasitədir. Hərbi qulluqçu həm fiziki, həm də döyüş hazırlığı baxımından hər zaman yüksək səviyyədə olmalıdır ki, döyüşdə uğur əldə edə bilsin. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Qisasımız alınmalıdır. Torpaqlarımız işğaldan azad edilməlidir. Ali Baş Komandanımızın rəhbərliyi ilə bunlara nail olacağıq!"
Digər əsgərlər Famil Aslanov, Turqut Hüseynəliyev, Adəm Abışov və Fəqan Əhədzadə hərbi hissədə onlar üçün yaradılan şəraitdən, komandir heyətinin onlara göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdilər ki, Ali Baş Komandanın döyüş əmrilə torpaqlarımızı işğaldan azad edəcəklər.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"